Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9344/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının vəkili Mustafayev İlham Məcid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1020/2021 nömrəli 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Seyidova Sevda Əli qızına, Hüseynova Aygün Bayram qızına və Cəfərova Asya Adil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Seyidova Sevda Əli qızı arasında Seyidova Sevda Əli qızına mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin 2/6 hissəsinin 12 kv.m (yaşayış otağı) sahəsi barəsində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin evin 12 kvadrat metr sahəsinə (yaşayış otağına) mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ilin dekabr ayında İddiaçı ev almaq üçün vasitəçiyə müraciət etmişdir. 04 dekabr 2004-cü il tarixdə Seyidova Sevda Əli qızı Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin 2/6 hissəsinin 12 kv.m (yaşayış otağı) sahəsini iddiaçıya satmışdır. Evin qiyməti 6200 ABŞ dolları təşkil etmişdir. Alqı-satqı müqaviləsi notariat kontorunda bağlanmışdır. Müqavilə bağlanan zaman evdə qeydiyyatda olan digər şəxslər notariat kontoruna gələ bilmədiyinə görə notarial təsdiq olunmuş yox, sadə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxtdan ev iddiaçıya təhvil verilmiş, o evə köçmüş və cavabdehin razılığı ilə pasport qeydiyyatına düşmüşdür. İddiaçının müraciətindən sonra cavabdeh səlahiyyətli orqana aşağıdakı məzmunda ərizə yazmışdır: “mən Seyidova Sevda Əli qızı Bakı şəhəri Yasamal rayonu 2ci Nərimanov döngəsində yerləşən 0,021538 ha torpaq sahəsinin üzərində olan 2 ədəd 1 mərtəbəli 3 otaqlı 119,6 kv.m yaşayış, 44.3 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə, mənə məxsus 2/6 hissəsinə daxil olan yaşayış sahəsindən 12 kv.m hissəsinə sərəncam vermək hüququna dair İddiaçı 15.04.2014-cü il tarixdə etibarnamə vermişəm. Sözügedən ərizə plana düşərsə, satılası və digər hallar baş verərsə, mənim həmin hissəyə görə İddiaçı qarşı heç bir iddiam olmayacaq və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəm. Ərizəni yazaraq imzamla təsdiq edirəm”. Lakin həmin vaxtdan bu günədək dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1020/2021 nömrəli 17 iyun 2021ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Mustafayev İlham Məcid oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1020/2021 nömrəli 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş 04 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Seyidova Sevda Əli qızı Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin 2/6 hissəsinin 12 kv.m (yaşayış otağı) sahəsini alıcı İddiaçı 6200 ABŞ dollarına satmışdır. Müqavilə notariat qaydasında təsdiq edilməmişdir. İş materiallarında olan 04 dekabr 2004-cü il tarixli akta əsasən aktı imzalamış şəxslər İddiaçı, Seyidova Sevda Əli qızı, Sadıqova Təranə Məhəmməd qızı, Fərəcov Əlibaba Təkulla oğlu yuxarıda göstərilən əmlakın cavabdeh S.Seyidova tərəfindən iddiaçıya 6200 ABŞ dollarına satılmasını təsdiq etmişlər. Aktı imzalamış şəxslərin imzası notarius tərəfindən t əsdiq edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Seyidova Sevda Əli qızının Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi ünvanında yerləşən ümumi sahəsi 146 kv.m olan 13 nömrəl evin 2/6 hissəsi üzərində mülkiyyət hüquqları 28.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilən cavabdeh S.Seyidova tərəfindən İddiaçı 15.04.2014-cü il tarixli etibarnamə verilməsinə dair ərizəsindəki imzanın həqiqiliyi 27.05.2014-cü il tarixdə notarius tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh S.Seyidova tərəfindən İddiaçı verilmiş 15.04.2014cü il tarixli etibarnamədən görünür ki, S.Seyidova «Azərbaycan Respublikası DƏDRX-nın 11.08.2007-ci il ********* qeydiyyat nömrəli, MHO102148 seriyalı çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 nömrəl evin ona məxsus 2/6 hissəsindən 12 kv.metr hissəsiinə dair sənədləri toplamağı, lazımi sənədləri təqdim edib qəbul etməyi, idarə və təşkilatlarda , ƏMDK yanında DƏDRX-da və DT və XK-də onu təmsil etməyi .... gələcəkdə sərəncam verməyi və digər hərəkətləri etibar etmişdir. 04 dekabr 2004-cü il tarixdə qüvvədə olmuş və 24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla Mülki Məcəllədən çıxarılmış 335-ci maddəyə əsasən: 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il il tarixli qərarında göstərmişdir ki, «MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.” İş materiallarında olan etibarnamədən göründüyü kimi, mübahisəli əmlak 11.08.2007-ci il tarixdə cavabdeh S.Seyidovanın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakın 04 dekabr 2004-cü il tarixli müqavilə bağlandığı anda cavabdehin mülkiyyətində olmasını, yəni həmin əmlak barəsində sərəncam vermək hüququnun olmasını (o cümlədən satmaq hüququ) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdeh 27.05.2014-cü il tarixli ərizəsində iddiaçıya yalnız etibarnamə verməsini göstərmiş, cavabdehlə aralarında 04 dekabr 2004-cü il tarixdə alqısatqı müqaviləsinin bağlanmasını göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh Seyidova Sevda Əli qızının 2004-cü ilin dekabr ayında mübahisəli əmlakın mülkiyyətçisi olmasına dair məhkəməyə sübut təqdim olunmadığından, bununla da onun həmin əmlak barəsində həmin tarixdə sərəncam vermək hüququnun olması təsdiq edilmədiyindən, eyni zamanda S.Seyidovanın iddia ərizəsində göstərilmiş 27.05.2014-cü il tarixli ərizəsində onunla iddiaçı arasında 04 dekabr 2004-cü il tarixdə müqavilə bağlanmasını göstərməməsi məhkəməyə təqdim edilmiş müqavilənin həqiqiliyini şübhə altına aldığından, yəni həqiqətən tərəflər arasında belə müqavilənin bağlanmasını təsdiq etmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1020/2021 nömrəli 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1020/2021 nömrəli 17 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9344/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9344/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver