Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9334/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili X4, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)-3553/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Baş direktorunun birinci müavini Zaman Verdiyevin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməklə məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Republikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC X3 müxtəlif vəzifələrdə, sonuncu dəfə isə iqtisadçı vəzifəsində işləmişdir. Cavabdeh1 MMC Baş direktorunun birinci müavini Zaman Verdiyevin əmək müqaviləsinə xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli 1089 saylı əmri ilə əmək funksiyalarını yerinə yetirməməyi əsası ilə işdən azad olunmuşdur. Onunla əmək müqaviləsinə xitam verilməsinə əsas isə guya onun öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyi olmuşdur. O, həmin əsaslarla razı deyil, belə ki o, uzun müddətdir ki, rabitə sahəsində qüsursuz işləmişdir. 2020-ci ilin sonlarında isə o, işə gedərkən onun əmək müqaviləsinə xitam verildiyini və onun işdən azad olunmasını bildirsələr də ona işdən azad olunması barədə əmrin surəti verilməmişdir. Eyni zamanda onun həmkarların iclasında iştirakı təmin edilməyib, onun əmək müqaviləsinə xitam verilməsinə həmkarların razılığının verilməsi üçün keçirilən iclasında özünü müdafiə etmək imkanı məhdudlaşdırılmışdır. Həmin ərəfədə onun atası, anası COVİD-19 virusu ilə yoluxmalarına, sonradan atasının vəfat etməsinə, özünün və qardaşının korona virusa yoluxmağına, eyni zamanda İİ Vətən müharibəsi zamanı oğlunun səfərbərliyə çağırılmasına görə o, həmin əmri əldə edə bilməmiş və məhkəməyə müraciət edə bilməmişdir. O, hesab edir ki, onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi barədə ona heç bir məlumat verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)- 3553/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Sözügedən bina ölkədə aparılan aqrar islahatla əlaqədar Beyləqan RAİK-nin qərarına uyğun olaraq Beyləqan rayon İ Şahsevən Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Məhkəmə həmçinin iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.04.2006cı il tarixdən X1 işə qəbul olmuşdur. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin 1089 saylı 20.10.2020-ci il tarixli əmrinə əsasən, Beyləqan TKQ-nin iqtisadçısı İddiaçı 20.10.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış Əmək müqaviləsinə xitam verilməklə tutuduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan iddiaçı Beyləqan TKQ-nin rəisi Şəmistan İbrahimova verdiyi izahatda o, 2015-ci ilin may ayından ATS-nin köhnə binasını icarəyə verərək, ümumilikdə 58 ay olmaqla cəmi 1740 manat nağd şəkildə icarə haqqı aldığını bildirmişdir. İş materiallarında olan 18.06.2021-ci il tarixli aktdan görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı bina boş və istifadəsizdir. Binanın bir otağından 75 kv.m-də icarə müqaviləsi olmadan mağazanın fəaliyyət göstərdiyi aşkar olunmuşdur. Həmçinin sözügedən məhkəmə tərəfindən verilmiş sorğunun məzmununa uyğun olaraq ƏMDX-nin Beyləqan ərazi şöbəsində mövcud olan “Beyləqan rayonu ərazisində yerləşən dövlət əmlaklarının siyahısı” kitabının 151-ci səhifəsində 9-cu sətirdə 1357-ci nömrəsindəki qeydiyyata əsasən, Beyləqan TKQ-nin təqdim etdiyi 17 iyun 2021-ci il tarixli 7/55 nömrəli məktuba və Beyləqan TKQ tərəfindən təqdim olunmuş illik Registr hesabatlarındakı məlumatlara görə Beyləqan rayon Birinci Şahsevən kəndində yerləşən bir mərtəbəli binanın Beyləqan TKQnın balansında olduğu müəyyən edilmişdir. Sözügedən bina əsaslı təmir olunması məqsədi ilə boş və istifadəsizdir. Binada əvvəllər fəaliyyət göstərmiş TKQ-na məxsus avadanlıq və ötrücü qurğular müvəqqəti olaraq həmin kənddə yerləşən Poçt filialının binasında fəaliyyət göstərir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı bina dövlət əmlakının Registrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Cavabdeh1 MMC-nin X2 balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavbadehə məxsus olan əmlakı icarəyə verməklə əmək intizamını kobud surətdə pozmuş, həmçinin o, qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin verilməsi üçün iddia müddətini ötürmüşdür. İddiaçı qanunsuz hərəkətlərə yol verməsi cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək funksiyalarının kobud pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində Mədəniyyət evinin qarşı tərəfində yerləşən bir mərtəbəli beş otaqlı binanı iddiaçı icarəyə vermiş və ondan gəlir əldə etmişdir. İddiaçı qanunsuz hərəkətlərə yol verməsi cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək funksiyalarının kobud pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı həmin binanın Cavabdeh1 MMC-nin X2 balansında olmadığını iddia etsə də, ƏMDX-nin Beyləqan Ərazi şöbəsinin 23.06.2021-ci il tarixli məktubundan görünür ki, həmin bina dövlət əmlakının Registrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Cavabdeh1 MMC-nin X2 balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Digər tərəfdən iddia müddətinin ötürülməsi barədə də məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı həmin ərəfədə atası və anasının COVİD-19 virusuna yoluxmalarına, sonradan atasının vəfat etməsinə, özünün və qardaşının korona virusa yoluxmasına, eyni zamanda İİ Vətən müharibəsi zamanı oğlunun səfərbərliyə çağırılmasına görə məhkəməyə müraciət edə bilmədiyinə istinad edir, iş materiallarından isə görünür ki, onun istinad etdiyi bu hallar 2020-ci ilin noyabr ayında baş vermişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3553/2021 saylı iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9334/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9334/2021
18.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver