Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9346/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi (övladı) Yalçın Xakiyevin, Cavabdeh və cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşən 99M/1 nömrəli fərdi yaşayış evindən (bundan sonra – ev) çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, habelə iddiaçının nümayəndəsi Yalçın Xakiyev bildirdilər ki, iddiaçının əri MKİS rəisi olmuş, 2011-ci ildə torpaq sahəsi əldə etmiş və 2016-2017-ci illərdə orada iki mərtəbəli fərdi yaşayı evi inşa etmişdir. Cavabdeh MKİS-də süpürgəçi işlədiyinə və yaşayış yeri həmin evə yaxın olduğuna görə evə baxması və orada təmizlik işləri aparması üçün evin giriş qapısının açarı cavabdehə verilmişdir. Bundan başqa, həmin ərazidə yaşayan sakinlərdən biri iddiaçının ərinin (MKSİ rəisinin) barəsində müxtəlif dövlət orqanlarına şikayətlər (icazəsiz ev tikməsi barədə şikayətlər) etdiyinə görə iddianını əri evin “sahibi” kimi formal olaraq cavabdehi təqdim etmişdir. 06.01.2021-ci ildə iddiaçının əri “covid-19” xəstəliyindən vəfat etmişdir. Bundan sonra cavabdeh evi zəbt etmiş, evin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili Nümayəndə2 bildirdilər ki, cavabdeh MKİS-də xadimə işləyib, evi cavabdeh öz əri ilə birlikdə tikib. Cavabdehin əri anbardar işləyirdi. 2014-cü ildə evin birinci mərtəbəsi artıq hazır idi, 2016cı ildə evin damı bağlandı. 2014-cü ildən indiyə kimi cavabdeh evdə yaşayır. Hazırda cavabdeh qızı ilə birlikdə orada yaşayır. Cavabdehin qızı Pərvanə Musayeva apellyasiya icraatı zamanı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev özbaşına tikinti obyektidir. O cümlədən evin yerləşdiyi torpaq sahəsinə dair tərəflərin heç birinin adına hüquq müəyyənedici sənəd yoxdur. İddiaçı iddia edir ki, ev onun mərhum əri Elxan Xakiyev tərəfindən inşa edilib. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Buna baxmayaraq özbaşına tikinti obyekti (ev və s.) onu inşa etmiş şəxsin əməyinin maddiləşmiş nəticəsidir, həmin şəxs öz əməyinin nəticəsini başqasının qanunsuz sahibliyindən tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Lakin evin iddiaçının əri tərəfindən inşa edildiyini, yəni onun əməyinin nəticəsi olduğunu təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, birinci instansiya məhkəməsində iki nəfər şəxs şahid qismində dindirilib. Şahidlərdən biri - Bəhmən Mahmudov MKİS-də fəhlə olub. O, bildirib ki, iddiaçının ərinin tapşırığına əsasən 2017-2018-ci illərdə evin tikintisində fəhlə kimi işləyib. Digər şahid – Mərdan Camalov evin qonşuluğunda yaşayır. O, bildirib ki, 2010-cu ildən həmin ərazidə yaşayır, iddiaçının əri ona deyib ki, evi özü üçün tikdirir, bir qonşu kimi tikintiyə nəzarət etməyi ona tapşırıb, aradabir iddiaçının əri tikintiyə baxmaq üçün gəlib-gedirdi. Məhkəmə həmin iki şahidin ifadəsinə istinad edərək evin iddiaçının əri tərəfindən tikildiyini müəyyənləşdirə və cavabdehin oradan çıxarılmasını qət edə bilməz. Belə ki, şahid ifadələrinin məzmunu və şahidlər ilə iddiaçının ərinin arasında olmuş münasibətlər şahidlərin verdiyi məlumatın mötəbər sübut kimi qəbul edilməsinə imkan vermir. Bundan başqa, iddiaçının ərinin davranışı nəzərə alınmalıdır. O, ölənə qədər (06.01.2021-ci ilədək) evin özü tərəfindən inşa edildiyini, cavabdehin isə evə qanunsuz sahiblik etdiyini rəsmi və ya qeyri-rəsmi iddia etməyib. Ümumiyyətlə, sağlığında iddiaçının ərinin evə sahiblik etdiyini təsdiq edən sübut yoxdur. Məsələn, evdə iddiaçıya və ya iddiaçının ərinə məxsus olan hər hansı məişət əşyasının olduğunu və ya evin su, təbii qaz və elektrik enerjisi ilə təchizatına dair müqavilənin iddiaçının əri ilə bağlandığını təsdiq edən sübut yoxdur. Tərəflərin apellyasiya instansiya məhkəməsində təqdim etdiyi sənədlər sübut kimi istifadə oluna bilməz, çünki tərəflər həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmayıblar. Nəzərə alınmalıdır ki, hər iki tərəfin vəkili birinci instansiya məhkəməsində iştirak edib. Beləliklə, iddia əsassızıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9346/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9346/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver