Məhkəmə qərarları › İş №2(103)-9278/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9278/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9278/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıyev X1 Arzu Namik oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 2019-cu ildə ayrı-ayrı vaxtlarda ondan ümumilikdə 7200 manat pul aldığını, həmin puldan 6570 manatının ödənilməmiş qaldığını, dəfələrlə pulunun qaytarılmasını tələb etsə də cavabdehin müxtəlif bəhanələrlə bundan yayındığını bildirmiş, buna görə də cavabdehdən 6570 manat borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 6600 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş edən cavabdeh, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, maddi-prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürməklə şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini hədə-qorxu və təzyiq altında etiraf etməsini nəzərə almamış, iddiaçıdan aldığı 7200 manatı tam şəkildə geri qaytarmış olmasına əhəmiyyət verməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış apellyator (cavabdeh) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı etiraf edərək iddiaçıdan aldığı 7200 manat puldan ayrı-ayrı vaxtlarda 580 manat və 50 manat qaytardığını, iddiaçıya 6570 manat borcunun qaldığını və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, birinci instansiya məhkəməsi də məhz bu etirafa əsaslanaraq iddianı təmin etmişdir. Beləliklə, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşmüş, lakin cavabdeh onun tələbini etiraf etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Kollegiya hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən haqlı olaraq qəbul edilmişdir və apellyasiya şikayətində irəli sürülən arqumentlər formal mülahizələrdən başqa bir şey deyildir. İddiaçıdan aldığı 7200 manat pul vəsaitini tam şəkildə qaytarmış olduğuna dair cavabdehin irəli sürdüyü dəlillə bağlı isə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2766/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar