Məhkəmə qərarları › İş №2(103)-932/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-932/2024

05.03.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-932/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: əqdin bağlanmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, e-2(006)-3600/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri" X6 1 saylı Bakı ərazi idarəsinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 aprel 1989-cu il tarixli borc müqaviləsinə əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı və ünvan 2da yaşayan Cavabdeh, aşağıdakılar barədə bu müqaviləni bağlamışlar. Vətəndaş Cavabdeh vətəndaş İddiaçı borc olaraq bir il müddətinə on min rubl məbləğində pul borc götürmüş, vətəndaş Cavabdeh qeyd edilmiş müddətdən əvvəl ödənişi həyata keçirmək, vətəndaş İddiaçı isə ödənişi qəbul etmək hüququna malikdir. Ödəniş Bakı şəhərində həyata keçirilməlidir. Əgər vətəndaş Cavabdeh qeyd edilmiş müddətədək borcunu ödəməsə vətəndaş İddiaçı müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir. Müqavilənin rəsmiləşdirilməsi və təsdiqi ilə əlaqədar olan bütün xərcləri vətəndaş İddiaçı ödəmişdir. Müqavilə iki nüsxədən ibarət tərtib və təsdiq edilmişdir, onlardan biri 22 saylı Bakı şəhəri dövlət notariat kontorunun işlərində saxlanır, digəri isə İddiaçı verilmişdir.

2. 05 iyul 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətti Nəsimi rayonu Mənzil Kommunal Təssərüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışlarından görünür ki, İddiaçı 27 sentyabr 1989-cu il tarixindən müqaviləyə əsasən ünvan 3 ünvanında qeydiyyatsız yaşayıb, 30 dekabr 2012-ci il tarixindən isə həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatdadır.

3. 02 avqust 2023-cü il tarixli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” əhali qrupuna dahil olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsi və İddiaçı Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqında” Qanununa və “Sudan istifadə Qaydaları”na uyğun olaraq bu müqaviləni bağlamışlar.

4. 02 avqust 2023-cü il tarixli, AKX-05584xx/xx-2023 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, “Azəriqaz” İB və İddiaçı Azərbaycan Respublikası mülkü qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq bu müqaviləni bağlamışlar

5. 25 avqust 2023-cü il tarixli, 1246/08 saylı İstehlakçının qaz təsərrufatının inventar aktından görünür ki, **********00040 nömrəli istehlakçının hesap kodu İddiaçı məxsusdur.

6. "xxxx" ASC tərəfindən təqdim edilmiş “Abunə haqqında” çıxarışdan görünür ki, **********D0004 nömrəli abunə İddiaçı məxsusdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə iddiaçının 27 aprel 1989-cu ildə Bakı şəhərində bağlanmış Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 27 aprel 1989-cu il tarixdə 22 saylı Bakı şəhəri Dövlət Notariat kontorunda reyestrdə D-4832 sayı ilə qeydə alınaraq bir il müddətinə on min rubl müqaviləsi bağlayaraq həmin müqaviləni təsdiq etdirmişdir. Belə ki, müqavilə o dövr üçün verilən borcun cavabdeh tərəfindən geri qaytarılmasını həyata keçirmək qeyri mümkün olduğundan, cavabdeh borcu ödəmədiyi təqdirdə, öhdəliyi yaşadığı və istifadəsində olduğu mübahisəli əmlaka yönəldilməsini şifahi razılaşmışdırlar. Habelə mövcud zaman ərzində hamıya bəlli olan müharibə olduğunu və daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmadığını nəzərə almaqla “10 min rubl borc" müqaviləsini yuxarıda qeyd olunan daşınmaz əmlakın alqı-satqısına görə bağlamışdırlar. Müqavilənin şərtlərində təsbit olunduğu kimi öhdəlik Bakı şəhərində həyata keçirməli və iddiaçı müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir müddəaları cavabdehdən təhvil-təslim aldığları mübahisəli əmlakın alqı-satqı müqaviləsi üçün nəzərdə tutulmuşdur, lakin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından həyat keçirə bilməmişdirlər. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, e-2(006)- 3600/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 27 aprel 1989-cu il tarixdə iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı, cavabdehin sonradan həmin əqdi notariatda təsdiq etməkdən boyun qaçırmasını tam təsdiq olunduğundan və iddiaçının əqdi tamamilə icra etmiş tərəf olaraq həmin əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ olduğundan, həmin müqavilə bağlanmış hesab edilməli, iddiaçının dəyərini ödəməklə satın aldığı cavabdehə məxsus Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d"-də yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, həmin hissəyə onun mülkiyyət hüququ tanınmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan SSR-in 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR-in 1964-cü il tarixli Mülki Məcəlləsinin 43, 228, 230-cu maddələri, «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarı, «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə razılaşmayan müstəqil tələb rəli sürməyən üçüncü şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5 "d" ünvanı ilə bağlı X1 adına 1989-cu il tarixdə tərtib edilmiş Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş texniki pasport arxivdə mövcuddur. Lakin müvafiq qurum tərəfindən tərtib edilmiş texniki pasport o halda torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsasdır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Həmçinin arxivdə mövcud olan texniki pasport Cavabdeh deyil, X2 məxsusdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan SSR-in 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR-in 1964-cü il tarixli Mülki Məcəlləsi: Maddə 43. Tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr, işin hallarına uyğun gəlmir, bu da qətnamənin ləğv olunması üçün əsasdır.

22. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi barədə münasibətlər kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibtətlər yaranmışdır.

23. İddiaçı müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfdən yerinə yetirilə bilinmədikdə cavabdehin mülkiyyətində olan mübahisəli mənilin iddiaçıya təhvil veriləcəyi barədə şifahi razılaşmanın olmasına istinad etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və iddiaçının tələbləri yalnız formal mülahizələrə əsaslanmışıdr.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hətta məhkəməyə şifahi razılıqla bağlı sübut təqdim etsəydi belə mübahisəli mənzillə bağlı iddia tələbi təmin edilə bilməzdi. Belə ki, cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququ yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısınin 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilir. Fərmanın mənasına görə müvafiq qurum tərəfindən tərtib edilmiş texniki pasport o halda torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsasdır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun.

25. Apellyasiya instansiyasında işə baxılarkən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab məktubu və ona əlavə olunmuş 1989-cu ildə tərtib olunmuş X1 adına rəsmiləşdirilmiş texniki passportun təsdiq olunmuş surətindən görünür ki, cavabdehin nəinki fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmamış, hətta arxivdə mövcud olan texniki pasport belə onun adına rəsmilədirilməmişdir.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.

27. Məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, iddiaçı tərəfindən yalnız “alqı – satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə tələb irəli sürülsə də, qətnamə çıxarılarkən iddia tələbində nəzərdə tutulmayan “mülkiyyət hüququnun tanınması” barədə qənaətə gəlinmişdir. Halbuki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı situasiyada isə qanunda göstərilən müstəsna hal da mövcud olmadığı halda, nəticəyə gəlinərkən tələbdən kənara çıxılmışdır.

28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, e-2(006)- 3600/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri" X6 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, e-2(006)- 3600/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar