Məhkəmə qərarları › İş №2(103)-9256/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9256/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9256/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdeh «Azərişıq ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “əmrin ləğv edilməsi, işə bərpa, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3557/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair sonuncunun K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməsi, 13 aprel 2021-ci il tarixdən qərar icra edilən müddətdək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və "xxxx" ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, uzun müddət işlədiyi "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsində heç bir nöqsana yol verməmiş, öz əmək funksiyalarını vicdanla və məsuliyyətlə yerinə yetirmişdir. 2021-ci il mart ayında "xxxx" ASC-nin baş idarəsinə çağırılan iddiaçıya işində kobud pozuntulara yol verdiyi bildirilmiş, o, həmin pozuntuların nədən ibarət olmasını soruşduqda isə bildirilmişdir ki, Zirə ETSİ-də Enerji təchizatı idarəsində nəzarətçisi işləyən qohumu X5 ciddi pozuntulara yol vermişdir. Halbuki, iddiaçının işlədiyi idarənin A.Əmirovun işlədiyi idarə ilə heç bir əlaqəsi yoxdur. Bununla belə "xxxx" ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Enerji Alışı və Balans İdarəsinin rəisi M.Orucovun 29.03.2021-ci il tarixli, d/01-7/2156 saylı təqdimatı və Səhmdar Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin razılıq məktubu göstərilmişdir. Lakin "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi yaranmış vəziyyətlə maraqlanmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3557/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilmiş, İddiaçı 13 aprel 2021-ci il tarixdən başlayaraq işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, cavabdeh "xxxx" ASCdən mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3557/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC apellysiya şikayəti vermişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Zirə ETSİ-nin Enerji Alışı və Balans İdarəsinin Balans bölməsinin rəhbəri İddiaçı vəzifə öhdəlikləri üzrə verilmiş tapşırıqların icra olunmasında öz işini təşkil edə bilməməsi, xidməti vəzifələrin icrasına laqeyidlik göstərməsi nəticəsində "xxxx" ASC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 13. 04. 2021-ci ildə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 23.06.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin K/21-01620 saylı, 13 aprel 2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans və itkilərin araşdırılması şöbəsinin (Zirə ETSİ üzrə) balans bölməsinin rəhbəri vəzifəsinə bərpa edilmiş, bununla da Əmək Məcəlləsinin müvafiq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı, onun nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iş üzrə sübutların hərtərəfli araşdırılması nəticəsində işin faktiki halları düzgün müəyyən edilərək müəyyən edilən hallara maddi hüquq normalarının düzgün tətbiq edilmiş, qanuni və ədalətli qərar qəbul edilmişdir. Ona görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. "xxxx" ASC apellyasiya şikayətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması ilə bağlı ona istinad etmişdir ki, "xxxx" ASC-nin Zirə ETSİ-nin Enerji Alışı və Balans İdarəsinin Balans bölməsinin rəhbəri İddiaçı 2021-ci ilin mart ayında vəzifə öhdəlikləri üzrə verilmiş tapşırıqların icra olunmasında öz işini təşkil edə bilməməsi, xidməti vəzifələrin icrasına laqeyidlik göstərməsi nəticəsində "xxxx" ASC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğuna görə"xxxx" ASC-nin Zirə ETSİ-nin rəisi 13 mart 2021-ci ildə təqdimatla Azərişıq” ASC-nin Zirə ETSİ-nin Enerji Alışı və Balans İdarəsinin Balans bölməsinin rəhbəri "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin Balans İdarəsinin rəisinə müraciət edərək İddiaçı vəzifə öhdəlikləri üzrə verilmiş tapşırıqların icra olunmasında öz işini təşkil edə bilməməsi, xidməti vəzifələrin icrasına laqeyidlik göstərməsi nəticəsində "xxxx" ASC-nin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması barədə məlumat vermişdir. Aparılmış yoxlamalar nəticəsində İddiaçı fəaliyyətində nöqsanlara yol verməsi müəyyən edilmiş və onun vəzifəsindən azad olunaraq başqa işə keçirilməsi tövsiyə edilmişdir. "xxxx"ASC-nin Satışa Nəzarət İdarəsinin rəisi tərəfindən də 05.04.2021-ci ildə təqdimatla müraciət olunmuş və onun işində yol verdiyi nöqsanlara görə barəsində tədbir görülməsi xahiş olunmuşdur. "xxxx"ASC Həmkarlar İttifaqı Komitəsinin 08.04.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində "xxxx"ASC-nin verilmiş təqdimatın təmin edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsinə X3 etiraz etməmişdir. İddiaçı vəzifəsindəN azad edilməsi Əmək Məcəlləsinin tələblərinə müvafiq olduğuna görə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 23.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar birinci insryansiya məhkəməsi tərəfindən araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi mülki işdə olan hər hansı sübutla təsdiq olunsa idi, onda əmək müqaviləsinə xitam verilməsi qanuni sayıla bilərdi. Halbuki hazırki iş üzrə cavabdeh (işəgötürən) məhkəməyə işçi tərəfindən hüquq pozuntusuna yol verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdimetməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən təqdim edilməsi zəruri hesab edilən aidiyyəti sənədlər, o cümlədən əmək müqaviləsinin təsdiq edilmiş surəti, iddiaçının vəzifə təlimatı, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edilməsi və həmin əmrin surətinin ona təqdim olunması, işəgötürən tərəfindən İddiaçı barəsində aparılmış xidməti yoxlamanın nəticələri ilə tanış edilməsi barədə məlumatlar tələb olunsa da, həmin materiallar "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən müvafiq əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas olan və işçi tərəfindən yol verilmiş pozuntu kimi sadalanılan halların (qeyribalansların araşdırılması, transformatorlar üzrə itkilərin bərpası, abonent bağlantılarının normal icrasının təşkili və.s) İddiaçı əmək funksiyasına aid olması sübuta yetirilməmişdir. Belə ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi başa düşülür. Başqa sözlə, cavabdeh "xxxx" ASC İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyini bildirsə də, iddiaçının həmin öhdəliklərin icrası üzrə məsuliyyət daşımasına dair hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" ASC-nin K/21-01620 nömrəli 13.04.2021-ci il tarixli əmri əsassız olduğundan ləğv edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Çünki bu əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi faktı barədə işçinin sübut etməsi onun imkanı xaricindədir. Əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü tərəf işəgötürəndir və müvafiq faktlarla bağlı sənədlər işəgötürən tərəfindən rəsmiləşdirildiyi üçün bütün sübutlar işəgötürəndə olur. Lakin məhkəmə araşdırması zamanı cavabdehdən iddiaçının sübutların təmin edilməsi ərizəsi ilə müfaviq qərardad verilsə də, bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim olunmamış, göstərilən əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətləri müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Sözügedən Məcllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd edir ki, işçi işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, işçiyə heç bir xəbərdarlıq və ya töhmət verilmədən, hətta onun izahatı alınmadan onun barəsində birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsini, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsini tətbiq etməsi ədalətli hesab oluna bilməz. Çünki, Əmək Məcəlləsinin 203-cü maddəsinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Göstərilən maddədə qeyd edildiyi kimi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunverciliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsiri dərəcəsini müəyyənləşdirmək üçün işçi yoxlamanın nəticələri ilə tanış edilməli və işçidən yazılı izahat alınmalıdır. Lakin araşdırılan məsələyə dair işçi İddiaçı izahatı alınmamışdır. Halbuki işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: 1) xəta faktını təsbit edir; 2) işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; 3) xətanın aşkar olunduğu tarixi təsbit edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozması halı öz təsdiqini tapmadığından, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə müvafiq əmr qanuni hesab edilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Ona görə apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin iş üzrə 2(006)-3557/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar