Məhkəmə qərarları › İş №2(103)-9286/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9286/2021

25.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9286/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 0045736 nömrəli əmək kitabçasının və 02.12.2019-cu il tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, İddiaçı 06.12.2018-ci il tarixdə “X1” Şirkətinə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, 16.01.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad olunmuşdur.

2. 02.12.2019-cu il tarixli əmək müqaviləsinin 1.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətli dövrə bağlanmışdır. Əmək müqaviləsinin 1.4-cü maddəsinə əsasən işin ilk 3 ayı sınaq müddəti sayılır. Sınaq müddəti ərzində istənilən tərəf müqaviləyə xitam vermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə əmək müqaviləsini ləğv edə bilər. 16 yanvar 2020-ci il tarixli əmrin surətindən görünür ki, “X1” Şirkətinə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş İddiaçı 16.01.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı “X1” Şirkətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “X1 B.V.” Azərbaycan Respublikasındakı filialı ilə arasında 02 dekabr 2019-cu il tarixdə EA1227-168593 nömrəli əmək müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndində onun müddətli olduğu, 1.3-cü bəndində 02.12.2019-cu il tarixdən 30.11.2020-ci il tarixədək qüvvədə olacağı, 1.4-cü bəndində işin ilk üç ayının işçinin sınaq müddəti sayıldığı, sınaq müddəti ərzində istənilən tərəfin müqaviləyə xitamvermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə müqaviləni ləğv edə biləcəyi təsbit olunmuşdur. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, işçi Azərbaycan Respublikası qanunvericiliyində, işəgötürənin aktlarında əks olunmuş aşağıdakı vəzifə və funksiyaları icra edir: a) avadanlıq və materialların müəyyən edilmiş vaxt çərçivəsində daşınması və çatdırılması üçün lazımi tədbirlərin görülməsini təmin edir; b) idxal, ixrac, tranzit, yola salma və nəql gömrük sənədləşmələrinin aparılması; c) müvafiq məlumatları daxil etməkdə, materialların təşkilinə aid layihə Məlumat Sisteminin idarə olunması və hazırki müqaviləyə əlavə olunmuş vəzifə və öhdəliklər (qoşma A) adlı sənədlə nəzərdə tutulmuş tələbləri vicdanla və müvafiq qaydada yerinə yetirir. Müqavilənin 12.1-ci bəndinə əsasən, müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər, 12.2-ci bəndinə əsasən işəgötürən bu əmək müqaviləsini ləğv edərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. 05 fevral 2020-ci il tarixdə telefonuna gəlmiş SMS vasitəsilə iş yerinə dəvət olunmuş, orda ona bir sənədə imza etdirilməklə əmək kitabçası geri qaytarmış və bildirilmişdir ki, əmək müqaviləsi 16 yanvar 2020-ci il tarixdə ləğv edilmişdir. Əmək kitabçasından görünür ki, o, 16 yanvar 2020-ci il tarixdə 460 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. Bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş sənədləri, o cümlədən işdən azad olunması haqqında əmr və son-haqq hesaba dair sənədlər ona rəsmi olaraq təqdim olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçini 3 gün (13.01.2020) əvvəldən xəbərdar etməklə əmək müqaviləsinə (16.01.2020) xitam vermiş, beləliklə də Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd hərəkət olmamışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09.10.2020-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında 02.12.2019-cu il tarixdə 3 ay sınaq müddəti nəzərdə tutulmaqla müddətli əmək müqaviləsi bağlanılmış, müqavilənin 1.4-cü bəndində işəgötürənin sınaq müddətində işçini bu barədə 3 gün əvvəlcədən xəbərdar etməklə əmək müqaviləsinə xitam verməsi imkanı nəzərdə tutulmuşdur. 13.01.2020-ci il tarixdə qiymətləndirici tərəfindən işçinin fəaliyyəti qiymətləndirilmiş və onun texniki bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğun olmaması barədə rəy verilmişdir. Həmin gün işəgötürən tərəfindən işçiyə onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş göndərilmiş və bundan 3 gün sonra, yəni 16.01.2020-ci il tarixli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. İşəgötürən tərəfindən qeyd olunan əsasla (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri və tərəflər arasında bağlanılmış 02.12.2019-cu il tarixli əmək müqaviləsinin şərtləri yerinə yetirilmiş, bu barədə əsaslandırılmış əmr verilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “...apellyasiya və kassasiya şikayətinin dəlilləri əmr verilərkən və ona bildiriş verilməzdən əvvəl peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinin aparılmasının təmin olunmaması, onun işdən azad olunmasına dair əmri imzalayan şəxsə verilmiş etibarnamənin müddətinin bitməsi, faktiki olaraq əmr imzalanarkən onun belə səlahiyyətinin olmaması, işəgötürənin səlahiyyətli orqanlara göndərmiş olduğu bildirişin məzmununda göstərilənlərin (müəssisədə işlərin yenidən qurulması (iddiaçı hesab edir ki, bu ixtisardır) onun işdən çıxarılmasına əsas olması, onun işdən çıxarılmasına dair əmrdə əsasın Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndi göstərilmiş olsa da, əmək kitabçasında faktiki olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin göstərilməsi ilə bağlı olmuşdur. ...İşdə olan 16 yanvar 2020-ci il tarixli əmrin surətindən görünür ki, işçinin işdən azad olunmasına dair əmr menecer/ insan resursları, təşkil və İT üzrə müdir vəzifəsində olan Nəzakət Əfəndiyeva tərəfindən imzalanmışdır. O, bu əmri 08 noyabr 2017-ci il tarixli etibarnaməyə əsaslanmaqla imzalamışdır. Etibarnamənin qüvvədə olduğu müddət göstərilməmişdir. Belə olan halda isə etibarnamənin müddətinin bir il müddəti ilə məhdudlaşması mübahisəsizdir. Mübahisələndirilən əmr isə 16 yanvar 2020-ci il tarixdə verilmiş və həmin əmrin verilməsinə əsas olan qiymətləndirmə rəyi 13 yanvar 2020-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında qiymətləndirmə rəyinin və əmrin verilməsi zamanı səlahiyyətləri müəyyən edən başqa bir etibarnamənin mövcudluğu müəyyən edilmir. Belə olan halda apellyasiya instansiya məhkəməsi faktiki olaraq ilkin olaraq qiymətləndirmə rəyini və əmri imzalayan şəxsin bunları həyata keçirməsi zamanı səlahiyyətinin olub-olmamasını yoxlamalı və bundan sonra işin digər hallarının araşdırmasını davam etdirməli idi. Bununla yanaşı iddiaçı 10.01.2020-ci il tarixdə Federiko Maiocchi tərəfindən imzalanmış məktuba istinad edərək onun işdən çıxarılması əsasının sınaq müddətində özünü doğrultmaması və ya digər əsas deyil, məhz işləmiş olduğu müəssisənin yenidən qurulması ilə bağlı olması və faktiki olaraq ixtisar olunmasını göstərir. Müəyyən edildi ki, həmin məktub 10.01.2020-ci il tarixdə imzalamış, iddiaçının qiymətləndirilməsi 13 yanvar 2020-ci ildə həyata keçirilmiş və işdən azad olunma ilə bağlı əmr isə 16 yanvar 2020-ci il tarixdə verilmişdir. İddiaçının göstərilən dəlillərinin aydınlaşdırlıması məqsədi ilə apellyasiya instansiya məhkəməsi həmin məktubla iddiaçının işdən azad olunmasına dair əmrin verilməsi ilə hər hansı bağlılığının olmasının aydınlaşdırılması zəruri olmuşdur. Digər tərəfdən iddiaçı iddia edir ki, onun işdən azad olunmasına əsas olan əmrdə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə istinad olunsa da, əmrin qeydiyyatının aparıldığı əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunmuşdur. Bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya instansiyası məhkəməsi həmin yanlışlığın texniki və ya hər hansı səbəbdən yaranmasını müəyyən etməli və həmin dəlilin aydınlaşdırılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə araşdırma aparması müəyyən edilmir”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

11. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh Şirkətin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

13. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz

14. Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

15. Maddə 53. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

16. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

17. Maddə 68.2 (d). Əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hallarda xitam verilə bilər.

18. Maddə 70 (d). Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

“Beynəlxalq xüsusi hüquq” haqqında Qanun

19. Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

20. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

21. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

22. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

23. Maddə 12. Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur.

24. Maddə 13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və filialına da şamil edilir.

25. Maddə 18. Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

36. İşin müəyyən olunan hallarına görə iddiaçı, 02.12.2019-cu il tarixdə “X1 B.V.” Şirkətinin “İnsan resursları, Təşkilat və İT üzrə müdiri Nəzakət Əfəndiyeva ilə bağladığı müddətli əmək müqaviləsi əsasında “Təchizat üzrə mütəxəssis” vəzifəsinə işə qəbul olunmuş, müqavilənin 1.3-cü bəndində onun 02.12.2019-cu il tarixindən 30.11.2020-ci il tarixinə qədər qüvvədə olacağı, 1.4-cü bəndində işin ilk 3 ayının işçinin sınaq müddəti sayıldığı və sınaq müddəti ərzində istənilən tərəfin müqaviləyə xitamvermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə müqaviləni ləğv edə biləcəyi nəzərdə tutulmuş, 13 yanvar 2020-ci il tarixdə İddiaçı “tutduğu vəzifə üzrə peşakarlıq səviyyəsi aşağı olduğu üçün sınaqdan çıxmamış hesab edildiyi və əmək müqaviləsinə 16.01.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi” məzmununda bildiriş göndərilmiş, Şirkətin 16 yanvar 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

37. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 10.01.2020-ci il tarixdə iddiaçının rəhbəri Federico Maiocchi tərəfindən aidiyyəti şəxslərə bildiriş ünvanlanmış, bildirişdə “iqtisadi məhdudiyyətlərə görə (layihənin gözlənilməz təxirə salınması) təşkilatın yenidən qurulmalı və İddiaçı kimi əməkdaşın kənarlaşdırılmalı olduğu” qeyd olunmuşdur.

38. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsas təşkil edən və 13.01.2020-ci il tarixdə tərtib olunmuş “Sınaq müddətinin qiymətləndirilməsi Forması”nda göstərilmişdir ki, iddiaçı, tabeliyində olduğu şəxsin tələblərinə uyğun olaraq verilən göstərişlərə əməl edilməsində və tapşırıqların yerinə yetirilməsində çətinliklər çəkmiş; sistemin bütün məntiqinin və əsasının dəfələrlə izah edilməsinə baxmayaraq iş sisteminin effektivliyini sorğulamış; texniki bilik və təcrübəsi Şirkətin poçt sifarişləri fəaliyyətinin həcmi ilə uyğun gəlməmiş; həddən artıq reaksiya verməklə və impulsivlik göstərməklə komandaya uyğunlaşmaqda çətinlik çəkmiş; tərcümeyi-halında təqdim etdiyi məlumatlar və əvvəlki iş təcrübəsi ilə bağlı verdiyi məlumatlarla bağlı şübhələr yaranmış, bu səbəblə əmək müqaviləsinin ləğv edilməsinə qərar verilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin sınaq müddəti müəyyənləşdirilməklə bağlanması qanunvericilikdə işəgötürənin hüququ kimi müəyyənləşdirilmiş, cavabdeh Şirkət bu hüququndan istifadə edərək iddiaçı ilə müqaviləni sınaq müddəti ilə bağlamış, sınaqdan çıxmadığını hesab etdiyi işçinin əmək müqaviləsinə xitam vermişdir.

40. Kasassiya instansiyasının, “iddiaçının işdən azad olunmasına əsas olan əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "xxxx" bəndinə istinad olunsa da, əmrin qeydiyyatının aparıldığı əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunması, bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya instansiyası məhkəməsinin həmin yanlışlığın texniki və ya hər hansı səbəbdən yaranmasını müəyyən etməli olması” göstərişi ilə bağlı kollegiya qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı göstərilən halın tamamilə texniki xəta olduğu, sənədləşmə işlərinin əsasən Azərbaycan və ingilis dillərində aparıldığı Şirkətin müvafiq əmrinin ingilis dilində olan mətnində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin göstərilməsinə baxmayaraq, Azərbaycan dilindəki mətnində səhvən 68-ci maddənin "xxxx" bəndinin qeyd olunduğu, bununla belə hər iki mətndə əmək müqaviləsinin xitamının əsası kimi “işçinin sınaqdan çıxmaması”nın göstərildiyi, eyni zamanda əmək kitabçasında və elektron informasiya sisteminə daxil edilən bildirişdə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad edildiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Şirkətin 02 noyabr 2021-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında olan 16 yanvar 2020-ci il tarixli əmrin Azərbaycan dilindəki mətnində dəyişiklik olunmuş, “Əmək Məcəlləsinin 68-ci maddəsinin” sözləri “Əmək Məcəlləsinin 70ci maddəsinin” sözləri ilə əvəz edilmişdir.

41. Kassasiya instansiyası məhkəməsinin “...apellyasiya instansiya məhkəməsi faktiki olaraq ilkin olaraq qiymətləndirmə rəyini və əmri imzalayan şəxsin bunları həyata keçirməsi zamanı səlahiyyətinin olub-olmamasını yoxlamalı və bundan sonra işin digər hallarının araşdırmasını davam etdirməli idi” mövqeyi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. İşin hallarından görünür ki, “X1 B.V” Şirkəti Niderland Krallığında təsis olunmuş hüquqi şəxsdir; hazırkı iş üzrə cavabdeh isə həmin Şirkətin Azərbaycan Respublikasındakı filialıdır.

43. İddiaçı ilə 02.12.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsini, 13.01.2020-ci il tarixli bildirişi, habelə 16.01.2020-ci il tarixli əmri Filialın adından “İnsan Resursları, Təşkilat və İT üzrə Müdir” vəzifəsində işləyən Nəzakət Əfəndiyeva imzalamışdır – adı çəkilən şəxsin müvafiq səlahiyyətlərə sahib olduğunu əks etdirən etibarnamə isə 08 noyabr 2017-ci il tarixdə Amsterdamda (Hollandiya) verilməklə etibarnamənin qüvvədə olma tarixli göstərilməmişdir.

44. Yuxarıda qeyd olunduğu kimi, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 18-ci maddəsi etibarnamənin formasının və qüvvədə olması müddətinin onun verildiyi ölkənin hüququ ilə müəyyən olunacağını təsbit edir. Bu səbəblə məhkəmə kollegiyası, təkrar apellyasiya baxışı zamanı Hollandiya Mülki Məcəlləsinin mətnini əldə edərək (müvafiq mətn internet resursları vasitəsilə əldə olunmuş, eyni zamanda cavabdeh Şirkət tərəfindən məhkəməyə təqdim edilmişdir) onu tədqiq etmiş, həmin Məcəllənin etibarnamə ilə bağlı bölməsində etibarnamənin qüvvəsinə etibarnamədə qüvvədə olma müddətinin göstərilməməsi əsası ilə xitam verilməsi məzmununda müddəanın olmadığını müəyyən etmişdir.

45. Həmçinin nəzərə alınmalıdır ki, əgər Nəzakət Əfəndiyevanın səlahiyyətsiz şəxs olduğu nəticəsinə gəlinərsə, o zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinin də etibarsız (bağlanmamış) əqd olduğu qəbul edilməlidir; halbuki tərəflər, iddiaçının həmin əmək müqaviləsi əsasında müvafiq dövr ərzində cavabdeh Şirkətlə əmək münasibətində olduğunu və vəzifəsini icra etdiyini mübahisələndirmirlər.

46. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-952/2020 saylı iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar