Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-929/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh A.Babayev arasında bağlanmış 08.05.2014-cü il tarixli, 1-/BİZ-1-0436-14 №-li “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 26.467,46 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 11.026,69 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 5.189,38 ABŞ dolları, cəmi isə 42.683,53 ABŞ dolları borcun, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin – 30 manat məbləğində pulun tutulması; tələbin ipoteka predmetinə - iş üzrə digər Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4090/94-də yerləşən 2/6 №-li evin 7-ci mənzilə yönəldilməsi; ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi; satışından əldə oluna biləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması; mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; Cavabdeh2 mənzildən çıxarılması; mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 08.05.2014-cü il tarixli “Bank Hesab, Kredit və Zaminlik müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 40.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin ödənilməsinin təminatı olaraq, iş üzrə digər Cavabdeh2 özünə məxsus mənzili yuxarıda qeyd edilən müqaviləyə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə cavabdehlər arasında “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş – Banka olan borcunu tam ödəməmişdir. Nəticədə, onun, Banka əsas kredit borcu üzrə 26.467,46 ABŞ dolları, faiz borcu üzrə 11.026,69 ABŞ dolları, cərimə borcu üzrə 5.189,38 ABŞ dolları, cəmi 42.683,53 ABŞ dolları borcu yaranmışdır. Bank, borcun ödənilməsini Cavabdeh1 dəfələrlə tələb etsə də o borcu ödəməmişdir. Bu səbəbdən, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat, habelə tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün 30 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.08.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcu üzrə 24.835,63 ABŞ dolları, faiz borcu üzrə 6.704,40 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 31.640,03 ABŞ dolları (ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun Cavabdeh1 tutularaq Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini; mənzilin açıq hərracdan satılmasını; mənzilin ilkin satış qiymətinin 63.000 manat məbləğində müəyyən edilməsini, mənzilin satışından əldə oluna biləcək vəsait hesabına borcun ödənilməsini; borc ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh2 ödənilməsini; qalan hissədə iddianın təmin edilməməsini; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın cavabdehlərdən dövlət nəfinə tutulmasını qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və borcun iddia ərizəsində qeyd edilən tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin olunmayan hissəsində Rayon Məhkəməsi maddi hüquq normalarını pozmuş, əsas, faiz və cərimə borcunun məbləğini azaltmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1 də öz növbəsində qətnamədən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tutulması qət edilmiş faiz borcunun məbləği hesablanarkən yalnız müqavilə müddəti nəzərə alınmalı olduğu halda, Bankın müəyyən etdiyi faiz borcu həm müqavilə müddətini, həm də müqavilə müddəti başa çatdıqdan sonrakı dövrü əhatə edir. Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdir. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışında iştirak edərək Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Bankın apellyasiya şikayətini müdafiə edərək bu şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasına gəlməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı bildirir ki, apellyasiya şikayəti vermiş iddiaçı Bank və Cavabdeh1 qətnaməni yalnız borc məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirmişlər. İş üzrə digər cavabdeh (ipoteka qoyan) Cavabdeh2 isə qətnamədən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin, yəni tələbin ipoteka predmetinə yönəldilməsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Bankın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəbbə pulunun müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki işin materiallarından görünür ki, iddiaçı Bank ilə borc alan Cavabdeh1 arasında 08.05.2014-cü il tarixdə bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 40.800 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, Cavabdeh1 Banka 02.03.2018-ci il tarixədək əsas kredit borcu 26.467,46 ABŞ dolları, faiz borcu 11.026,69 ABŞ dolları təşkil edir. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 5.189,38 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablanmışdır. Bank borcun ödənilməsi ilə bağlı Cavabdeh1 xəbərdarlıq məktubu göndərmişdir. İşin müəyyən edilmiş hallarından müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan əsas kredit və faiz borcunu ödəməmişdir. İşə baxmış Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə hesab etmişdir ki, cavabdeh tərəfdən Bankın xeyrinə tutulmalı olan borcun məbləği aşağıdakı kimidir: əsas borc - 24.835,63 ABŞ dolları, faiz borcu - 6.704,40 ABŞ dolları, cərimə borcu - 100 ABŞ dolları. Rayon Məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş iddiaçı Bank, bildirir ki, Rayon Məhkəməsi borc məbləğini azaltmaqla haqlı olmamışdır; cavabdehin kredit borcunun məbləğləri iddia ərizəsində göstərildiyi kimidir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, iddiaçı Bank tərəfindən ondan tutulması tələb olunan faiz borcun məbləği “Kredit müqaviləsinin” şərtlərinə uyğun gəlmir – faiz borcu müqavilə müddətindən sonrakı dövr üçün də hesablanmışdır. Bununla bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 08.01.2019-cu il tarixli, 18109 №-li ekspert rəyi alınmışdır. Həmin rəyə əsasən borcalanın 08.05.2017-ci il tarixə Banka olan cəmi borcu 31.540,03 ABŞ dolları, o cümlədən əsas borcu 24.835,63 ABŞ dolları, faiz borcu 6.704,40 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspertin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Bank, bildirir ki, işə Rayon Məhkəməsində baxılması zamanı Bankın nümayəndəsi tərəfindən rəyə aydınlıq gətirilməsi üçün ekspertin məhkəmə iclasına dəvət edilməsi və ya iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi barədə verdiyi vəsatətlər təmin edilməmişdir. Odur ki, hazırki mübahisənin ədalətli həlli üçün həmin vəsatətlər işə apellyasiya qaydasında baxılması zamanı öz həllini tapmalıdır. Məhkəmə bildirir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 371-ci maddəsinin tələbinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin sözügedən ekspert rəyi Rayon Məhkəməsinə daxil olduqdan sonra təyin edilmiş məhkəmə iclaslarında iştirak edən iddiaçı Bankın nümayəndəsi rəyə etiraz etməmiş, habelə ekspertin məhkəmə iclasına dəvət edilməsi və ya iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə hər hansı formada vəsatət verməmişdir. MPM-nin tələblərinə görə, məhkəmə iclasının protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir (maddə 271.1.). İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (maddə 274.1.). Lakin iş materiallarından görünür ki, iddiaçı Bank hazırki iş üzrə keçirilmiş məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, iddiaçı məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, 08.05.2014-cü il tarixli 1-/BİZ-1-0436-14 №-li “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə 08.05.2017-ci il tarixə əsas borcun məbləği 24.835,63 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, 08.05.2014-cü il tarixli 1-/BİZ-1-0436-14 №-li “Bank hesab, kredit və zaminlik müqaviləsi” 36 ay müddətinə, yəni 08.05.2017-ci il tarixədək bağlanmışdır. Belə olan halda müəyyən edilir ki, borcalanın Banka olan 6.704,40 ABŞ dolları məbləğində faiz borcu müqavilə müddəti üçün hesablanmış borcdur. Belə olan halda müəyyən edilir ki, borcalanın Banka olan 6.704,40 ABŞ dolları məbləğində faiz borcu müqavilə müddəti üçün hesablanmış borcdur. Məhkəmə həmçinin qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM; maddə 77.1.). Cavabdeh1, ondan tutulması tələb edilən faiz borcunun şişirdilmiş olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə biləcək sübutları (heç olmasa özü tərəfindən aparılmış adi riyazi hesablamaları) məhkəmələrə təqdim etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsasızdır. Rayon Məhkəməsi, “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəliklərinə görə, əsas borc olaraq 24.835,63 ABŞ dolları, faiz borcu olaraq 6.704,40 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfdən tutularaq Banka ödənilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, cərimə borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Bank “Bank hesab, kredit və zaminlik müqaviləsinin” şərtlərini nəzərə alaraq Cavabdeh1 5.189,38 ABŞ dolları məbləğində cərimə borcu tətbiq etmiş, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi qismən təmin edərək, Cavabdeh1 tutulmalı olan cərimə borcunun məbləğini azaldaraq 100 ABŞ dolları məbləğində müəyyən etmişdir. Hazırda iddiaçı Bank bildirir ki, dəbbə pulunun məbləğini 100 ABŞ dollara azaldan Rayon Məhkəməsi yalnız cavabdeh tərəfin mənafeyini nəzərə almışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir; iddiaçı Bankın bununla bağlı apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə hesab edir ki, Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla dəbbə pulunun miqdarı əsas kredit borcunun məbləğinin 10%-i miqdarında, yəni 2.646 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu nəticə artıq formalaşmış məhkəmə təcrübəsinə də uyğundur. Şərh olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddianın dəbbə pulunun tutulması hissəsinin həlli zamanı maddi hüquq normaları pozulmuşdur. Bu isə MPM-nin 385-ci maddəsinə görə həmin hissədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı Bankın apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın dəbbə pulunun tutulması hissəsində ləğv olunmalı və həmin hissədə iddianın qismən təmin olunaraq dəbbə pulu məbləği 2.646 ABŞ dolları məbləğində müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 Mövsüm qızının apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni dəbbə pulunun tutulması və ümumi borcun müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Dəbbə pulu olaraq 2.646 (iki min altı yüz qırx altı) ABŞ dolları, cəmi isə 34.186 (otuz dörd min yüz səksən altı) ABŞ dolları 3 (üç) sent (qətnamə icra ediləcək tarix üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilsin. Dəbbə pulu ilə bağlı iddia qalan hissədə təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 24.835 (iyirmi dörd min yeddi yüz dörd) ABŞ dolları 63 (altmış üç) sent, faiz borcunun ödənilməsi məqsədi ilə 6.704 (altı min yeddi yüz dörd) ABŞ dolları 40 (qırx) sent (qətnamə icra ediləcək tarix üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-929/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-929/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver