Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9356/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-1958/2021saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 14.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5100 manat pul, 4080 manat əldən çıxmış fayda, 1020 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(004)-1958/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 Adil oğlundan 2800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2830 manat pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan, yəni - “Cavabdeh2 Adil oğlundan 2300 manat pul, 4080 manat əldən çıxmış fayda, 1020 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməsi, iddia tələbinin Cavabdeh1 qarşı hissədə tam rədd edilməsi qət olunmuşdur. Cavabdeh2 Adil oğlu 02.03.2021-ci il tarixdə poçt vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(004)-1958/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti 10.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli 2(004)-1958/2020 saylı qərardadı ilə Cavabdeh2 Adil oğlunun iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(004)-1958/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti, qanunla müəyyən edilmiş bir aylıq prosessual müddət buraxıldığına görə geri qaytarılmışdır. Cavabdeh2 Adil oğlu 05.07.2021-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(004)- 1958/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatətə apelyasiya şikayətini əlavə etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-1958/2021 saylı qərardadı ilə Cavabdeh2 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(004)-1958/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi rədd edilmişdir. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadı təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, həmin vaxt Bakı şəhərində olmaması səbəbindən qətnaməni rəsmi qaydada əldə etməmişdir. 07 yanvar 2021-ci il tarixində qətnaməni rəsmi qaydada almış, 17 yanvar 2021-ci il tarixində öz apellyasiya şikayətini Yasamal rayon Məhkəməsinə poçt vasitəsilə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, onun yaxın qohumu xəstə olduğu üçün, üzürlü səbəbdən vaxtında şikayət verməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etməyərək, izahatında qeyd etdi ki, cavabdeh əsassız olaraq süründürməçiliklə məşğuldur. Cavabdeh Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materillarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020ci il tarixli 2(004)-1958/2020 nömrəli qətnaməsinin surəti 18.03.2020-ci il tarixli məktubla Cavabdeh2 ünvan 1 ünvana sifarişli xəbərnaməli poçt vasitəsilə göndərilmişdir. Zərfin üzərində 13.05.2020-ci il tarixdə “ev satılıb-köçüb” qeydi yazılmaqla geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 məhkəməyə gələrək, qətnamənin surətini 07.01.2021-ci il tarixdə şəxsən almışdır. Məhkəmə qəbzindən görünür ki, Cavabdeh2 07.01.2021-ci il tarixdə qəbzə imza etməklə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(004)-1958/2020 nömrəli qətnaməsini məhkəmədən şəxsən almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı ərizə düzgün olaraq təmin edilməmişdir. Belə ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd etsə də, həmin üzürlü səbəblər barəsində müvafiq sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)- 1958/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9356/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9356/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver