Məhkəmə qərarları › İş №2(103)-931/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-931/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-931/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 17 iyul tarixli kredit müqaviləsi üzrə banka 36.290,91 manat əsas, 29.588,44 manat faiz, 8.525,32 manat cərimə və kredit müqaviləsi üzrə 17.07.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.869,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 77.274,27 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Rzayeva İnci Şahbaz qızına məxsus olan və faktiki olaraq Rzayeva İnci Şahbaz qızı vəfat etdikdən sonra yəni 28 yanvar 2017-ci il tarixdən Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızqnın və Cavabdeh3 sahiblik və idarə etikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən iarət 84 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Rzayeva İnci Şahbaz qızına məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan səsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Aslanov (Rzayev) Bayram Həsən oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış 21 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş nesab edilməsi, Aslanov (Rzayev) Bayram Həsən oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası üzrə mülki iş üzrə icraata Cavabdeh4 dair hissədə (iddia ərizəsi verilməmişdən əvvəl - 11 iyul 2020-ci ildə vəfat etdiyinə görə) icraata xitam verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 17.07.2014-ci il tarixli kredit müqaviləsi üzrə 36.290 (otuz altı min iki doxsan) manat, 91(doxsan bir) qəpik əsas, 26.079 (iyirmi altı min yetmiş doqquz) manat, 08 (səkkiz) qəpik faiz, 100 (yüz) manat cərimə, illik 5 (beş) faizlə hesablanmış 2.869.6 manat məbləğində əldən çıxmış fayda, cəmi 65.339 (altmış beş min üç yüz otuz doqquz) manat, 59 (əlli doqquz) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələb üzrə tutmanın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin ilkin satış qiymətinin 64.000 (altmış dörd min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə əsassız olaraq mərhum anasına məxsus evin hərraca çıxarılmasını qət etmişdir. Hazırda anası vəfat etdiyindən həmin mülk üzrə vərəsələr müəyyən edilməli idi. Məhkəmə işə baxarkən hərraca çıxarılmış evin mərhum anasına məxsus olması və mülk sahibinin hüquqi varislərinin müəyyən edilməsi məsələsini aydınlaşdırmalı idi ki, bu gələcəkə mülk mübahisəsinin yaranmasına səbəb ola bilər. Məhkəməyə müraciət etdikdən sonra atasıda vəfat etmişdir. Anasının əsas varisi atası Cavabdeh4 idi. Onun vəfatından sonra da ona aid hissədə də vərəsəlik müəyyən edilməli idi. Həmçinin qətnamə qəbul edildikdən sonra digər cavabdeh olan qardaşı Cavabdeh5 da vəfat etmişdir. Qəbul edilmiş qətnamə mərhum atasına aid hissələrdə vərəsəlik hüquqlarının həyata keçirilməsi təmin edilmədən qəbul edilmişdir. Məhkəmə öz qətnaməsində yalnız cərimə borcunu azaltmışdır. Qəbul edilmiş qətnamə yalnız bu hissədə onları qane edir. Apelyasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi hərraca çıxarılmış mülkin hüquqi varisləri müəyyən edilənə kimi işin icraatının dayandırılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməlrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili X5 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və hərraca çıxarılmış mülkin hüquqi varisləri müəyyən edilənə kimi işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə xaxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin “Lökbatan” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19-G-4-0-1089-14 saylı, 17 iyul 2014-cü il tarixli “Kredit müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" İKB ASC borcalan Cavabdeh1 illik 25 dərəcəsi ilə 60 ay müddətinə 45.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 23 - 24) İş materiallarında оlan, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin “Lökbatan” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19-G-4-0-1089-14 saylı, 17 iyul 2014-cü il tarixli müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, bоrclu Cavabdeh1 45.000 manat məbləğində əsas bоrc və 34.248,57 manat faiz məbləği оlmaqla hər ay 1.320,19 78 manat оlmaqla banka 79.248,57 manat məbləği 17.08.2014-ci il tarixdən başlayaraq 17.07.2019-cu il tarixə kimi ödəməli idi.(İ.vər. 39) İş materiallarında оlan, 17 iyul 2014-cü il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 hesabına17.07.2014cü il tarixdə 45000 manat məbləğində kredit köçürmüşdür.(İ.vər. 12) İş materiallarında оlan, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin “Lökbatan” filialı ilə Rzayeva İnci Şahbaz qızı arasında bağlanmış 19-G-4-0-1089-14 saylı, 17 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 (alıcı və ipoteka qoyan) və Rzayeva İnci Şahbaz qızı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Rzayeva İnci Şahbaz qızının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evi 2014-cü il 17 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.(İ.vər. 25 - 29) İş materiallarında оlan, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evi Rzayeva İnci Şahbaz qızının adına daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 10375 nömrəli vərəqində 17.04.2009-cu il tarixdə qeydiyyata alınmışdır.(İ.vər. 13) İş materiallarında оlan, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Rzayeva İnci Şahbaz qızının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı (Nikoyl İKB ASCnin xeyrinə yüklü edildiyi) daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin (Nikoyl İKB ASC) xeyrinə yüklü edilmiş, Rzayeva İnci Şahbaz qızı isə hüququ yüklü edilən şəxsdir.(İ.vər. 14) İş materiallarında оlan, 45 saylı, 14 iyul tarixli 2014-cü il arayışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evi Rzayeva İnci Şahbaz qızının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 həmin ünvanda daimi pasport qeydiyyatındadırlar.(İ.vər. 15) İş materiallarında оlan, Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 05 may 2017-ci il tarixdə verilmiş AZ-İ № 866917 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayeva İnci Şahbaz qızı 28 yanvar 2017-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında qeydlər kitabında 2017-ci ilin yanvar ayının 05 günündə 214 № ilə qeyd edilmişdir.(İ.vər. 27) İş materiallarında оlan, PAİHTD-13601 saylı, 12 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Yelobank ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə 45000 manat kredit verildiyini və 2014-cü il 17 iyul tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinin Nikoyl İKB ASC-nin xeyrinə yüklü edildiyi və cavabdehlərin kredit üzrə ödəməli olduğu ödənişləri yubatdığını bildirərək, kredit müqaviləsi üzrə Cavabdeh1 özc öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barəsində məhkəməyə və ya notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.(İ.vər. 18) İş materiallarında оlan, PAİHTD-13600 saylı, 12 oktyabr 2020-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir.(İ.vər. 19) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin əsas və faiz borcunun artıq hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/3117 saylı, 26.07.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınaqla, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, 17.07.2014-cü il tarixli, 19-G-4-0-1089- 14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 17.07.2019-cu il tarixə (sualda göstərilən tarixlər) banka olan əsas borcu üzrə 36.970,60 manat, faiz borcu üzrə 26.079,08 manat müəyyən edilir. (İ.vər. 102 -104) İş materiallarında оlan, 16.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 36.290,91 manat əsas, 29.588,44 manat faiz, 8.525,32 manat cərimə və kredit müqaviləsi üzrə 17.07.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.869,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 77.274,27 manat borcu vardır.(İ.vər. 11) Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 19-G-4-0-1089-14 saylı, 17 iyul 2014-cü il tarixli krеdit müqaviləsinin 1.11-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 60 ay müddətinə illik 25 % ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın “gecikdirilmiş vaxt üçün 17.07.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə 2.869,6 manat borcun tutulması” hissədə də əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin kredit müqaviləsi öhdəliklərinin icra müddətinin sonuncu günü 17.07.2019-cu il müəyyən edilmişdir. Həmin tarixdən iddiaçının tələb etdiyi 16.02.2021-ci il tarixə gecikdirmə müddəti 19 ay, 29 gün olmuşdur. Cavabdehin əsas borcunun 36.290,91 manat olduğunu nəzərə aldıqda, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əldən çıxmış faydaya görə borcun məbləği 2.869,6 manat müəyyən edilir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 2.869,6 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla əldən çıxmış faydaya görə borc tutulmalı olduğu nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin cərimə borcunun çox hesablanması ilə bağlı dəlilinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 19-G-4-0-1089-14 saylı, 17.07.2014-cü il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən bu müqavilə üzrə gecikdirilən borc məbləğinə cərimə kimi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 36 (otuz altı) % dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 19-G- 4-0-1089-14 saylı, 17.07.2014-cü il tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə uyğun olaraq əsas kredit məbləği üzrə tələb olunan 8.525,32 manat dəbbə pulunun 100 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əsas, faiz, cərimə borcunun və illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya dair hissədə gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə kоllegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə qiymətləndirdikləri 62.000 manat məbləğində müəyyən edilsə də, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini mübahisələndirildiyinə görə işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməsi tərəfindən qiymətləndirici dəvət edilərək rəy alınmışdır. Belə ki, iş materiallarında olan, “Legal Prime” Qiymətləndirmə və Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli LP-101/21 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri 69.000 (qərardadın 1-ci sualı üzrə), likvid dəyəri 63.000 manat (qərardadın 2-ci sualı üzrə) təşkil edir.Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Aərbaycan Respublikası Qanunun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyunkturasına uyğun olaraq aparılmışdır.(İ.vər. 91 - 99) Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 şifahi vəsatət verərək ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini mübahisələndirdiyinə görə iş üzrə məhkəmə tərəfindən təkrar qiymətləndirici dəvət edilərək rəy alınmışdır. Belə ki, iş materiallarında olan, Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 05.10.2021-ci il tarixli 08 nömrəli təkrar mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti təqribən 70.000 manat, likvid dəyəri isə 64.000 manat təşkil etdiyi müəyyən edilir.(İ.vər. 130 - 133) Məhkəmə kоllegiyası hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən, 4 otaqlı, 71.4 kv.m yaşayış, 121 kv.m köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evinin hazırki dövrə (05.10.2021-ci il tarixə) olan orta likvid dəyərinin 64.000 (altmış dördmin) manat həddində müəyyən edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb, apelyasiya şikayətinin ipoteka predmetinə münasibətdə vərəsələrin müəyyən edilməməsi və bu səbəbdən də tutmanın ipoteka predmetinə yönəldilməsinin qanunsuz olması barədə dəlilinə münasibətdə qeyd edir ki, kredit götürülərkən ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, hazırki iş üzrə apelyator və digər cavabdehlər ipoteka müqaviləsinin bağlanmasına və tutma yönəldikdə ipoteka predmeti olan mənzili boşaltmağa öhtəlik götürmüşdür. İpoteka predmetinin mülkiyyətçisinin ölməsi, vərəsələrin mirası qəbul etməsi, ipoteka predmetinə tutmanın yönəldilməsini istisna edən hal hesab edilə bilməz. Bu səbəbdən də apelyatorun qeyd edilən dəlili qatnamənin ləğvi üçün əsaslı hesab edilmir. Məhkəmə kollegiyası apelyatorun qətnamə qəbul edildikdən sonra iş üzrə Cavabdeh5 da öldüyünü və bu səbəbdəndə ona aid hissədə qətnamənin qanunsuz olması barədə dəlilinə münasibətdə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayır (MPM-nin 372ci maddəsi). İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsində yekun qərar qəbul edilərkən iş üzrə cavabdeh olan apelyatorun qardaşı Cavabdeh5 sağ olmuş və qətnamə də ona münasibətdə yuxarıda qeyd edilənlərə əsasən qanuni və əsaslı olmuşdur. Bu səbəbdən apelyatorun həmin dəlilidə qatnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin əsas, faiz, cərimə borcunun və illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə borcun çox hesablanması, işin hallarının tam və hərtərəfli aydınlaşdırmaması, həmçinin anası vəfat etdiyindən iş üzrə ipoteka predmeti olan əmlakın vərəsələri müəyyən edilmədiyindən, ipoteka predmetinin hüquqi varisləri müəyyən edilənə kimi işin icraatının dayandırılması barədə dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1067/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar