Məhkəmə qərarları › İş №2(103)-9303/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9303/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9303/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Əliyev Rüfət Ramiz oğlu cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qədirov Zahir Əliağa oğlu) qarşı “mənzilə dair müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-284/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Bayramov Abbas Atakişi oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyət etdi: İddiaçı Əliyev Rüfət Ramiz oğlu cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qədirov Zahir Əliağa oğlu) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının B korpusunda, 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,8 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzillə bağlı xx xxxxxxx 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının Əliyev Rüfət Ramiz oğluna ötürülməsi, mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-284/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, sözügedən mənzillə bağlı xx xxxxxxx 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının Əliyev Rüfət Ramiz oğluna ötürülməsi, mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Z.Qədirovun mübahisə predmeti olan mənzilə dair hər hansı hüququ yoxdur, çünki həmin mənzilin sahibi hal-hazırda başqa şəxsdir. Mənzil Z.Qədirova aid olmadığından MMC mənzili onun sahibliyinə verməkdən imtina etmişdir. Z.Qədirov öz əməllərini ört-basdır etmək üçün mənzilə dair hüquqlarını iddiaçıya ötürmüşdür. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5982/17 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7812/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2419/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-284/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-284/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxs kimi Bayramov Abbas Atakişi oğlu apelyasiya şikayəti vermiş, şikayətə icra vərəqəsinin surətini əlavə edərək sözügedən mənzilin ona təhvil verilməli olduğu ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, bundan əvvəl Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə yoxlanılmış, şikayəti təmin edilməmiş və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Başqa sözlə apelyasiya instansiyası məhkəməsi sözügedən mənzillə bağlı xx xxxxxxx 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının Əliyev Rüfət Ramiz oğluna ötürülməsi, mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab etmişdir. Qüvvədə olan prosessual qanunvericilikdə isə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir. Bundan əlavə, Məhkəmə kolllegiyası qeyd edir ki, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır... Həmin işdə Konstitusiya Məhkəməsi apellyasiya məhkəməsi tərəfindən bölünməz predmetə dair artıq bir dəfə baxılmış və qanuni qüvvədə olan məhkəmə aktı olduğu halda həmin işə yenidən baxılmasının məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi baxımından yolverilməz olduğunu göstərmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Qeyd olunanlara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında apelyasiya şikayətinə münasibətdə yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-cü maddəsində apelyasiya instansiya məhkəməsinin qətnamə və qərardadlarından şikayət verə bilən şəxslərin konkret dairəsi göstərilmişdir. Belə ki, həmin maddədə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər (iddiaçı və cavabdeh), üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxlər şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu hal işə apelyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, ona görə də maraqlı şəxs Bayramov Abbas Atakişi oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və ona MPM-nin 403-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2419/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Azərbyacan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən təqdimat verilməsindən ötrü müraciət etmək hüququnun olması izah olunmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400, 402, 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Maraqlı Bayramov Abbas Atakişi oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Bayramov Abbas Atakişi oğluna Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2419/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Azərbyacan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən təqdimat verilməsindən ötrü müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar