Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-931/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «əmlakın naturada bölünməsi və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2022 saylı, 04 oktyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseynzadə küçəsindəki ümumi sahəsi 76.43 kv.mert olan fərdi yaşayış evinə X4 və Cavabdeh ½ hissədə paylı mülkiyyət hüququ, torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla üzərində istifadə hüququ qeydə alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid torpaq sahəsinin faktiki sahəsi 0.105301 ha, tikinti altına düşən 0.01194 ha. olan torpaq sahəsi X3 və başqalarının istifadəsindədir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə X4 və Cavabdeh məxsus fərdi yaşayış evi bərabər paylar şəklində naturada bölünməsi, həmin ünvanda yerləşən tərəflərin istifadəsində olan torpaq sahəsindən ekspert rəyinə uyğun olaraq X4 və Cavabdeh arasında istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, iddiaçının valideynləri vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak onunla qardaşı oğlu X7 arasında paylı mülkiyyət şəklində 1/2 kimi bölünmüşdür. Qardaşı oğlunun ölümündən sonra onun payı vərəsəlik qaydasında atası, yəni qardaşı Kərimov X1. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət torpağı olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və istifadə hüququ əsasında onların istıfadəsindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn Dövlət reyestrindən Çıxarışla təsdiq edilir. Həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilib verilmişdir. Fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin eskiz layihəsini cavabdeh razılığla gəlmədiyi üçün tək öz vəsaiti hesabına çəkdirmişdir. Hazırda Cavabdeh ailəsində poblemlər olduğundan, habelə ona məxsus sahəyə dair təkbaşına sərəncam verməyi üçün ona məxsus payın naturada ayrılması zərurəti yaranmışdır. Özünə məxsus sahəni setka çəpər ilə ayırmışdır. Lakin cavabdeh və qızı tərəfindən hasar sökülmüşdür. Cavabdeh özünə məxsus sahədə əlavə 2 ev də tikmişdir. Ona məxsus hissəni ayırmağında özü ilə dəfələrlə danışmağına baxmayaraq buna razılıq verməmiş, mübahisələri yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən ədalətli şəkildə payınını naturada bölünməsi yaranmış problemin həlli olacaqdır.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini isə onunla əsaslandırmışdır ki, hazır ki, mülki işlə bağlı dəqiqləşmə aparılması zərurəti yaranmışdır. Belə ki, qeyd edilən ünvanda yerləşən yaşayış evi tərəflərin xüsusui mülkiyyətindədir, torpaq sahəsi isə istifadə hüququ ilə tərəflərin istifadəsindədir. Bu fakt iş materiallarına əlavə edilmiş dövlət reystrində verilmiş çıxarış ilə də təsdiq edilir. Bundan başqa iş materiallarına əlavə edilmiş “şəxsin mülkiyyət hüququ ilə texniki inventarizasiyası və qiymətləndirməyə aid” Pasportdan da görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1938- ci ildə iddiaçının anası Rəbiyə Kərimovaya verilmişdir. Həmin sənəddə torpaq sahəsinin ölçüsü 1053.01 göstərilmişdir. Qeyd edilən pasport fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədləridir. Həmçinin texniki pasportdan görünür ki, torpaq sahəsinin ölçüsü 0.1053,01 ha-dır. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin mülkiyyətində olmaqla torpaq sahəsi onların istifadəsindədir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbinin qismən təmin edilərək iddiaçı X3 və Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi; bölgü sxeminin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4358 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə uyğun olaraq, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayış evinə İddiaçıın ½ hissədə, X2 ½ (ikidə bir) hissədə olmaqla naturada ayrılması qaydasının 08/.10.2014-cü il tarixli Texniki Pasportda qeyd edilən 1 saylı yaşayış otağı və 3 saylı mətbəx tikilisi Cavabdeh, faktiki vəziyyətdə sökülmüş 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahəsinin isə iddiaçı X3 istifadəsində qalmaqla aparılması; aparılmış tədqiqatın dəyəri olaraq 100 (bir yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat hissəsinin iddiaçıya, 50 manat hissəsinin isə Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, qanunvericilik aktı normalarına əsasən, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ci il tarixli Ekspert Rəylərini əsas götürərək məhkəmə hesab edir ki, hazırki iş üzrə ünvan 2 saylı fərdi yaşayış evi tərəflərin paylarına uyğun naturada bölünməlidir. Bölgü sxemi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evi X3 ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla naturada ayrılması qaydası xx.xx.2014- cü il tarixli Texniki Pasportda qeyd olunan 1 saylı yaşayış otağı və 3 saylı mətbəxt tikilisi Cavabdeh istifadəsində, faktiki vəziyyətdə sökülmüş 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahə isə iddiaçı X3 istifadəsində qalmaqla aparılmalıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evinin ümumi sahəsi texniki səhv olaraq 46.43 kv.m kimi göstərilmişdir. Belə ki, qeyd edilən rəydə məhkəmənin ekspert qarşısına qoyulmuş sualda da ümumi sahəsi 46.43 kv.m olan evin naturada bölgüsünün hansı qaydada aparılmalı olduğu soruşulmuş olduğu qeyd edilsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə eksperiza təyin edilməsinə dair qərardadında qoyulmuş sualın məzmunu ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayış evinin İddiaçı ½ (ikidə bir) hissədə, Cavabdeh ½ (ikidə bir) hissədə olmaqla, naturada ayrılması hansı qaydada həyata keçirilməli olması qeyd edilmişdir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evinin yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evinin yerləşdiyi torpaq sahəsi yalnız tərəflərin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinə tərəflərin istifadə qaydasının müəyyən edilməsi qanunvericliyinin tələblərinə uyğun olmadığından, yəni iddia tələbinin qeyd edilən hissədə hüquqi əsası mövcud olmadığından, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı iddia ərizəsi ilə eyniməzmunda əsaslandrıdığı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
12. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni tərəflərin istifadəsində olan torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iddia tələbinin təmin edilmədiyi, yəni tərəflərin istifadəsində olan torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməməsi hissəsində düzgün olmamışdır.
20. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/6324 nömrəli rəyinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin X3 ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla, eyni zamanda istifdədə olan torpaq sahəsinin ½ hissədə natura ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkündür. Bölgü sxemi 1 vərəqdə rəyə əlavə edilmişdir.
21. Əlavə məhkəmə tikinti-texniki ekspertizanın 10/4358 saylı xx.xx.2022-ci il tarixli rəyində isə göstərilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayış evinin iddiaçı və cavabdehin faktiki istifadə etdikləri hissələrə giriş çıxışları ayrı-ayrı olduğundan, İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla naturada ayrılması qaydası xx.xx.2014-cü il tarixli Texniki Pasportda qeyd olunan 1 saylı yaşayış otağı və 3 saylı mətbəxt tikilisi cavabdehin istifadəsində faktiki vəziyyətdə sökülmüş 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahə X3 istifadəsində qalmaqla mümkündür. Bölgü zamanı tərəflərin istifadəsinə verilmiş torpaq sahəsinin 0,01059 hektar torpaq sahəsinin 529.5 kv.m hissəsi iddiaçının, 529.5 kv.m hissəsi cavabdehin istifadəsində qalacaqdır. Belə ki, xx.xx.2014-cü il tarixli Texniki Pasportda qeyd olunan 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahə, həmin sahənin önündə olan tikilinin yerləşdiyi sahə və rəyin tədqiqat hissəsində olan sxemdə ştirxlənmiş sahə kimi göstərilən sahə iddiaçının istifadəsində, Texniki Pasportda qeyd olunan 1 saylı yaşayış otağı və 3 saylı mətbəx tikilisinin yerləşdiyi sahə, rəyin tədqiqat hissəsində olan sxemdə qeyd olunan fərdi yaşayış evlərinin yerləşdiyi sahə və digər boş sahə cavabdehin istifadəsində qalacaqdır.
22. Göründüyü kimi, hər iki rəydə fərdi yaşayış evinin naturada bölgüsünün və evin bölgüsünə uyğun torpaqdan istifadə qaydalarının texniki cəhətdən mümkünlüyü öz təsdiqini tapmışdır. Torpaq sahəsi üzərində(tikinti altında olmayan) tərəflərin hər hansı bir hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasa da fərdi yaşayış evinin onlar arasında naturada bölünməsi torpaqdan istifadə qaydasının müəyyən edilməsini də zəruri edir. Çünki, tərəflər onsuzda qeyd olunan həyətyanı torpaq sahəsindən uzun illərdir ki, istifadə edir və faktiki olaraq onların sahibliyində və istifadəsindədir. Evin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən kimin istifadə edəcəyi də dəqiq olmalıdır. Əks halda evin naturada bölünməsinin əhəmiyyəti də itmiş olacaqdır. Çünki, bölünən evlərin hər birinə giriş-çıxış ayrı olacaqsa, demək evlərə aid torpaq sahəsi də ayrılmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, ekspertiza rəylərinə və evin naturada bölgüsünə uyğun tərəflər arasında torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi(istifadə etmək məqsədilə faktiki bölünməsi) onların heç də həmin torpaq sahəsi üzərində hansısa hüquqlarının, o cümlədən əmlak hüquqlarının tanınması demək deyildir. Qeyd olunduğu kimi, torpaqdan bu cür istifadə qaydasının müəyyən edilməsi məhz evin naturada bölünməsi zərurətindən irəli gəlirdi.
24. Lakin birinci instansiya məhkəməsi dövlət mülkiyyətində olan torpaq sahəsinə tərəflərin istifadə qaydasının müəyyən edilməsi qanunvericliyinin tələblərinə uyğun olmadığını, yəni iddia tələbinin qeyd edilən hissədə hüquqi əsası mövcud olmadığını əsas gətirib həmin hissədə iddianı təmin etməmişdir. Ancaq bu cür vəziyyətin iddianın təmin edilmiş hissəsinin də əhəmiyyətsiz edəcəyini nəzərə almamışdır. Qeyd olunduğu kimi bu cür vəziyyətdə tərəflər naturada bölünərək ayrıca mülkiyyətinə keçəcək evlərindən sərbəst və hər hansı bir maneçilik olmadan istifadə etmək imkanları da olmayacaqdır. Bu da onların öz mülkiyyətindən sərbəst və maneəsiz istifadə edə bilməyəcəklərinə görə mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə də iddia təmin edilərək X4 və Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən ekspert rəyləri ilə müəyyən edilmiş bölgü sxeminə uyğun istifadə qaydası müəyyən edilməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-421/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə də iddia tələbi təmin edilsin. X4 və Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən ekspert rəyləri ilə müəyyən edilmiş bölgü sxeminə uyğun istifadə qaydası müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.