Məhkəmə qərarları › İş №2(103)-926/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-926/2023

15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-926/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı RzayevaSona Xanağa qızının Cavabdeh qarşı iş üzrə (Açar sözlər:nikahın etibarsızlığı ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. Nikahları lap əvvəldən həqiqi olmamışdır. Cavabdeh özü də dəfələrlə bunu dilə gətirmişdir ki, “anama hayan almışam səni, anam üçün almışam səni”. Cavabdeh evlənmək istəməmiş və toyu da ləğv etdirmək istəmişdir, lakin anasının məcburiyyəti ilə evlənmişdir. Bu məsələ bütün ətrafdakılara məlumdur. Həmçinin, cavabdeh nevroloji xəstə olduğundan tərəflər arasında nikahdan sonra intim münasibətlər də olmamışdır. Cavabdehin anası bunu bildirməyə imkan verməmiş, guya oğlu ilə bir-birilərinə öyrəşəcəklərini, oğlunu müalicə etdirəcəyini bildirmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4321/22 saylı iş üzrə 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ailə qurmaq niyyəti ilə tərəflərin toy mərasimi keçirilmiş, iddiaçı gəlin gedəcəyi evə cehiz əşyalarını aparmışdır. İddiaçı üç ilə yaxın müddət ərzində cavabdehin evində onun arvadı kimi yaşamışdır. İddiaçının cavabdehlə rəsmi nikaha daxil olarkən ailə qurmaqdan başqa bir məqsədinin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0, 13.7, 25.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçını aldatması, fiziki imkansızlığını gizlətməsi və iddiaçının nəticədə əhəmiyyətli yanılma şəratində nikaha girməsi faktına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehin özünün mövqeyinin öyrənilməməsi və əlavə şahidlərin dindirilməməsi nəticəsində məhkəmə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində Ailə Məcəlləsinin 10, 12, 13.7-ci maddələrinə istinad olunmuşdur. Göstərilən maddələr o əsasla düzgün tətbiq olunmamışdır ki, həmin maddələrin iddia tələbində qoyulan hallara heç bir aidiyyəti yoxdur. Belə ki, iddia tələbi aldatma, əhəmiyyətli yanılma ilə nikaha daxil olma səbəbindən nikahın etibarsızlığı barədədir. Qətnamədə istinad olunan 10, 12, 13.7-ci maddələr isə digər əsaslarla nikahın etibarsızlığı barədədir. İddia tələbinin mahiyyətinə aidiyyəti olmayan ailə qanunvericiliyinin hər hansı maddələrinə iddianın təmin edilməməsi əsası kimi istinad yolverilməzdir. Məhkəmə öz qətnaməsində Ailə Məcəlləsinin 25.1-ci maddəsini də düzgün tətbiq edə bilməmişdir. Və digər tərəfdən iddia ərizəsində istinad olunmuş Ailə Məcəlləsinin 26.1.3cümaddəsinə isə qətnamədə münasibət bildirilməmişdir. Aydındır ki, hazırki iş ailə mübahisəsidir və elə bir hallarla bağlıdır ki, cavabdeh tərəfin mövqeyi açıqlanmadan qətnamə qəbul edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 12.Maddə 25.1. Həmin Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 13.Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 14.Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Apellyasiya baxışının hədləri 15.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 16.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 17.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 18.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 19.Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25-ci maddəsinə görə isə, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 20.Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. 21.İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə 24 avqust 2018-ci il tarixdə rəsmi nikah bağlayaraq qeydə aldırmış və ailə qurmuş, iddiaçı isə nikahın qeydə alındığı vaxtdan 3 il 9 ay keçdikdən sonra ailə qurmaq niyyətinin olmamasının aşkara çıxmasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir. 22.Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Göstərilən hallar isə nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir. Çünki qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. Belə ki, iddiaçı cehiz əşyaları ilə birgə cavabdehin yaşadığı evə gəlin köçmüş, toy mərasimi keçirilmiş, iddiaçı 3 ildən artıq müddət keçdikdən sonra nikahın etibarsızlığını məhkəmə qaydasında tələb etmişdir. 23.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 24.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 25.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 26.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 29 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar