Məhkəmə qərarları › İş №2(103)-9258/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9258/2021

30.11.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9258/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanətlərinin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08.05.2015ci il tarixli, 129056/08/05/02 №-li Bank əmanəti müqaviləsinə əsasən əmanətə qoyulmuş 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin məbləğə illik 4,25% hesablanmış faizlərin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, onunla "xxxx" ASC arasında bağlanmış 08.05.2015-ci il tarixli, 129056/08/05/02 №-li Bank əmanəti müqaviləsinə əsasən əmanətə qoyulmuş 10 000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə 08 may 2017-ci il tarixdən 07 may 2019-cu il tarixinədək olan dövr üçün illik 7% (yeddi faiz) dərəcəsilə hesablanmış 1 342 (bir min üç yüz qırx iki) ABŞ dolları və 08 may 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixindək olan dövr üçün illik 4,25% dərəcəsilə hesablanmış 787 ABŞ dolları məbləğində faizlərin, cəmi 12.129 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 08.05.2015-ci il tarixli, 129056/0803/02 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının "xxxx" ASC-yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 413 (dörd yüz on üç) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.413 (on min dörd yüz on üç) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru X5 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru X5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərdən yalnız iddiaçının tədqim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 01 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. 01.07.2019-cu il tarixindən etibarən üzv banklarda qəbul edilən illik əmanətlər üzrə qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddində dəyişiklik edilmiş milli valyutada 10 %, xarici valyutada isə üzrə 2,5 % müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri dairəsinə düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, qanunun müddəası iki hissədən ibarətdir. Yəni, əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Hesab etsək ki, əmanətçi tərəfindən belə müraciət var, lakin müqavilədə müvafiq dəyişiklik edilməyibsə bu halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Qanun tələbinə görə yalnız hər iki şərtə əməl olunduqdan sonra əmanət qorunan hesab edilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1,3-cü maddə). Hazırki iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiyindən də göründüyü kimi əmanət müqaviləsi 2019-cu ildə illik 4,25 faiz olmaq şərtilə prolonqasiya edilərək uzadılmışdır. Və şəxsində həmin prolonqasiyaya etiraz etməsini sübut edən hər-hansı sübut materiala əlavə edilməmişdir. Belə ki, əmanət 2015-ci ildə Banka yerləşdirildiyi zaman qorunan əmanət statusunda olmuşdur. 24 aylıq müddət bitdikdən sonra əmanət yenə də 2017-ci il tarixində prolonqasiya edilmişdir. 2017-ci il tarixindəki prolonqasiyadan sonra 2019-cu il tarixində müqavilənin müddəti bitmiş və iddiaçının özüylə razılaşdırmaq şərti ilə əmanət yenidən illik 4,25 faiz olmaq şərtilə proqolonqasiya edilmişdir. İddiaçı tərəfin müqavilənin bu şərtlə uzadılmasından məlumatı olub razılıq verdiyi iddia ərizəsindən aşkar surətdə görünür. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir. Məhkəmə Qətnamədə "xxxx" ASC ilə əmanətçi arasında illik 12 % dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlandığını qeyd etsə də, qanunvericilik normalarına əsasən müvafiq əmanətin qorunan əmənət hesab olunduğuna dair qənaətə gəlsə də, heç bir əsas gətirmədən iddianı qismən təmin etmişdir. Halbuki, iddiaçı tərəfindən 08 may 2017-ci il tarixdən 19 mart 2021-ci il tarixinədək olan müddət ərzində müvafiq dövrlər üzrə kompensasiya edilməsini tələb olunan faiz dərəcəsi 12%-i keçməmiş, əksinə Bankın elan etdiyi şərtlərə və tərəflərin faktiki münasibətlərinə uyğun olaraq ildən ilə azaldılmışdır. Məhkəmə iddianın rədd edilmiş hissələri üzrə istinad etdiyi normaları göstərməmiş, həmin hissələrə dair gəldiyi qənaətin nəyə əsaslandığını şərh etməmişdir. Məhkəmə tərəfindən prosessual hüquq norması pozulmuşdur. Onunla Bank arasında bağlanmış Əmanət müqaviləsi üzrə yerləşdirilmiş əmanət, qorunmayan əmanət hesab olunması üçün müəyyən edilmiş meyarların heç birinə uyğun gəlmir. Əksinə, cəlb edildiyi (Banka yerləşdirildiyi) gündə Əmanət müqaviləsinin 9.6-cı bəndin “f” yarımbəndində göstərilmiş faiz dərəcəsini aşmadığına görə tam həcmdə qorunan əmanət hesab olunmalıdır. Bu eyni ilə əmanətin yerləşdirildiyi (Bank tərəfindən cəlb edilidyi) tarixdən sonrakı dövrlər üzrə kompensasiya olunmasını tələb etdiyi faizlərə münasibətdə də keçərlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyev tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyevin apelyasiya şikayətinin dəlillərinə üyğun çıxış edərək, verdikləri apelyasiya şikayətinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və İddiaçı apelyasiya şikayətinin dəlillərinə üyğun çıxış edərək, İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyev tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyev apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" ASC-nin “Yeni Həyat” filialı ilə əmanətçi İddiaçı arasında bağlanmış 129056/0803/02 saylı, 08 may 2015-ci il tarixli bank əmanəti müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 10.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Bank əmanətçiyə illik 12 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti 24 aydır.(İ.vər. 6 - 7) İş materialları ilə müəyyən olunur ki, İddiaçı Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında illik 12% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmış və bu səbəbdən İddiaçı 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “08 may 2017-ci il tarixdən 07 may 2019-cu il tarixinədək olan dövr üçün illik 7% (yeddi faiz) dərəcəsi ilə hesablanmış 1.342 ABŞ dolları və 08 may 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixindək olan dövr üçün illik 4,25% dərəcəsi ilə hesablanmış 787 ABŞ dolları məbləğində faizlərin, cəmi 12.129 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması” hissəsində qismən təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı banka qoyduğu əmanət üzrə məbləğ 17.702,10 manat təşkil edir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı banka qoyduğu 10.000 ABŞ dolları əmanətə hesablanmalı olan məbləğ 413 ABŞ dolları məbləğini təşkil edir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin iddia tələbinin tam təmin edilməsi barədə dəlilini əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyevin də apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassızdır. Belə ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyev apelyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Həmçinin İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru Tural Piriyev apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq tərəflərin təqdim etdikləri sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, tərəflərin apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətləri faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdirlər. Buna görə də apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun icraçı detektoru X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar