Məhkəmə qərarları › İş №2(103)-931/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-931/2024

15.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-931/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi vurulmuş zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3769/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2004-cü il tarixdə Azərdənizneftinşaat trestinin Metalkonstruksiyaları zavodunun 2 saylı sexinə metal-konstruksiyaları üzrə 4-cü dərəcəli yığıcı-çilingər vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.2010-cü il tarixədək müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2010cü il tarixdən xx.xx.2010-cu il tarixədək ARDNŞ-nin Cavabdeh 4 saylı Tikinti Quraşdırma İdarəsinin Baş energetik şöbəsinin rəis müavini vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ARDNŞ-nin Cavabdeh 4 saylı Tikinti Quraşdırma İdarəsinin Energetika idarəsində 13-cü dərəcəli mühəndis vəzifəsində işləmişdir.

2. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh xx.xx.2014-cü il tarixli, 790/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin etibarsız hesab edilməsini, ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, mediasiya xidməti üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdən “Azərdənizneftinşaat” trestinin metalkonstruksiya zavodunda yığıcı-çilingər işinə qəbul olunmuşdur. Nümunəvi iş davamiyyətinə görə həmin müəssisədə 12-ci dərəcəli mühəndis energetik işinə təyin edilmişdir. 2007-ci ildə “Azərdənizneftinşaat və Qaz Neft tikinti tresti” birləşdikdən sonra həmin zavod üzrə 16-cı dərəcəli baş energetik vəzifəsinə təyin edilmiş, 2010-cu ilin may ayında Metalkonstruksiyaları zavodu ləğv edildikdən sonra “NQT” trestinin 4 saylı “TQİ”-sinə energetik şöbəsində rəis müavini, daha sonra 13 dərəcəli mühəndis energetik vəzifəsinə ştatla təyin edilmişdir. 2014-cü ilin sentyabr ayından ona bildiriş verərək ixtisarlar başladığını bildirilmişdi. Təxminən noyabr ayının əvvəlində SOCAR-ın insan resursları departamentində test imtahanı təşkil edilmiş, 40 sualdan 14nə cavab vermişdir. Onunla imtahan verən şəxslərdən 13 bal toplayan olmuş və həmin şəxs işlə təmin olunmuşdur. Həmin ilin dekabr ayında Ayxan adlı bir şəxs ona bildirmişdir ki, o, işdən azad olunubdur. O, dərhal etirazını bildirərək, Neftqaztikinti trestinə gedib orada rəhbərliklə görüşmüşdür. Orada ona, gec gəldiyini, lakin narahat olmamasını və 2 saylı “TQİ”-də mühəndis mexanik işinə təyin edəcəklərini desələr də. aldatmışlar. Əmək fəaliyyətini 2014-cü ilin dekabr ayının 10-11-nə kimi davam etdirmiş, əmək müqaviləmə isə həmin ilin noyabr ayının 28-də xitam verilmişdir. Cavabdehin rəhbərliyinə dəfələrlə müraciət edərək, bəzi sənədləri surətlərini istəmişdir. Bir gün sonra baş mühəndis-müdir əvəzi Elmirzə Adgözəlova imzası ilə 4 adda sənədin kserosurəti ona verilmişdir. Cavabdeh tərəfindən ona orta aylıq əmək haqqının azı iki misli miqdarında işdən çıxarma müavinəti verilməli idi. Burada da onun hüquqları pozulmuşdur. Məhkəmədə iddia qaldırdığı ərəfədə ona məlum olmuşdur ki, onun əmək haqqı kartı bloklanıbdır. Onun müqabilində yeni kart açılıb, işdən çıxarma müavinəti həmin karta köçürülübdür. Bu barədə ona heç bir məlumat verilməyibdir. Bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. 2-ci sənəd cavabdehin həmkarlar ittifaqı komitəsinin iclasının qərarının surəti olmuşdur. Həmin qərardan çıxarılmış protokolda iclas iştirakçılarını “NQT” trestinin 3 saylı TQİ-in rəisi Z.Kərimovun ZK-03-02/75 xx.xx.2014-cü il tarixli məktubu ilə tanış olmuşdur. Bu sualına hələ də cavab tapa bilmir ki, 4 saylı TQİ-nin işçisi olduğu halda 3 saylı TQİ-nin rəhbərliyi onun barəsində necə akt yazmaq səlahiyyətinə malik olmuşdur? Əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı, xx.xx.2014-cü cü il tarixli əmr də 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalanmışdır. İdarə rəisi Z.Kərimov, baş mühasib Ə.Qasımov, kadrlar şöbəsinin rəisi A.Yoçuyev və həmkarlar ittifaqı komitəsinin sədri E.Fərzəliyevin imzaladığı protokol saxta tərtib olunubdur, akt tərtib edilərkən o iştirak etmədiyi halda aktda göstərilən variantlardan necə imtina edə bilər? O, SOCAR-ın rəhbərliyinə müraciət edərək bildirmişdir ki, onun ixtisara düşdüyü vaxt qanun pozuntusu olmaqla ona heç bir təkliflər edilməmişdir. Müraciət cavablandırılarkən göstərilmişdir ki, AR ƏM-nin 78-ci maddəsinə uyğun olaraq ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanması məqsədi ilə test imtahanları təşkil edilmişdir. Həmçinin, məktubda onun energetika sahəsi üzrə keçirilən test imtahanında keçid balından aşağı nəticə göstərdiyi, həmçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxarılma müavinəti almaq, yaxud Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial davamlığının təmin olunmasına dair Proqrama qoşulmaq barədə təkliflərdən imtina etdiyi bildirilmişdir. Qeyd edilənlər yalandır, həmin akt da saxtakarlıqla tərtib edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 müraciət etmiş, oradan aldığı başdansovdu cavabla razılaşmamışdır.

5. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsindən bu günə qədər 9 ilə yaxın bir müddət keçmişdir. Lakin, iddiaçı bu 9 il müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, məhkəməyə müraciət etməməsinin üzürlü səbəblərini göstərməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3769/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X5)

7. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlardan birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçının iddia etdiyi kimi həqiqətən xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin qanunsuz olaraq qəbul edilməsidir. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda müxtəlif vəzifələrdə, son olaraq isə Energetik şöbəsinin mühəndis vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə - xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də mübahisələndirilən əmrin etibarsız hesab edilməsi üçün əsasların olub-olmaması ilə bağlıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə iş materiallarında olan cavabdehin xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrindən görünür ki, sözügedən əmr ƏM-nin 84-cü maddəsinin 1-ci maddəsində əmrin məzmununa dair tələblərə uyğun tərtib edilmiş, məzmununa dair bütün göstərişlər əmrdə qeyd edilmişdir. Odur ki, xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı əmrin etibarsız hesab edilməsini tələb etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbinin hüquqi əsası kimi əmrin ləğv edilməsinə əsas olan maddi hüquq normalarına istinad etmişdir. Lakin məhkəmə hesab etmişdir ki, növbəti addım kimi qeyd edilən məsələni araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixli, 790/K saylı əmri hazırki iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixində iddiaçıya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, iddiaçı xx.xx.2014-cü il tarixində ərizə ilə Energetika şöbəsinin müdirinə müraciət edərək, ixtisar ilə əlaqədar təqdim edilmiş bildirişə əsasən iş axtarmağa icazə verilməsini xahiş etmişdir. Həmin ilin noyabr ayında ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə funksiyasının icrası üçün tələb olunan peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanması məqsədilə test imtahanları təşkil edilmiş, iddiaçı test imtahanında keçid balından aşağı nəticə göstərmiş və xx.xx.2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı isə işdən azad edilməsindən xx.xx.2014-cü il tarixdə məlumatlı olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini cavabdeh tərəfindən bir sıra sənədlərin ona 8 il 1 aydan sonra təqdim edilməsi və bu müddət ərzində həmin sənədlərin ondan gizlədilməsi ilə əlaqələndirsə də, məhkəmə onun bu dəlilləri ilə razılaşmır. Çünki, qanunvericilik fərdi əmək mübahisələrinin həlli üçün konkret iddia müddəti müəyyən etmişdir. Qanunun tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərizində mübahisə barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. ƏM-də iddia müddətinin axımının başlandığı işçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilir. Əmək Məcəlləsində işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə 3 sənədin - əmək müqaviləsinin ləğvi barədə əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsini işdən çıxan vaxt almış, ona ödənilməli olan son haqq-hesab 2014 və 2015-ci ilin əvvəllərində bank hesabına köçürülmüş, hətta əmrin ləğvi barədə əmrdən məlumatlı olmuşdur (hətta, əmrin tarixi, nömrəsi və əmək müqaviləsinin ləğvi əsasları əmək kitabçasında da göstərilmişdir). Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, qanunun tələbinə görə əmək mübahisələrindən irəli gələn pul tələbi ilə bağlı iddia müddəti 1 il müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi maddi və mənəvi zərərin tələb edilməsi hissəsində də əsassızdır. İddiaçı ona maddi zərər dəydiyini, cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqdan sonra banklara borcunu ödəyə bilməməsi ilə əsaslandırsa da, işin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq işdən azad edilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, eləcə də, iddiaçının əsas tələbi olan xx.xx.2014-cü il tarixli əmrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən onun işdən çıxarılmasına görə cavabdehdən ona dəymiş maddi zərər tələb etməsi əsassızdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü, 296cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 375.2-ci, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair xx.xx.2001-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 4 saylı TQİ-nin işçisi olduğu halda barəsindəki akt 3 saylı TQİ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı xx.xx.2014-cü il tarixli əmr işəgötürən tərəfindən dеyil, 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalanmışdır. Məhkəmə nəzərə almamışdır ki, əmək müqaviləsinə xx.xx.2014-cü il tarixli əmrlə xitam verilsə də, işəgötürənin razılığı faktik olaraq işini davam еtdirdiyindən (faktik işə başladığından) həmin andan əmək müqaviləsi bağlanmış hesab olunmuş və cavabdеh ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib etməli olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, barəsində ayrı-seçkiliyə yol verilmiş, onunla imtahan verən və 13 bal toplayan şəxs işlə təmin olunsa da, o, daha artıq bal topladığı halda işdə saxlanılmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun qətnamə qət etməmiş, iş üzrə hallara düzgün hüquqi qiymət verilmədən, işi ətraflı araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə 4 saylı TQİ-nin işçisi olduğu halda barəsindəki aktın 3 saylı TQİ-nin rəhbərliyi tərəfindən tərtib olunması,əmək müqaviləsinə xitam verilməsi barədə 790/k saylı, xx.xx.2014-cü il tarixli əmrin işəgötürən tərəfindən dеyil, 4 saylı TQİnin baş mühəndisi tərəfindən imzalanmasına əsas olmuş halı aydınlaşdırmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsində əmrin məzmununa dair tələblərə uyğun tərtib edilməsi sübut edilməmişdir. İşəgötürən tərəfindən dеyil, 4 saylı TQİ-nin baş mühəndisi tərəfindən imzalandığından əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixli, 790/K saylı əmrin qanunun tələblərinə uyğun tərtib edilməsi barədə məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və məhkəmə səhv olaraq iddianın təmin edilməməli olduğu nəticəsinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11.Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, nümayəndələri X7 və Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia müddətinin tətbiqinə dair ərizənin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, cavabdeh təşkilatda işləmiş iddiaçı ştatların ixtisarı ilə xx.xx.2014-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı idarədaxili imtahan zamanı ondan aşağı bal toplamış şəxslərin işdən azad edilmədiyini bildirirərək qanunsuz olaraq işdən azad edildiyini, ştatların ixtisarı əsası ilə işdən azad edilməsinə baxmayaraq işdən çıxarkən ona birdəfəlik işdənçıxma müavinətinin verilmədiyini, əmrin işəgötürən tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığını, bu əsasla da işdən azad edilməsi barədə əmrin etibarsız hesab edilməsini və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsi üçün əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddətinin tətbiq edilməklə ididanın rədd edilməsini xahiş edir.

22. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və həmin ərizənin də apellyasiya şikayətində mübahisələndirildiyini nəzərə alaraq ilk növbədə hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.

23. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

24. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

25. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

26. Hazırki mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarix işdən azad edilmiş, lakin buna baxmayaraq 8 il 3 ay (xx.xx.2023-cü il) sonra hazırki iddia tələbinin predmetini təşkil edən məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən əmək mübahisələri üzrə şəxsin hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərizndə, pul münasibətləri ilə bağlı isə 1 il müddətində iddia qaldırıla bilər. Şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Qanunverici şəxsin öz hüqunun pozulmasını bildiyi gün kimi 3 sənədin (əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin) iddiaçı tərəfindən alındığı tarixi əsas götürür.

28. Apellyasiya şikayətinin cavabdeh tərəfindən bir sıra sənədlərin ona 8 il 1 aydan sonra təqdim edilməsi nəticəsində iddianın gec verilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu hala istinad etsə belə, həmin halın həqiqətən də, mövcudluğu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, bu hal reallıqda da qeyd edilən formada olsa belə, iddiaçı özü də etiraf edir ki, həmin sənədlər akt və həmkarlar ittifaqının protokoludur. Bu sənədlərin əldə olunmasının hansı tarixə təsadüf etməsi də qanunvericilik nöqteyi-nəzərindən iddia müddətinin hesablanması üçün əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, iddiaçı özü də həmin vaxt müəssisədaxili testdən topladığı bal, habelə ondan aşağı bal toplayan şəxslərin işdən azad edilməməsi barədə məlumatlar verir. Bu hallar da onun mövqeyinin əksini təsdiq edir.

29. Məhkəmə kollegiyası iş materiallarına iddiaçının özü tərəfindən təqdim edilmiş əmək kitabçasına istinadən vurğulayır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə istismar xidmətləri üzrə böyük texnik işinə qəbul edilmişdir. Bu barədə onun əmək kitabçasında həmin tarixdə müvafiq qeyd aparılmışdır. Bu halın mövcudluğu artıq həmin vaxt əmək kitabçasının onda olmasını və onun cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilmiş əmrlə razılaşmasını təsdiq edir. Həmin əmək kitabçasında bundan əvvəl, yəni xx.xx.2014-cü il tarixdə aparılmış qeyddə onun cavabdeh təşkilatla arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası, o cümlədən Əmək Məcəlləsinin konkret maddəsi, bu barədə əmrin tarixi və nömrəsi dəqiq göstərilmiş, nəticədə bu məlumatlar imza və möhürlə təsdiq edilmişdir. Digər tərəfdən ona verilmiş xx.xx.2018-ci il tarixli istehsalat xəsiyyətnaməsində də xx.xx.2014-cü il tarixli əmrə istinadən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası konkret göstərilmişdir. Bununla belə, müddət etibarı ilə ən pis halda iddiaçı 2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi əsasını bilmişdir.

30. Bundan başqa iş materiallarında iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə iş yeri üzrə rəhbərə yazdığı “yeni iş yerinin axtarılması ilə bağlı” müraciətinin, habelə əmrin və əmək kitabçasının xx.xx.2014-cü il tarixdə imza edib qəbul etdiyi kitabdan çıxarışın surəti mövcuddur. İddiaçı bu sənədlərdə olan imzanın ona aid olmasını bildirir. Lakin hər bir halda, 2015-ci ilin əvvəllərindən hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını iddiaçı görür, bilir və dərk edir.

31. Bununla belə, məhkəmə kollegiyası yuxarıda sərgilənən hüquqi mövqeyə əsasən hesab edir ki, iddiaçı əmrin mübahisələndirilməsi üçün (hüquqi nəticə etibarı ilə əmrin ləğv edilməsini tələb edir) əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq, maddi zərərin ödənilməməsi ilə bağlı isə 1 illik müddəti ötürmüşdür. Bu səbəbdən, məhkəmə kollegiyası həm əmrin etibarsız hesab edilməsinə, həm də ləğv edilməsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı mənəvi zərərin nədə ifadə olunması və ona hansı hərəkətlər nəticəsində baş verməsi iddia ərizəsində əsaslandırılmamışdır. Digər tərəfdən hazırki iş üzrə “zərərin tutulması” tələbi törəmə tələb olmaqla bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılıdır. Məhkəmə kollegiyası da əsas tələbin təmin edilməməsi qənaətinə gəlmişdir. Qeyd edilənlər öz növbəsində iddianın bu hissədə də əsassız olması səbəbindən rədd edilməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3769/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar