Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9292/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Bakı şəhəri Cavabdeh4nə, Bakı şəhəri Cavabdeh5ə, Cavabdeh1 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1204/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Bakı şəhəri Cavabdeh4nə, Bakı şəhəri Cavabdeh5ə, Cavabdeh1 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 28.03.2017-ci il tarixdə rəhmətə gedən anası X5 məxsus olmuş ünvan 1 ünvanda yerləşən mənzilə onun ailə üzvləri ilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil 28.03.2017-ci il tarixdə rəhmətə gedən anası X5 məxsus olmuşdur. Mərhum anası X7, atası X11 və bacısı Cavabdeh1 uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18A, mənzil 5-də yaşamışlar. Həmin ev mülkiyyət hüququ əsasında atasına məxsusdur. Ev olduqca darısqal və şəraitsizdir. Bu səbəbdən 1 -ci qrup əlil olan anası İsmayılova Hürü 1995-ci ildə Bakı səhəri Cavabdeh5 Başçısınm sərəncamı ilə güzəştli mənzil növbəsinə dayanmışdır. ünvan 1 ünvanda yerləşən mənzil əlil kimi anasına verilmişdir. Onlar uzun müddət həmin evdə yaşamışlar.2001-ci ildə anasının adına Biləcəri qəsəbəsində, yeni yaşayış massivində ev tikmək üçün 6 sot torpaq sahəsi alaraq orada öz vəsaitləri hesabına 2 mərtəbəli ev tikmişlər. 2012-ci ildə anası ilə atası boşanmışlar, bacısı və anası ilə birlikdə Biləcəridəki həyət evinə köçüb orada yaşamışdır. Atası isə özünə məxsus evdə tək yaşayıb. 2014-cü ilin aprel ayında X3 ilə ailə qurmuş, toyları olmuşdur. İİ qrup əlildir, tək oğuldur, zəif əmək qabiliyyətlidir. 2016-ci ildə bacısı Cavabdeh1 onu və həyat yoldaşını anasına məxsus hər iki evdən çıxartmış və onlar, məcbur olub atasının hal-hazırda yaşadıqları mənzilinə köçmüşlər və indi atası onları salır eşiyə küçədə qalmaq təhlükəsi ilə üzüzədirlər. 2016-cı ildə Nərimanov rayonunda anasnın adına onlara bir otaqlı mənzil verilmişdir. Bacısı Azadə ailə qurandan sonra ailəsi ilə birlikdə həmin mənzilə köçmüşlər və hal-hazırda orada onları mənzilə buraxmadan özləri yaşayırlar o biri evi kirayəyə veriblər. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı iddia tələbini tam qanunsuz və əsassız hesab edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, iddia ərizəsində qeyd olunan bəzi rəsmi məlumatlardan başqa qalan məlumatlar tam yalandır. Belə ki, əslində iddiaçının ailə üzvləri ilə birlikdə köçmək istədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 188A saylı evin 71 saylı bir otaqlı mənzili 28.03.2017-ci il tarixdə rəhmətə gedən anaları X5 məxsus olmamışdır. Əslində həmin mənzil 2016-cı ildə gözdən 1-ci qrup əlil olan olan analarının istifadəsinə verilmişdir. Anasının xüsusi qulluğa ehtiyacı olduğundan həmin vaxtlarda anası ilə birlikdə müvəqqəti olaraq Biləcəri qəsəbəsi, Yeni məhəllədə yerləşən xalası Rənaya (anasının doğma bacısına) məxsus olan özbaşına tikilidən hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 188A saylı evin 1 otaqlı, 71 saylı mənzilinə köçmüşlər. Həmin mənzilə köçdükdən sonra o ailə qurmuş və həvat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. İlk olaraq anası ilə birlikdə qeyd olunan bir otaqlı mənzilə köçdüyükləri vaxtlardan təxminən bir il əvvəl hazırda iddiaçı olan qardaşı İddiaçı ailəsi ilə birlikdə atalarına məxsus olan və faktiki olaraq 3 otaqdan ibarət mənzilə - Bakı şəhəri, Nərimanov rayonu, TŞıxəliyev küçəsində yerləşən 18A saylı evin 5 saylı mənzilinə köçmüşdür. İddiaçı əvvəllər də həmin ünvanda qeydiyyatda olmaqla yaşamış və hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçının ailəsi ilə birlikdə yaşadığı həmin mənzil hazırda plana düşmüşdür, yaxın günlərdə söküləcəkdir və İddiaçı (ailə üzvləri ilə birlikdə), o cümlədən atası Mustafaya həmin mənzilin yerində tikilən binadan ayrı-ayrı mənzillər veriləcəkdir. Məhkəmənin nəzərinə çatdırır ki, həqiqətən də onlar anası X7, atası X11 və qardaşı Azərlə birlikdə uzun müddət xüsusi mülkiyyət hüququ əsasında ataları Mustafaya məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, TŞıxəliyev küçəsi, ev 18A, mənzil 5-də yaşamış və həmin mənzil faktiki olaraq 3 otaqdan ibarətdir. Anaları 1 -ci qrup gözdən əlil olduğundan güzəştli mənzil növbəsinə dayanmışdır. Həmin mənzildə yaşadıqları vaxtlarda tez-tez atası ilə anası arasında mübahisələr olurdu, bu səbəbdən də birlikdə yaşamaqları mümkün deyildi. Atası ilə anası 2012-ci ildə boşandıqdan sonra atası onlara - anası, ona və qardaşı Azərə həmin mənzildə yaşamağa imkan vermədi, onları oradan qovdu. Ona görə də Rəna xalası onları (bacısı Hürünü, Azəri və onu) küçələrdə qalmasınlar deyə müvəqqəti olaraq Biləcəri qəsəbəsində tikdirdiyi "özbaşına tikili" olan 2 mərtəbəli evində yaşamaqlarına icazə verdi. Onlar müvəqqəti olaraq orada yaşadı və orada yaşadıqları vaxtlarda, yəni 2014-cü ildə Azərin də toyunu orada olanda etmiş və onun ailəsini də gəlin kimi xalasının evinə gətirdilər. Bir müddət Biləcəridə yaşadıqdan sonra Azər atası ilə barışdı və müvəqqəti yaşadıqları Rəna xalasının Biləcəri qəsəbəsində olan evindən köçüb Nərimanov rayonunda olan atasının mənzilinə köçdü. Azər ailəsi ilə birlikdə hazırda da yaşadığı mənzilə köçərək atası ilə birlikdə orada yaşamağa başladı. 2016-ci ildə anasına Nərimanov rayonu ərazisində bir otaqlı mənzil verildiyi üçün Rəna xalanın evindən çıxıb anası ilə həmin mənzilə köçdülər. Anası 2017-ci ildə vəfat etdi. Hazırda həmin 1 otaqlı mənzildə o, həyat yoldaşı ilə birlikdə yaşayır. Bir daha bildirir ki, İddiaçı ona qarşı olan "mənzilə köçürülməyə dair” iddia tələbi tam qanunsuz və əsassızdır. O, ailə üzvləri ilə birlikdə uzun illərdir ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 18A saylı evin 3 otaqlı, 5 saylı mənzilində qeydiyyatda olmaqla, orada da yaşayırlar. Qeyd olunanlara əsasən belə hesab edir ki, İddiaçı ona qarşı olan "mənzilə köçürülmə tələbinə dair” iddia tələbi tam qanunsuz və əsassız olduğundan təmin edilməməli və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, mərhum anası X5 və o, İddiaçı İİ qrup əlil olmaqla ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilinə istifadə hüququnun tanınması, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilə köçürülməyi, Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilindən Cavabdeh6 istifadə hüququna xitam verilməsi və mənzildən özünəməxsus əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Bakı şəhəri Cavabdeh4, Bakı şəhəri Cavabdeh5 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilinə pasport qeydiyyatına alınmağı öhdəliyininin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(005)-1204/2021 saylı qərardadına əsasən iddia tələbi üzrə icraata "Cavabdeh6 istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və həmin mənzil pasport qeydiyyatına alınmağı öhdəliyininin qoyulması” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 -ci maddəsi ilə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1204/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, 1 otaqlı, 57,33 kv.m sahəsi olan, 71 nömrəli mənzilindən İddiaçı istifadə hüququna maneçiliyin yaradılması qadağan edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı olan doğma qardaşı İddiaçı anadan olandan hal-hazıradək atalarına məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində yerləşən 18A saylı evin 3 otaqlı, 5 saylı mənzilində qeydiyyatda olmaqla, orada da yaşayır. Hal-hazırda ailə qurmuş və ailəsi də orada yaşayır. Rəhmətlik analarına verilmiş və hazırda apellyatorun ailəsi ilə yaşadığı 1 otaqlı mənzilə heç bir ehtiyacı yoxdur. İddiaçının ona qarşı iddia qaldırmasına qərəzçilikdən başqa ad vermək olmaz. Hətta iddiaçı həmin 1 otaqlı mənzilə köçürülsə belə, birgə yaşamaqları mümkün deyildir. Hal-hazırda iddiaçının ailəsi ilə birlikdə yaşadığı mənzil söküntü zonasında olduğundan plana düşmüşdür və yaxın vaxtlarda orada onlara mənzil veriləcəkdir. Bu fakt da onu təsdiq edir ki, iddiaçının hazırda apellyatorun yaşadığı 1 otaqlı mənzilə ehtiyacı yoxdur. Əgər onun bu mənzilə ehtiyacı olsaydı, ailə qurduqdan bir müddət sonra, hələ anaları sağ ikən aldıqları 1 otaqlı mənzilə köçərdi. O, hələ müvəqqəti olaraq Biləcəri qəsəbəsində yerləşən xalaları Rənaya məxsus evdə qaldıqları vaxtlarda oradan könüllü olaraq ailəsi ilə birlikdə qeydiyyatda olduğu atalarına məxsus olan yuxarıda qeyd olunan ünvanda yerləşən 3 otaqlı mənzilə köçmüşdür. Bu barədə iddiaya qarşı verdiyi etirazında ətraflı qeyd etmişəm. İddiaçı ailəsi ilə birlikdə 3 otaqlı mənzildə yaşadığından könüllü olaraq analarına verilmiş 1 otaqlı mənzilə köçməmişdir. Belə olan halda iddia tələbinin təmin edilməsi tam qanunsuz və əsassızdır. Belə olan halda İddiaçı daimi yaşayış yeri olduğundan, anası Hürü İsmayılovaya verilmiş hazırda köçmək istədiyi 1 otaqlı mənzilə köçməkdən könüllü olaraq imtina etmiş, uşaqlıqdan yaşadığı və qeydiyyatda olduğu atasına məxsus 3 otaqlı mənzildə ailəsi ilə birlikdə yaşamağa üstünlük vermişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalı idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh6 vəkilinümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 04.12.2017-ci il tarixli, **********3 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində gözdən əlil şəxslərin imtiyazlı mənzil növbəsinə dayanmış X4 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evinin İİİ mərtəbəsində ümumi sahəsi 57.33 kv.m olan 1 otaqlı 71 nömrəli mənzil verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Cavabdeh4 Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə ünvanlanmış 04.12.2017-ci il tarixli, **********0 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində gözdən əlil şəxslərin imtiyazlı mənzil növbəsinə dayanmış X4 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evinin İİİ mərtəbəsində ümumi sahəsi 57.33 kv.m olan 1 otaqlı 71 nömrəli mənzil verilmişdir. H.B.İsmayılova 28.03.2017-ci il tarixdə vəfat etdiyindən, onunla bərabər ailə üzvləri kimi Bakı Şəhəri Cavabdeh5də mənzil növbəsinə dayanmış övladları İddiaçı və X2 həmin mənzildə daimi pasport qeydiyyatına götürülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X14 X15 08.04.2021-ci il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri, Cavabdeh5də mənzil növbəsinə dayanmış gözdən əlil X6 Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli, 132 mənzilli yaşayış evindən mənzilin verilməsi barədə cədvəldən görünür ki, X7 İ qrup əlil, ailə tərkibi 3 nəfərdən ibarətdir, 04.09.1995-ci ildə növbəyə dayanmışdır, otaq sayı 1, mənzilin sahəsi 57.33. kv.m, 3-ü mərtəbə, mənzil nömrəsi 71-dir. Ev Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmişdir. Bakı şəhəri Cavabdeh5in 09.04.2021-ci il tarixli, 1/198 saylı məktubundan görünür ki, X1 Rayon İcra Hakimiyyəti (RİH) başçısının 04.09.1995-ci il tarixli 39 No-li Sərəncamı ilə ailə tərkibi 3 nəfər olmaqla (özü, oğlu Azər və qızı Azadə) 1 -cı qrup əlil kimi yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüşdür. H.B.İsmayılovanın ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən hüquqmüəyyənedici sənədlərlə bağlı sorğunuzun həmin quruma ünvanlanması tövsiyə edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, ünvan 4, 71 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli ev 25.08.2017-ci il tarixinə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olmuş, hal-hazırda ev Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, dövlət tərəfindən əlil vətəndaşlara köçürmə əsasında verilən ictimai mənzil fonduna daxil edilmiş mənzillər özəlləşdirilə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, H.B.İsmayılova ilə bərabər ailə üzvləri kimi övladları İddiaçı və X8 Bakı Şəhəri Cavabdeh5də mənzil növbəsinə dayanmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmiş, ona görə də onun ünvan 1-ə istifadə hüquqları tanınmalı və həmin mənzilə köçürülməli, Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququna maneçiliyin yaradılmasının qadağan edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin qanunun 31.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddə əsasən, dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin məcəllənin 17.3.1-ci maddəsinə əsasən, sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Həmin məcəllənin 68.1-ci maddəsinə əsasən, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Kollegiya qeyd edir ki, mübahisəli mənzil Cavabdeh5 (RİH) başçısının 04.09.1995-ci il tarixli 39 No-li Sərəncamı ilə ailə tərkibi 3 nəfər olmaqla (özü, oğlu Azər və qızı Azadə) H.B.İsmayılovaya gözdən əlilliyi səbəbindən verilmişdir. Buna baxmayaraq, iş materialları və iddiaçının iddia tələbi ilə iddiaçını həmin mənzildə yaşaması və anası ilə birgə təsərrüfat aparması müəyyən edilmir. İddiaçını həmin mənzilə ailə üzvü kimi köçürülməsi hüququ anası H.B.İsmayılovaya məxsus olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar olmadığından, tələb rədd edilməlidir. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1204/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9292/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9292/2021
23.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver