Məhkəmə qərarları › İş №2(103)-9319/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9319/2021

29.11.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9319/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)-1368/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “müqavilənin ləğvi və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli mənzilin alğı-satqına dair ilkin müqavilənin ləğv edilməsi, 200.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən evi 400.000 manat satılmasına dair razılığa gəlmişlər. Belə ki, ilkin müqaviləyə görə alıcı 300.000 manatı notariusun bank hesabında açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. Satışın qiymətindən qalan 100.000 manatı isə alıcı mənzilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə əsasən, əgər alıcı müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə isə ödədiyi pul satıcıda qalmaqla yanaşı, satıcıya 200.000 manat məbləğində zərər pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə dəfərlərlə qalan pulun ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh pulu ödəməmişdir. İddiaçı pulu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 16.03.2021-cı il tarixli iclasında iddiaçı məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddia tələbini azaldaraq, cavabdehdən 200.000 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (X7 üçüncü şəxs olmaqla) qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2020-ci il tarixli “mənzilin alğı-satqısına dair İlkin Müqavilə” üzrə cavabdeh İddiaçı təqsiri üzündən ödənilməmiş 72.000 manat pulun cavabdehə ödənilməklə yekun alğısatqı Müqaviləsinin bağlanmasının təmin edilməsi, İddiaçı bütün ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, İddiaçı yekun alğı-satqı Müqaviləsinin bağlanmasından imtina etməsi onun birtərəfli qaydada “Mənzilin alğı-satqısına dair İlkin Müqavilə”nin pozulması kimi qiymətləndirilməsi və həmin Müqavilənin 2.3-cü bəndinə əsasən aldığı 300.000 manatın və əlavə olaraq 300.000 manat zərər pulu olmaqla, 600.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945-ci məhəllədə yerləşən 0.386+0.08 ha torpaq sahəsi “X17” MMCyə icarəyə verilmiş həmin torpaq sahəsində 3 bloklu (A,B,C), 18 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. 2019-cu ilin sonlarında onlarla “X17” MMC arasında yaşayış binasının B və C blokunun tikintisinin birgə həyata keçirilməsi barədə danışıqlar aparılmışdır. Bu danışıqlar zamanı məlum olmuşdur ki, tikinti sahəsinə daxil olmayan, lakin yanında yerləşən X.Şuşinski küçəsi, ev 33, mənzil 10-da İddiaçı öz ailəsi ilə yaşayır və o, tikintinin aparılacağına maneəçilik törədəcəkdir. Çünki “A” blokunun tikintisi zamanı o, şəxsi, qeyri-qanuni maraqları üçün maneəçiliklər törətmiş, tikinti aparan şəxslərdən dəfələrlə pul almışdır. Bu problemləri yaşamamaq üçün X7 ilə İddiaçı arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 42.7 kv.m olan mənzilin alğı-satqısı barədə uzun müddət danışıqlar getmiş və nəhayət razılığı gəlinmişdir ki, İddiaçı həmin mənzili 400.000 manata Ş.Qurbanova satacaqdır. Lazımi sənədlər toplandıqdan sonra İddiaçı ilə Bakı şəhəri 11 saylı Notariat Kontorunda ilkin müqavilə bağlanaraq, sonuncuya ilkin olaraq 300.000 manat notariusun depozit hesabından bank vasitəsilə ödəniş edilmiş, ümumi dəyərin 100.000 manatı isə saxlanılaraq yekun alğı-satqı müqaviləsinin bağlanması zamanı bank vasitəsilə ödəniləcəyi bildirilmiş və müqavilə bağlanan zaman İddiaçı bütün ailə üzvləri buna razılıq vermişdir. Ötən müddət ərzində Ş.Qurbanov dəfələrlə İddiaçı müraciət edərək, yekun alğı-satqı müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək ona vaxt verilməsini xahiş etmişdir. İddiaçı yekun alğı-satqı müqaviləsinin bağlanmasından yayınmış və bu müddət tamam olduqdan sonra Ş.Qurbanovun yanına gələrək ona hədə-qorxu gəlmiş, ondan 100.000 manatdan əlavə 200.000 manat alacağını, müqaviləni ləğv edəcəyini, mənzili başqa adama satacağını deyərək şantaj etməyə başlamışdır. İddiaçı mənzili tikinti meydançasına düşməsə də, o, mənzilin yaxınlığında olmasından istifadə edir, istənilən üsullara əl ataraq tikintinin gedişatına manəçilik törədir, mənzilini dəyərindən qat-qat artıq qiymətə tikinti aparan və ya digər şəxslərə yenidən satmaq və pul almaq istəyir. Bunun üçün müxtəlif məhkəmə və hüquq mühafizə orqanlarına əsassız müraciətlər edərək, tikinti aparan şəxslərə təzyiq göstərir. Hər belə haldan sonra İddiaçı tikinti aparan şəxslərə yanaşaraq onlardan müəyyən məbləğdə pul alır və bildirir ki, daha onlardan şikayət etməyəcək və bu barədə notariat qaydasında təsdiqlənmiş ərizə verərək iddia və tələbinin olmadığı bildirir. İddiaçı həmin mənzili daha əvvəl X2 300.000 manata satmaq barədə razılaşmış, bunun üçün 20.000 manat məbləğində beh almış, bununla bağlı aralarında hər ikisinin imzası ilə təsdiq edilmiş yazılı razılaşma olmuşdur. Mənzillə bağlı əlavə problemlərin olmaması üçün Ş.Qurbanov İddiaçı aldığı 20.000 manatı Ramin Məmmədova qaytarmışdır. 24.05.2021-ci il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 30 yanvar 2020-ci il tarixli “Mənzilin alğı-satqısına dair İlkin Müqavilədən” irəli gələn öhdəliklərin icrası qaydasında 100.000 manatın cavabdeh İddiaçı tərəfindən qəbul edilməklə, yekun alğı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin İddiaçı üzərinə qoyulması, mübahisəli mənzilin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində cavabdeh İddiaçı tərəfindən mübahisəli mənzilin boşaldılmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təhvil verilməsi, cavabdeh İddiaçı yekun alğı-satqı müqaviləsinin şərtlərini pozduğuna görə 300.000 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)-1368/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, 30 yanvar 2020-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 10 saylı mənzilin “alğı-satqısına dair İlkin Müqavilədən” irəli gələn öhdəliklərin icrası qaydasında 100.000 (bir yüz min) manat İddiaçı tərəfindən qəbul edilməklə əsas (yekun) alğı-satqı müqaviləsinin bağlanması öhdəliyi İddiaçı üzərinə qoyulması, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 10 saylı mənzilin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində İddiaçı və ailə üzvləri çıxarılmaqla mənzil boşaldılmış vəziyyətdə Cavabdeh təhvil verilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)-1368/2021 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin olunmayan hissəsində tamamilə ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəməsi iş üzrə məhkəmə qərarı qəbul edərkən, iş materiallarında olan lazımi və əhəmiyyət kəsb edən sübutlara qiymət verməmiş, işin mahiyyətinə təsir etməyən, hüquqi bağlılığı olmayan sübutlara istinad etməklə, işi həll etməyə çalışmışdır. Bundan başqa, işin həllində sübutlar ola-ola öz fikirlərini ortaya qoymaqla, qarşılıqlı iddiaçının xeyrinə mübahisəni tamamlamışdır. Yalnız bir cümlə işətməklə mübahisəni “qiymətləndirməklə”, mülkiyyətçinin öz əmlakından məhrum olmaqla nəticələnən qətnamənin qəbul olunmasına nail olmuşdur. Baxmayarq ki, AR-nın Konstitusiyasının, AR-nın MM-nin mülkiyyət və mülkiyyət hüququ ilə bağlı ali hüquqi qüvvəyə mailik olan normaları kölgə altına alınaraq, kobud şəkildə pozulmuşdur. Belə bir formada işə yanaşan düzgün mövqe seçməmiş və bunu aşağıdakılarla əsaslandırır: Belə ki, məhkəmə ilk əvvəl cavabdehin öhdəlikdən yayınması barədə olan olan dəlilləri əsassız saymış, daha sonra da bununla bağlı hansısa bir mötəbər sübutun məhkəməyə təqdim etməməsini qeyd etmişdir. Ancaq vaxtı ilə iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən qabaq, ilk olaraq şifahi qaydada hələ 30.09.2020-ci il tarixə kimi dəfələrlə cavabdehə bildirmiş olsam da, cavabdeh alğı-satqı müqaviləsinin bağlanmasından daim yayınmaqla hər dəfə bir bəhanə gətirmişdir. Özü də, ona müqavilənin bağlanması vaxtına çox bir az vaxt qalması barədə də bildirmişdim. Daha sonra, cavabdehin həmin müqaviləni bağlamaq niyyətində olmadığını görüb, ona 02.10.2020-ci il tarixdə teleqram vurararq, müvafiq Pretenziya göndərilmişdir (vurulmuş ziyanın ödənilməsi tələbi barədə). Həmin teleqramın və pretenziya məktubunun əslləri məhkəməyə təqdim edilməsinə baxmayaraq, ancaq işə baxan məhkəmə sanki belə bir sübutlar olmadığını qeyd edir. Bəs ayrı hansı sənəd və ya mötəbər sübut təqdim edilməli idi ki, cavabdehin müqavilə öhdəliyindən yayınması təsdiq edilsin? Müqavilə öhdəliyindən irəli gələn vəzifələrin yerinə yetirilməsi (icra edilməsi) hər bir halda müqavilə tərəflərinin üzərindədir və bu barədə də AR-nın MM-nin bir çox normaları həmin məsələləri həll edir. Bu barədə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində də xeyli sayda hüquq normalarına belə istinadlar edilmişdir. Ancaq müqavilə üzrə ilkin iddia üzrə cavabdehin hərəkətsizliyi (yəni müqaviləni bağlamaqdan yayınması) onun davranışlarında və sonda da müqavilənin bağlamaq niyyətində olmamasında öz əksini tapmışdır. Bütün bu halların da sübutu cavabdehə ünvanlanmış pretenziya məktubunda təfsilatı ilə öz təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsinin hansı maraqdan iştirakı sual doğurur. Bu azmış kimi hələ iş üzrə hansısa bir mötəbər sübutun olmamasını bir cümlədə işlətməklə kifayətlənir. İkinci bir hüquqi məqam isə, əgər tərəfimdən belə bir sübut yoxdursa və eləcə də cavabdehin öz öhdəliyini yerinə yetirməməsi barədə olan dəlillərim öz təsdqini tapmırdısa, onda niyə tərəfindən ilkin olaraq məhkəməyə müraciət olunurdu? Onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməyindən sonra da cavabdeh öz hərəkətlərinə don geyindirmək məqsədi ilə dərhal qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Düzdür, iddia qaldırmaq, irəli sürmək hər kəsin hüququdur, ancaq burada məsələ pozulmuş hüququn ağlabatan olub-olmamsının məhkəmənin özünün fikrinə görə qiymətləndirməsinin düzgün olmamasıdır. Həqiqətən də tərəfindən müqavilə öhdəlikləri pozulmuş olsaydı, müqaviləni ümumiyyətlə bağlamaq fikrində olmasaydın Cavabdeh çoxdan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olardı. Çünki müqavilənin tərəfindən imzalanmaması halında, onun maraqları daha üstün formada təmin olunmuşdur. Buna baxmayaraq, Cavabdeh yalnız onun iddia tələbindən sonra məhkməyə müraciət etmişdir. Özü də, qarşılıqlı iddia tələbi müqavilə öhdəliyində olduğu kimi irəli sürülmüş olsa da, sonradan məhkəmənin məsləhəti əsasında qətnamə ilə nə təmin olunmalıdırsa, o həcmdə də tələb irəli sürülmüşdür. Məhkəmə ilk növbədə həm ilkin, həm də qarşılıqlı iddia tələbləri üzrə müqavilənin yerinə yetirilməməsi barədə mötəbər sübutun olmamasını vurğulamışdır. Lakin bu fikirdən qabaq, qarşılıqlı iddiaçının maraqlarından çıxış edərək qeyd etmişdir ki, guya Cavabdeh 300.000 manat məbləğini ona ödədikdən sonra, onun bağlanmalı olan alğı-satqı müqaviləsini bağlamaqdan yayınması halı ağlabatan deyil. Çünki Cavabdeh bu qədər vəsait ödəmişdirsə, “niyə sonradan müqaviləni bağlamaqdan imtina etsin”. Məhkəmənin məhz bu mövqeyi ilə də qarşılıqlı iddia ərizəsi qismən formada təmin olunmuşdur. Buna görə də Cavabdeh 100.000 manat məbləğində alğı-satqı müqaviləsinin bağlanmasından imtinasını məntiqə uyğun saymamışdır. Belə çıxır ki, onun müqavilənin imzlanması ilə bağlı pretenziya məktubu olduğu halda, həmin məktubu da müvafiq poçt vasitəsi ilə teleqrama ilə göndərilməsinin təsdiq edəcək sübutum ola-ola, buna əhəmiyyət verilmir və hətta bu barədə bir dənə də olsun qeyd edilmir. Ancaq qarşı tərəfin müqaviləni pozmasının ancaq özünün ağlabatan olmaması və məntiqə uyğun gəlməməsi fikrini ortaya atmaqla, qarşıqlı iddia tələbi təmin edilir? Məhkəmə iş materiallarında tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, ümumiyyətlə həmin sübutlara istinad etməyərək tam qanunsuz və əsası olmayan formada Cavabdeh maraqlarından çıxış etmişdir. Qarşıqlı iddia tələbinin təmin olunan hissələrindən biri 100.000 manat məbləğinin tərəfindən qəbul edilməsi və alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin üzərimə qoyulmasıdır. Ancaq maraqlıdır ki, pul vəsaitinin tərəfindən qəbul edulməsi anlayışı nəyi bildirir? Bu onu bildirir ki, artıq mən həmin pulu qəbul etmişəm və mənimlə də müqavilə bağlanması öhdəliyi qoyulmuşdur? Belə çıxır ki, işə baxan məhkəmə ümumiyyətlə qarşılıqlı iddia tələbindən də kənara çıxmışdır. Əgər haqqında danışılan müqavilə Cavabdeh tərəfindən vaxtında, normal olaraq icra olunmuş olsa idi onda həmin 100.000 manat məbləği ilə alğı- satqı müqaviləsi bağlanmalı idi və həmin məbləğ də ona ödənilməli idi. Ancaq, işə baxan məhkəmə həmin pul vəsaitinin qəbul edilməsi barədə öz qətnaməsində qeyd edir. Axı həmin pulun tərəfindən qəbul olunması barədə hər hansı bir nə sübut olmamış, nə də ki, məhkəmənin mübahisələndirilən qətnaməsində bu barəd öz təsdiqini tapacaq nə fakt, nə hal, nə də ki, hər hansı bir hüquqi mövqe qoyulmamışdır? Bu isə onu bildirir ki, işə baxan hakim ümumiyyətlə işin nədən ibarət olmasından xəbəri olmamış, hər iki iddia tələbinin mahiyyətini dərk etməmiş və sonda qanunvericiliyin tələb və göstərişlərini kobud şəkildə pozan bir qətnamə çıxartmışdır. Digər ikinci bir anlaşılmayan məqam onun və ailə üzvləri ilə həmin mənzildən çıxarılmaqları, mənzilin boşaldılaraq təhvil verilməsinin qət olunmasıdır. Ancaq qətnamənin bu hissəsi də anlaşılmayan və özündə mübahisə doğuran hallardandır. Çünki ailə üzvlərinin dairəsi işə baxan məhkəmə tərəfindən müəyyən edilmədən belə bir nəticəyə gəlinmişdir. Bununla belə, bu şəxslərin konkret dairsəi, kim olmaları və s., bu kimi digər xüsusatlar qeyd edilməmişdir. Orada olan şəxslərin hansı hüquqi statusa malik olub-olmamaları da müəyyən edilməmişdir. Deməli, qətnamənin bu hissəsi də mücərrəd olmaqla yanaşı, prosessual hüquqi baxımından düzgün olmamışdır. Odur ki, bu hissədə məhkəmənin qətnaməsinin qüvvədə saxlanılması da gələcəkdə icra icraatının həyata keçirilməsini qeyri- müəyyən edəcəkdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, ilkin iddia tələbi və apellyasiya şikayətdə qeyd olunan məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)- 1368/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı onları aldadaraq, alğı-satqı müqaviləsinin bağlanmasından qəsdən yayınmışdır. Cavabdeh indi də 100.000 manat ödəməklə, alğı-satqı müqaviləsinin bağlanmasına razıdır. İddiaçının 42,7 kv.m evinə görə 400.000 manat razılaşdırılmışdır. Göründüyü kimi, hər kv.m üçün cavabdeh 10.000 manata yaxın pul ödəməyə razılaşıb. Bakı şəhərinin hansı yerində köhnə bir evin hər kv.m-nə görə 10.000 manat pul verilir. Bu dəqiqənin özündə də, cavabdeh 100.000 manatı ödəməyə hazırdır. Buna görə də, cavabdeh tərəfindən polisə müraciətlər olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə 3-cü şəxs X7 qarşılıqlı iddia ilə razı olduğunu bildirərək, qətnamənin ədalətli olmaqla, dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş qarşılıqlı iddia üzrə 3-cü şəxs X7 məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnaməni yalnız qeyd olunan hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın qismən təmin edilən-yəni ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ümumi sahəsi 42,7 kv.m olan ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona 23.06.2015-ci il tarixdə verilmişdir. -30.01.2000-ci il tarixli Mənzilin alğı-satqısına dair İlkin Müqavilədən görünür ki, Məmmədova Dilarə Əhmədağa qızı özünə məxsus satılacaq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 10 saylı mənzili 400.000 manata qiymətləndirir və həmin qiymətə Cavabdeh 400.000 manata almağı öhdəsinə götürmüş, həmin məbləğdən 300.000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə İddiaçı ödəmiş, satış qiymətindən qalan 100.000 manatını isə mənzilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı müqavilənin birtərəfli qaydada pozulması tələbi olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə aldığı 300.000 manat məbləğində pulu qaytarmaqla yanaşı, həmin məbləğdə, yəni 300.000 manat zərər pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən isə, Cavabdeh müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə ödədiyi pul İddiaçı qalmaqla yanaşı, İddiaçı 200.000 manat məbləğində zərər pulu ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı müxtəlif vaxtlarda notarial qaydada verdiyi ərizələrdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev 945-ci məhəllədə “X17” MMC tərəfindən binanın inşa edilməsinə etiraz etmədiyini, tərəflər arasında razılıq olduğunu bildirmişdir. -əlyazma ilə yazılmış və imzalanmış qəbzin surətindən görünür ki, X1 Dilarə Əhmədağa qızına ünvan 3 ünvanında yerləşən mənzilin alınması üçün dəyəri 300.000 manat olmaqla, avans olaraq 20.000 ödəmişdir. -26.02.2020-ci il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı M.Məmmədova tərəfindən qəbul edilmiş qərardan görünür ki, X3 İddiaçı barəsinə şikayət ərizəsi toplanmış material üzrə əlavə yoxlama işləri aparılıb, müvafiq qərar qəbul edilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. -X10, X8, X6 və X11 notarial qaydada ərizə verərək, ünvan 3 ünvanında yerləşən 9 və 10 nömrəli fərdi yaşayış evinin satımasına etiraz etmədiklərini bildirmişlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər (maddə 599.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd etmişdir edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış mənzilin ilkin alğı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarına istinad etməklə qeyd etmişdir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 30.01.2020-ci tarixli mənzilin alğı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər: İddiaçı özünə məxsus satılacaq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 10 saylı mənzili 400.000 manata qiymətləndirir və həmin qiymətə Cavabdeh 400.000 manata almağı öhdəsinə götürmüş, həmin məbləğdən 300.000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə İddiaçı ödəmiş, satış qiymətindən qalan 100.000 manatını isə mənzilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı müqavilənin birtərəfli qaydada pozulması tələbi olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə aldığı 300.000 manat məbləğində pulu qaytarmaqla yanaşı, həmin məbləğdə, yəni 300.000 manat zərər pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən isə, Cavabdeh müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetirmədikdə ödədiyi pul İddiaçı qalmaqla yanaşı, İddiaçı 200.000 manat məbləğində zərər pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır və əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Həmçinin ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Göründüyü kimi, ilkin müqavilədə qeyd olunan tələblər cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, cavabdeh 300.000 manat pul məbləğini iddiaçıya ödəmiş, 100 000 manat isə əsas müqavilə bağlandığı vaxt cavabdehə ödəniləcəkdir. Bununla da cavabdeh ilkin müqavilə üçün bütün öhdəliklərini yerinə yetirməklə, əsas alğı-satqı müqaviləsini bağlamaq niyyətində olmuşdur. Buna sübut olaraq ilkin müqavilənin bağlanması zamanı ödənilmiş 300 000 manat pul məbləği çıxış edir. Apellyator apellyasiya şikayətində 300000 manatın qəbul edilməsini mübahisəndirsə də, apellyasiya mərhələsində ona verilən suallarda həmin məbləği qəbul etdiyini, bu mübahisə predmeti olmadığını qeyd etməklə yanaşı, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsindən alınan materialda olan iddiaçı özünün izahatında da, 300.000 manatın depozitə köçürülməsi, həmin pulun alınması, 100.000 manatın ödənilmədiyi qeyd etmişdir. Buna görə də, kollegiya qeyd olunan dəlili əsassız hesab edir. Kollegiya hesab edir ki, iddiaçının cavabdeh barədə müqavilə üzrə öhdəliyin icrasından yayınması barədə dəlilləri öz təsdiqini tapmır. Çünki, cavabdehin 300.000 manatı iddiaçıya ödədikdən sonra bilərəkdən öhdəlikdən yayınması ağlabatan deyil. Bir halda ki, müqavilənin şərtlərindən biri cavabdehin öhdəlikdən yayınması onun üçün cərimə riski ilə nəticələnə bilərdi. Odur ki, cavabdehin 100.000 manatı ödəməklə əmlaka mülkiyyət hüququ əldə etmək imkanı olduğu bir halda, onun bilərəkdən özünə maddi ziyan vurması inandırıcı və məntiqə uyğun deyil. Digər tərəfdən Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsindən alınan materialda olan tərəflərin izahatlarından da görünür ki, cavabdeh tərəfin 300.000 manatı ödəməsi, iddiaçının hüquqdan sui-istifadə edərək, 100.000 manat qəbul etməklə alğı-satqı müqaviləsinin bağlanmasından yayınması halları müəyyən olunur. Belə ki, iddiaçının izahatlarında 100.000 manatdan əlavə cərimə ödənilməsini tələb etməsi, bir daha onu göstərir ki, iddiaçı hər vəhclə müqavilə bağlamaqdan yayınmaqla, cavabdeh tərəfindən əlavə pul ödənilməsinə nail olmağa çalışmışdır. İş materiallarına iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubu və göndərilmə barədə 26.11.2020-ci il tarixli poçt qəbzi əlavə olunsa da, qeyd olunan pretenziyanın cavabdeh tərəfindən alınması müəyyən olunmur (i/v 8,10). Bundan əlavə iddiaçının apellyasiya mərhələsində surət olaraq təqdim etdiyi teleqramın 02.10.2020-ci il tarixdə X12 adlı şəxs tərəfindən qəbul edildiyi qeyd olunmuşdur. Kollegiya surət olan həmin sənədin cavabdehə deyil, X12 adlı şəxsə ünvanlanmasını, hazırkı iş üzrə sübutu əhəmiyyət kəsb etmədiyi qənaətinə gəlmişdir. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən qanunvericilikdə və ya tərəflərin könüllü götürdükləri öhdəlikdə nəzərdə tutulan hallarda tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilər. Çünki Mülki Məcəllənin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə ilkin iddia tələbini təmin etməməklə, qarşılıqlı iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, qarşılıqlı iddianın tələb olmadığı halda, ailə üzvlərinin çıxarılması ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. Buna görə də, qətnamə qarşılıqlı iddianın qismən təmin edilən–yəni ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)- 1368/2021 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilən- yəni ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar