Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9362/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(004)-3296/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 53 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı valideynləri ilə birlikdə 1960-cı ilə kimi başqa ünvanda yaşamış, 1960-cı ildə mübahisə olunan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 53 saylı mənzili almışlar. O, 1981-ci ilə kimi həmin mənzildə yaşamış, ailə qurduqdan sonra mənzildən köçmüşdür. Mənzil anası X3, X11, X12, X15, Cavabdeh və mərhum qardaşı X5 adına olmuş, lakin anasının vəfatından sonra vərəsəliklə bölünmüş və anası X3 payı 1/18 hissədə onun, 1/18 hissədə vəfat etmiş qardaşı X5, 4/18 hissə isə Cavabdeh olmaqla, 28.06.2018-ci il tarixli Çıxarışla mülkiyyəti tanınmışdır. O, bir müddət ona düşən otağa oğlu X1, oğlu cavabdehin qızı ilə ailəli olduğu üçün və onun cavabdehlə mübahisəsi olduğundan özü mənzilə köçməmiş və kirayədə qalmışdır. Hal-hazırda da kirayədə yaşayır, oğlu ilə də cavabdeh arasında mübahisə yarandığından mənzildən çıxaraq Rusiya Federasiyasına getmişdir, lakin ailəsi hazırda da onun otağında yaşamağa davam edir. Kirayə pulunu ödəməkdə çətinlik çəkir və bu səbəbdən də o, öz evinə köçüb yaşamaq məcburiyyətindədir. Lakin cavabdeh buna maneə yaradır və onun xüsusi mülkiyyət hüququndan sərbəst istifadə hüququnu qanunsuz olaraq ciddi şəkildə pozur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(004)- 3296/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun tamamilə ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli evdə bir məhəllədə olmaqla dörd ailə yaşayır. Həmin evdə paylar konkret olaraq müəyyən deyil, iddiaçıya məxsus 1/18 hissəsi olan yaşayış sahəsi müəyyən olunmalıdır. Sanitar qovşaq, hamam, işıq, su, qaz və sair cavabdeh tərəfindən yaradılıb, kommunal xidmətlər üzrə sayğaclar da onun adınadır. Belə olan halda iddiaçının köçəcəyi yer məlum deyildir. Bundan başqa iddiaçının Abşeron rayonunun Masazır qəsəbəsində də evi vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxslər X15, X13 və X11 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X8 görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 53 saylı evin 1/18 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 40811 nömrəli vərəqində 28.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.06.2021-ci il tarixli məktubundan görünür ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 53 saylı evin 1/3 hissəsi X9, 1/3 hissəsindən 1 otağı (22.0 kv.m) X6, 1/3 hissəsindən qalan hissəsi X7, 1/18 hissəsi X4, 1/18 hissəsi X10, 4/18 hissəsi Cavabdeh, 1/3 hissəsindən qalan hissəsinin bir hissəsi X2 mülkiyyətlərindədir. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən 53 saylı evin 1/18 hissəsinin mülkiyyətçisidir, cavabdeh tərəf də həmin hissənin iddiaçıya məxsus olmasını qəbul edərək mübahisələndirmir və ona görə də iddiaçı mülkiyyətində olan evə köçürülməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinin tələbinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. İşin məhkəmə kollegiyası tərəfindən araşdırılan hallarından göründüyü kimi, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisidir, lakin öz əmlakı üzərində faktiki sahiblikdən və ondan istifadədən məhrum olmuşdur, bu da onun əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədərək bu hüququndan istifadə etmək imkanını məhdudlaşdırmışdır. Belə olan halda, Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdehin iddiaçının paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçüb yaşamasına imkan verməməsi əmlakda payı olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə hesab edir ki, mübahisəli fərdi yaşayış evində paylar müəyyən edilmişdir, hazırda payın ayrılması üsulu və şərtləri barədə paylı mülkiyyətin mülkiyyətçiləri arasında razılığın olmaması və yaxud payların naturada ayrılmaması iddiaçını paylı mülkiyyətçi kimi evə sahiblik və ondan istifadə etmək hüquqlarından məhrum edə bilməz. Belə ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir və bu hüququndan istifadə etməmək iddiaçını paylı mülkiyyətində olan evə köçüb ondan istifadə etmək hüququndan məhrum etmək üçün əsas deyil. Həmçinin, iddiaçının başqa yaşayış yerinin olması onun mülkiyyətində olan əmlakdan istifadə etmək imkanınını məhdudlaşdırmır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(004)- 3296/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9362/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9362/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver