Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9342/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi X4, vəkili X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)-1814/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən bir ay əvvəl iddiaçıya məlum olmuşdur ki, bu iş üzrə cavabdeh-Cavabdeh1 tərəfindən bu iş üzrə Cavabdeh2 qarşı Bakı şəhəri, Nərimanov rayonu, S. Rəhman küçəsi, ev 44, 6 saylı mənzilə dair 51 Saylı DNK-da AN-1 seriyalı, ******* saylı, 23.01.2018- ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya qaytarılmasına dair iddia tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 12.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı- Cavabdeh1 Cavabdeh2, qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması dair iddia tələbi təmin edilməmiş, cavabdehin Cavabdeh1 qarşı Nərimanov rayon, S. Rəhman küçəsi, ev 44, 6 saylı mənzildən çıxarılması hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Eyni zamanda əldə etdiyi iddia ərizəsindən ona bəlli olmuşdur ki, ondan xəbərsiz olaraq, cavabdeh- Cavabdeh1 xəbəri olmadan onların birgə nikah dövründə əldə etdiyi S. Rəhman küç. ev 44, 6 saylı mənzil “sosial ev” kimi əldə edilməsi üçün "xxxx" ASC-də girovda olduğu ərəfədə, gizlin şəkildə cavabdeh- Cavabdeh2la, guya onun verdiyi vədin, eləcə də, aralarıda olan sövdəyə uyğun olaraq, yəni, Cavabdeh2 tərəfindən girov mənzilə görə banka olan kredit borcun birdəfəlik bağlanması üçün ödədiyi pulu hissə-hissə bağlamaq və “əlavə faizlərlə birlikdə tam məbləği bağlamaqla mənzilin Cavabdeh1 qaytarılması şərti ilə aralarında mənzilə dair 51 Salı DNK-da AN-1 seriyalı, ******* saylı, 23.01.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, mütəmadi ödənişlərə baxmayaraq, Cavabdeh2 tərəfindən Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi Nərimanov rayon Məhkəməsinin 10.01.2020-ci il tarixli qətnaməsi ilə təmin edildiyindən Cavabdeh1 yuxarıda göstərilən tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aşağıdakı əsaslara görə, bu iş üzrə iddia tələbinin təmin edilməsini və onun hüquqlarının bərpa edilərək dəymiş ziyan qaytarılmalıdır. Belə ki, Bakı şəh., Nərimanov ray., S. Rəhman küç. ev 44, 6 saylı mənzil “sosial ev” kimi əldə edilməsi üçün "Bank of Baku” ASC-dən girov qoyulmaqla götürülmüş kredit hesabına 24.04.2012-ci il tarixli, İKO18/2012 müqavilə əsasında X3 Cavabdeh1 adına alınmış, mülkiyyət hüquqları, DƏDRX-də MA seriyalı, 03X5326 №-li çıxarışa uyğun olaraq qeydiyyata alınmışdır. Həmin ərəfədə Cavabdeh1 onun, yəni, İddiaçıla birgə nigahda olmuş, qeyd olunan əmlak onların birgə nigah dövründə əldə etdiyi əmlak hesab olunur. Ona həmin mənzilin ipotekada olduğu və həmin ərəfədə çətinlik yarandığından, mütəmadi ödənişlə yanaşı məcburiyyət qarşısında kənar səxsdən bank kreditinin bağlanması “adı ilə” 17000 (on yeddi min) AZN pul almışdır. Cavabdeh1 verdiyi iddia ərizəsindən isə ona bəlli oldu ki, onun vaxtaşırı veridiyi pullarla yanaşı verdiyi 17000 (on yeddi min) AZN pul da Cavabdeh2 verilmişdir. Qeyd olunan xüsusatlar Cavabdeh1 təqdim etdiyi iddia ərizəsində tam şəkildə etiraf edilmişdir. Göstərilənlərə əsasən, ona vurulmuş zərərin alınaraq cavabdehlərdən tutularaq ona qaytarılmasına, və ya, natura ilə əvəz edilərək həmin dəyərdə mənzillə əvəz edilməsinə hüquqi əsas yaradır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)-1814/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Alı Kamal oğlu Cəfərovla birgə nikahda olmuş, qeyd olunan əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunur. Bundan əlavə məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmənin notarial təsdiqini müəyyən edən hallar aşkar edilməmiş, mənzilin birgə nikah dövründə əldə edilməsinə hüquqi qiymət verilməmiş, iş üzrə iddiaçıdan bank kreditinin bağlanması “adı ilə” alınmış 17000 (on yeddi min) AZN pulun aqibəti açıq qalmış, əmlak yüklü edilərkən digərinin hüquqlarının pozulmasına hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, işin halları ilə bağlı heç nə bilmədiyini, iddia ərizəsini vəkili tərtib etdiyini, boşandığı həyat yoldaşı Cavabdeh1 işlə bağlı olanları vəkilə dediyini, 2011 ya da 2012-ci illərdə nikahlarının məhkəməyə getmədən Qeydiyyat Şöbəsində pozulduğunu, münasibətlərinin 1-2 il olar pozulmasını, lakin dəqiq bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, qanuni əsaslarla alğı-satqı yolu ilə mənzili Cavabdeh1 almışdır. Həmin vaxtı Cavabdeh1 şəxsiyyət vəsiqəsində subay olması qeyd olunmuşdur. Cavabdeh1 ona qarşı eyni iddiası məhkəmələr tərəfindən təmin edilməmişdir. Bundan sonra iddiaçı eyni iddianı ona qarşı sürməklə, məhkəmələrdə əsassız iddia qaldırır. Hazırda da iddiaçının izahatından görünür ki, iddianı o yox, Cavabdeh1 vəkil vasitəsi ilə qaldırıb. Onların barəsində əsassız iddialara görə məhkəmə tədbir görməlidir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X8 və vəkil X9 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək, məhkəmə iclasının müalicəsi ilə bağlı başqa vaxta keçirilməsini, məhkəməni iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə kollegiyası iddiaçının üzürlü səbəbdən iştirak etməməsinə dair sübutun olmamasını, onun özünün xahişini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 24.04.2012-ci il tarixli, İK018/2012 saylı Alğı-Satqı və İpoteka müqaviləsindən görünür ki, İpoteka saxlayan "xxxx" ASC, satıcı X10 və alıcı Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 adına keçmiş və həmin əmlak ipoteka ilə yüklü edilmişdir. İşdə olan AZ-İ 143580 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 15 may 2012-ci il tarixli, 197 saylı akt qeydi ilə pozulmuşdur. Nikahın pozulması haqqında 15.05.2012-ci il tarixli, ********* saylı akt qeydindən görünür ki, İddiaçı ilə Cavabdeh1 14.04.2012-ci ildə nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 15 may 2012-ci ildə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28.9 kv.m ümumi sahəsindən, 16.1 kv.m yaşayış sahəsindən, 12.8 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1645 nömrəli reyestr kitabının 150917 nömrəli vərəqində 24.05.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 11.01.2018-ci il tarixli, ilkin Alğı-Satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh2 və satıcı Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 60000 (altmış min) manata satılması barədə razılığa gələrək müqavilə bağlamışlar. İşdə olan Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 23.01.2018-ci il tarixli, AN-İ №0670924 saylı Daşınmaz əmlakın Alğı-Satqı müqaviləsindən görünür ki, Məmmədova Sevda Binyət qızı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 44, 6 nömrəli mənzilini alıcı Cavabdeh2 satmışdır. İşdə olan Cavabdeh2 iddia müddətinin ötürülməsi barədə 13.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o evi aldıqda Cavabdeh1 və İddiaçı artıq 6 il idi ki boşanmışdılar. Azərbayan Respublikası Ailə Məcələsinin 36.9-cu maddəsinə görə nikah poulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələblərinə 3 illik iddia müddəti tətbiq olunur. Bundan başqa onlar bu evi boşanandan sonra alıblar, ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan "xxxx" ASC-nin 29.06.2021-ci il tarixli, MXD-551/21 saylı məktubundan görünür ki, “Bank of Baku'’ ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.04.2012-ci il tarixli, İK017/2012 saylı kredit müqaviləsinə əsasən, sonuncu 32000 manat məbləğində ipoteka krediti götürmüşdür. İpoteka kreditləşməsi üzrə müqavilədən əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, "xxxx" ASC, satıcı X10 və alıcı Cavabdeh1 arasında bağlanmış və Notariat Kontoru tərəfindən təsdiq edilmiş 24.04.2012-ci il tarixli, İK018/2012 saylı “Alğı-Satqı və İpoteka müqaviləsi”nə əsasən, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh1 adına keçmiş və ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 12.01.2018-ci il tarixində İpoteka krediti üzrə öhdəliyini tam icra etmişdir və hazırda "xxxx" ASC qarşısında ipoteka krediti üzrə icra edilməmiş borc öhdəliyi mövcud deyildir. Əlavə olaraq bildiririk ki, Cavabdeh1 24.04.2012-ci il tarixində götürmüş olduğu ipoteka krediti üzrə 01.05.2012-ci il tarixindən, 12.01.2018-ci il tarixinədək aylıq ödənişlər edilmiş (ödənişlər bankomat vasitəsilə və ya onlayn edildiyi üçün, konkret olaraq kimin tərəfindən edildiyi müəyyən edilməmişdir), qeyd olunan tarix aralığında ödənişlərin ümumi məbləği 45910,71 manat təşkil etmişdir. İşdə olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2021-ci il tarixli, **********62 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 44, 6 saylı mənzil 24.04.2012-ci il tarixli, 4Ə-01-187 reyestr nömrəli Alğı- Satqı və İpoteka müqaviləsinə əsasən 24.05.2012-ci il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 51 saylı notariat kontoru tərəfində təsdiq edilmiş, 23.01.2018-ci il tarixli, 4Ə-83 reyestr nömrəli daşınmaz əmlakın Alğı-Satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İşdə olan RX seriyalı, ******* ssaylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 44 saylı evin, 6 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə 02.02.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.08.2021-ci il tarixli, 2(102)-3577/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia, Cavabdeh2 Cavabdeh1 qarşı cavabdehin ünvan 4 ünvanından olan mənzilindən çıxarılması, son kirayə haqqını ödədiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər 300 manat olmaqla, kirayə haqqının hesablanaraq ödənilməsi, həmçinin bu günə qədər məənzilindən qanunsuz istifadə nəticəsində ona vurulmuş olduğu mənəvi ziyana görə 10000 manat məbləğin, həmçinin 30 manat dövlət rüsumunun ona qaytarılması qarşılıqlı iddia tələbləri ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 4, mənzil 6-dan çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)-1596/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.08.2021-ci il tarixli, 2(102)-3577/2021 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)Z Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)- 1596/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin onunla Cavabdeh1 arasında birgə nikah dövründə əldə edilməsinə, buna görə də, mənzil satılarkən onun razılığının alınmamasına istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsinə istinad etsə də, qeyd olunan halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya bununla bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. MM-nin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 337.1-ci, 337.3-cü, 337.4-cü maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 05.08.2011ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların ailə münasibətləri pozulduğu üçün, 14 aprel 2012-ci il tarixdə nikahın pozulması haqqında ərizə ilə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Mübahisəli mənzillə bağlı ipoteka saxlayan "xxxx" ASC, satıcı X10 və alıcı Məmmədova Sevda Binyət qızı arasında Alğı-Satqı və İpoteka müqaviləsi, İddiaçı ilə Cavabdeh1 arasında faktiki ailə münasibətləri pozulandan sonra, yəni 24.04.2012-ci il tarixdə bağlanmışdır. Tərəflər arasında nikahın pozulması haqqında şəhadətnamə 15 may 2012-ci ildə, X2 reyestr xidmətində mübahisəli mənzillə bağlı mülkiyyət hüququ 24.05.2012-ci ildə qeydə alınmışdır. Cavabdeh1 Cavabdeh2la 23.01.2018-ci ildə alğı-satqı müqaviləsi bağlayarkən subay statusunda olmuş, bundan əlavə nikahın pozulduğu 6 il ərzində iddiaçı tərəfindən Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü barədə hər hansı iddia irəli sürülməmiş, eyni zamanda ötən illər ərzində iddiaçının mübahisəli əmlaka dair payı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Hazırki halda da, Konstitusiya Məhkəməsinin mövqeyinə görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərt eyni zamanda olmalıdır: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Göründüyü kimi, mübahisəli mənzil İddiaçı ilə Cavabdeh1 arasında faktiki ailə münasibətləri pozulduqdan sonra əldə edildiyindən, iddiaçı tərəf mənzilin onların ümumi gəlirləri ilə əldə edilməsini sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir.Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Kollegiya hesab edir ki, mübahisəli mənzilin İddiaçı ilə Cavabdeh1 arasında birgə nikah dövründə əldə edilməsi müəyyən olunmadığından, iddiaçının hazırki iddia ilə bağlı tələb hüququ da yaranmır. Həmçinin iddiaçı iddia tələbi və apellyasiya şikayətində mənzilin alınması üçün bankın kreditinin bağlanmasına görə 17000 manat pul almasını qeyd etsə də, qeyd olunan halla bağlı heç bir sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyatorun digər dəlilləri alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. İddia tələbi rədd edildiyindən məhkəmə cavabdehin iddia müddətinin tətbiqi məsələsinə əlavə olaraq hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)- 1814/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9342/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9342/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver