Məhkəmə qərarları › İş №2(103)-9294/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9294/2021

15.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9294/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5469/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 05.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmiş və iddia ərizəsinə mahiyyəti üzrə baxılıb iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək iddianı təminetmə tədbiri kimi Bakı şəhəri X1 20.05.2004-cü il tarixli, 889 saylı sərəncamına əsasən İddiaçı mülkiyyətinə verilmiş və Binəqədi qəsəbəsinin hüdudları daxilində yerləşən 1-ha torpaq sahəsində cavabdeh və digər şəxslər tərəfindən hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(001)- 5469/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu X1 20.05.2004-cü il tarixli, 889 saylı Sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən İddiaçı ayrılmış 1 ha torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması cavabdeh "xxxx" ASC-yə və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh "xxxx" ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(001)-5469/2021 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)- 5469/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(001)-5469/2021 saylı qərardadı ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə təmin edilməmişdir. 25.08.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(001)-5469/2021 saylı qərardadından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5469/2021 saylı 26 avqust 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5469/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Cavabdeh "xxxx" ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(001)-5469/2021 saylı qərardadından verdiyi şikayətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X5.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 29 aprel 2005-ci il tarixli 889-İİQ nömrəli Qanununa əsasən, müvafiq ərazilər üzrə torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə aiddir. Binəqədi rayonu, X1 20.05.2004-cü il tarixli, 889 nömrəli Sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüquqları daxilində, Binəqədi qəsəbə ərazisindən İddiaçı ayrılmış 1 ha torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazi hüdudlarına daxildir. Həmin Qanundan irəli gələn tapşırıqların icra olunması məqsədi ilə "xxxx" ASC-nin sədri cənab Vüqar Əhmədov tərəfindən “yeni yarımstansiyanın tikintisi məqsədilə BinəqədiMehdiabad yolunun kənarında 120x75 metr ölçüdə torpaq sahəsinin ayrılması barədə” 20 iyul 2020-ci il tarixdə 01/11/1507 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti cənab Mikayıl İsmayılovun 24 avqust 2020-ci il tarixli SOCAR**********30490075X0486 saylı cavab məktubuna əsasən müəyyən edilmişdir ki, ayrılması təklif olunan torpaq sahəsi SOCARnin daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə əsasən neft-qaz əməliyyatının aparılması üçün “X3” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Saziş müddətinə istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Odur ki, baxılması üçün Əməliyyat Şirkətinə göndərilmişdir. Əməliyyat Şirkəti SOCAR-a ünvanladığı cavabında "xxxx" ASC-nin müraciətində qeyd olunmuş torpaq sahəsinin Kontrakt sahəsindən ayrılmasını mümkün hesab etmişdir. Tikilməsi nəzərdə tutulan yeni yarımstansiya dövlət əhəmiyyətli yolların, həmçinin dövlət əhəmiyyətli obyektlərin daima kəsintisiz elektrik enerjisi ilə təmin olunması məqsədi ilə inşa olunur. Cavabdeh "xxxx" ASC-nin şikayətində göstərdiyi hallar iş materialları ilə də təsdiq olunur. Buna görə də kollegiya hesab edir ki, ərizənin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5469/2021 saylı 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5469/2021 saylı 16 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar