Məhkəmə qərarları › İş №2(103)-9301/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9301/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9301/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1, İddiaçı Əlihüseyn qızına və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və yaşayış hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(010)-3103/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Cavabdeh1, Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına və Cavabdeh3 qarşı "mənzilə köçürülmə və yaşayış hüququnun tanınması" tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 2, 6 saylı fərdi yaşayış evinin cavabdehlər X2 və Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına məxsus olan hissəsinə köçürülməsini qət edilmişdir. Həmin qətnamədən iddiaçı X5 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1, 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, cavabdeh X3 apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil 16 iyul 2021-ci il tarixdə almış olsa da, həmin qətnamə ilə bağlı apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 18 avqust 2021-ci il tarixində verilmişdir. Həmin şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu barədə qəbzdən də görünür ki, rüsum 18 avqust 2021-ci il tarixində ödənilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsaslarını (yuxarıda qeyd olunduğu kimi müddətin ötürülməsini) yoxlamadan və bununla bağlı hər hansı prosessual hərəkətləri həyata keçirmədən onun apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit olunmuşdur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(010)- 3103/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar