Məhkəmə qərarları › İş №2(103)-9349/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9349/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9349/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9.300 (doqquz min üçü yüz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 9.200 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə özünə məxsus “Məktəbli” mağazasında tanış olmuşdur. Belə ki, Cavabdeh onun mağazasından müəyyən malları əldə edərək onların satışı ilə məşğul olurdu. Cavabdeh ona bildirmişdir ki, yeni il mallarını daha ucuz gətirə bilər. Bununla razılaşdığından ilk dəfə 23.08.2020-ci il tarixində cavabdehə 6.800 manat məbləğində, daha sonra 28.08.2020-ci il tarixində 2.500 manat məbləğində pul vermiş, o isə, 3 günə malı gətirəcəyini bildirmiş, lakin o söz verdiyi vaxtda malları gətirməmişdir. Malı, malı verə bilməyəcəyi təqdirdə isə ona verdiyi pulu sentyabr ayının 27-nə qədər tələb etmişdir. Sentyabr ayının 27 müharibə başladıqdan sonra Sumqayıt şəhər Hərbi Komissarlığından müharibəyə çağırılmış, müharibədə olduğu zaman əlaqə saxladıqda o malların gömrükdə tutulub saxlanıldığını bildirmişdir. Mübaribə bitdikdən sonra, dəfələrlə Mahmudla görüşüb ona verdiyi pulu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu dekabr ayında verəcəyini, daha sonra yenidən tələb etdikdə, apreldə verəcəyini bildirmişdir. Lakin o bu müddət ötdükdən sonra belə pulu ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi qeyri-qanuni və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qeyri-obyektiv qətnamə qəbul etmişdir. İş üzrə araşdırılan hallarla Cavabdeh İddiaçı hazırda hər-hansı bir məbləğdə borcunun olmaması sübuta yetirilsə də birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh 8.930 manat pulun İddiaçı xeyrinə tutulmasını qət etdi. Araşdırma zamanı Cavabdeh İddiaçı 9.200 götürməsini, daha sonra işləri alınmadığından bu məbləği hissə-hissə İddiaçı ödəməsini bildirsə də qətnamədə Cavabdeh ödəmiş olduğu məbləğin 300 manat və 2.500 manat kimi göstərməsi, bu məbləğin isə 300 manat hissəsinin nəzərə alınıb əsas məbləğdən çıxılması qeyd edilmişdir. Qətnamədə isə Cavabdeh məbləği hissə-hissə olsa da tam olaraq ödəməsi ilə əlaqədar izahatın bu hissəsi qeyd edilməyib və qeyd olunan məbləğə əhəmiyyət verilməyib. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyətli halları nəzərə almadan, qiymət vermədən iddiaçının əsassız iddiasının qismən təmin olunması barədə qətnamə çıxarmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh İddiaçı 9.200 manat məbləğində borc alması və həmin borcundan 300 manatını qaytarması, 8.900 manat borcunun qalması təsdiq edilir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbov çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakiminə ünvanladığı 21.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 6.800 manan bir, 2.400 manat da bir olmaqla, cəmi 9.200 manat məbləğində pul aldığını etiraf etmişdir.(İ.vər. 25) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh şifahi borc müqaviləsi üzrə borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbov apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbov apelyasiya şikayətində Cavabdeh İddiaçı 9.200 götürməsini, daha sonra işləri alınmadığından bu məbləği hissəhissə İddiaçı ödəməsini bildirsə də, göstərilən hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Telman Talıbovun apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar