Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-937/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh/iddiaçı Cavabdeh2 MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(006)-1955/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrin ləğv edilməsi, ona dəymiş mənəvi zərər olaraq 15000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 01 oktyabr 2018-ci il tarixindən Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsində çalışmışdır. Fəaliyyət göstərdiyi müddətdə qazandığı iş təcrübəsi və fəaliyyət bacarıqları sayəsində Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin fəaliyyətinə böyük töhfələr vermişdir. Lakin buna baxmayaraq Cavabdeh2 MMC-nin rəhbərliyi, xüsusilə hazırki iddia ərizəsi üzrə Cavabdeh1 tərəfindən haqsız narazılıqlara, işdən çıxarılma ilə bağlı təhdidlərə, qanunsuz və əsassız yoxlama və araşdırmalara məruz qalmışdır. Bunun mənasız və məntiqsiz nəticəsi olaraq 07 yanvar 2021-ci ildə iddiaçının barəsində 02-K/2021 saylı əmr çıxarılmışdır. Əmrə əsasən iddiaçı İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsindən azad olunaraq, protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdi. Adıçəkilən əmri guya “əsaslandırmaq” istəyən Cavabdeh1 iddiaçının vəzifəsinin aşağı salınmasını 2020-ci ildə qlobal artım perspektivlərinin daha da pisləşməsini və ölkədə yaranan mövcud vəziyyətlə əlaqələndirmişdir. Əmr çıxarıldıqdan sonra iddiaçıya yeni əmək müqaviləsinin bağlanması barədə razılaşma da göndərilmişdir. Barəsində çıxarılmış aşağı vəzifəyə keçirmə barədə 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmr qanunsuz və ədalətsiz olduğu üçün iddiaçının mənəvi zərər almağı ilə nəticələnmişdir. İddiaçıya mənəvi zərər olaraq 15000 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun xeyrinə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 2020-ci ildə qlobal iqtisadi artım perspektivlərinin daha da pisləşməsi və ölkədə yaranan mövcud vəziyyətlə əlaqədar Cavabdeh2 MMC-nin strukturunda dəyişiklikləri aparılması zərurəti yarandığından Cəmiyyətin Maliyyə, İnsan resursları və İnzibati İşlər üzrə Departamentləri ləğv edilmiş, Cəmiyyətdə Maliyyə və İnzibati İşlər üzrə Departament yaradılmış, İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin funksiyaları Maliyyə və İnzibati İşlər üzrə Departamentinə keçirilmiş, Cəmiyyətin ştat cədvəlində protokol üzrə mütəxəssis yeni ştat vahidi yaradılmışdı. Göründüyü kimi, aparılan struktur dəyişiklikləri sırf biznes prosesləri ilə əlaqəli olmuş, hazırda Cəmiyyətin işçilərinin sayının çox olmaması səbəbindən ayrıca İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin saxlanmasına zərurət qalmamışdı, həm də həmin departamentin yeganə işçisi cavabdeh İddiaçı olmuşdur. Onun əmək hüquqlarını pozmamaq üçün verilən əmək haqqında heç bir dəyişikliklər olmamışdı. Biznes proseslərinin effektiv idarə edilməsi və optimallaşdırılması üçün cavabdehin razılığı tələb olunmur. Cavabdeh iddia ərizəsində hər yerdə onun Cavabdeh1 adına istinad edir, halbuki, Cavabdeh1 əmri öz adından deyil, Cavabdeh2 MMC-nin adından işəgötürən qismində çıxış etməklə vermişdir. Bundan başqa cavabdeh iddia ərizəsində “Cavabdeh1 tərəfindən haqsız narazılıqlara, işdən çıxarılma ilə bağlı təhdidlərə, qanunsuz və əsassız yoxlama və araşdırmalara məruz qalmışdır” kimi ifadələrə yer verməklə Cavabdeh1 işgüzar nüfuzuna xələl gətirməklə zərər vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(006)-1955/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh/iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqli iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Paşa Technology" MMC-də ümumiyyətlə struktur olaraq, departament olmamışdır. İşçi sayının az olması ilə əlaqədar olaraq, departamentin yaradılmasına ehtiyac olmamışdır. Eyni zamanda İddiaçı də orada departament rəhbəri kimi yox, İnsan Resursları və inzibati işlər üzrə rəhbər vəzifəsində çalışmışdır. Məhkəmədə ələb olunmasına baxmayaraq, Cavabdeh2 MMC İddiaçı işə qəbul olunan zaman mövcud təsdiq edilmiş ştat cədvəlini, şirkətin təşkilati strukturunu və onların qeyd etdiyi struktur dəyişikliyindən sonra təsdiq edilmiş ştat cədvəlini və təşkilati strukturu məhkəməyə təqdim etməmişdir. Həmçinin tələb olunmasına baxmayaraq, vəzifə dəyişikliyi ilə bağlı onun razılığını əks etdirən heç bir sənəd (ərizə, müqaviləyə əlavə razılaşma, müqavilə) olmadığından cavabdeh verdiyi əmrin əsaslandırıcı sənədləri sayılan qeyd edilən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi əmək müqaviləsi tərəflərin sərbəst formada iradə ifadəsinin məhsulu hesab edilir. Hazırki işdə isə cavabdeh tərəf olan Cavabdeh2 MMC İddiaçı barəsində 07 yanvar 2021-ci il tarixli, 02-K/2021 saylı əmr çıxarmaqla onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh2 MMC onun vəzifəsini aşağı vəzifəyə keçirməklə bağlı əmri qəbul etdiyi gün ünvanına əmək müqaviləsinə əlavə adlı razılaşma göndərmişdir. Lakin, həmin razılaşmanı təbii ki, imza etməmişdir. Buna baxmayaraq, e-gov.az-dan sosial arayış əldə edərkən vəzifəsinin aşağı salınması protokol üzrə mütəxəssis vəzifəsinə təyin olunmağı barədə informasiya əldə etmişdir. Qətnamənin hüquqi əsaslandırılmasından göründüyü kimi, işçi onun razılığı ilə daha aşağı ixtisaslı işçinin vəzifəsinə keçirilə bilər. Hazırki işdə isə İddiaçı aşağı vəzifəyə keçirilməyi onun razılığı olmadan həyata keçirilmişdir. Qətnamənin nə faktiki, nə də ki hüquqi əsaslandırılması işin həqiqi hallarına və əmək qanunvericiliyinin tələblərinə uyğunluq təşkil etmir. Məhkəmə prosesi gedişində cavabdeh tərəf əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi təqdim etmişdir. Həmin bildirişin son bəndində əmək müqaviləsinə edilən dəyişikliklərin məzmunu ilə bağlı qeyd vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsində göstərildiyi kimi əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı edilir. Cavabdeh2 MMC ilə bağlanmış əmək müqaviləsinin tərəfi olaraq onun hər hansı razılığı olmamışdır. Razılıq olmadığı təqdirdə əmək müqaviləsinə necə dəyişikliklər edilir və həmin “dəyişikliklər” əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində öz əksini tapır. Daha sonra həmin bildirişin son bəndində İddiaçı vəzifəsi düzgün olmayan şəkildə qeyd olunmuşdur. Belə ki, o, heç vaxt İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsində çalışmamışdır. Cavabdeh2 MMC-nin onunla bağlanmış əmək müqaviləsində vəzifəsi İnsan Resursları və İnzibati İşlər üzrə rəhbər olaraq qeyd olunmuşdur. Bundan əlavə, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinə edilən dəyişikliklərin məzmunu bölməsində əmək müqaviləsinə dəyişikliklərin edilməsi barədə qeydlər işəgötürən tərəfindən aparılmışdır. Əslində həmin qeydlər sistemdən çıxarılmış bildirişdə əks olunmur. Belə ki, İddiaçı aid olan əvvəlki əmək müqaviləsi bildirişində əmək müqaviləsinə edilən dəyişikliklər barədə hər hansı qeyd yoxdur. Buradan belə nəticə çıxır ki, bildirişdə qeyd olunan əmək müqaviləsinə edilən dəyişikliklər işəgötürənin özü tərəfindən aparılmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə qarşılıqlı iddianı rədd edərkən göstərmişdir ki. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, lakin Cavabdeh1 öz iddiasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı, onun vəkilinümayəndəsi Vəkil2 və X3 İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Cavabdeh1in isə apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh2 MMC-nin vəkili-nümayəndəsi Vəkil1 və sonuncu iclasında iştirak edən Nümayəndə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh1in isə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs MMC məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə kollegiyası MPM-nin 376-cı maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını nəzərə alıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1in apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia ərizəsinin rədd edilməsi hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və apellyasiya baxışı zamanı tədqiq edilmiş: --Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli 01-D/2021 saylı əmrindən görünür ki, 2020-ci ildə qlobal iqtisadi artım perspektivlərinin daha da pisləşməsi və ölkədə yaranan mövcud vəziyyətlə əlaqədar, Cəmiyyətin strukturunda dəyişiklikləri aparılması zərurəti yarandığından Cəmiyyətin Maliyyə, İnsan resursları və İnzibati İşlər üzrə Departamentləri ləğv edilməsi, Cəmiyyətdə Maliyyə vəİnzibati İşlər üzrə Departamentinin yaradılması, İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin funksiyaları Maliyyə və İnzibati İşlər üzrə Departamentinə keçirilməsi, Cəmiyyətin ştat cədvəlində protokol üzrə mütəxəssis yeni ştat vahidi yaradılması, əmrin 07.01.2021-ci il tarixdən qüvvədə minməsi əmr edilmişdir. -Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş, tarixi qeyd edilməyən 02-K/2021 saylı əmrdən çıxarışdan görünür ki, 2020-ci ildə qlobal iqtisadi artım perspektivlərinin daha da pisləşməsi və ölkədə yaranan mövcud vəziyyətlə əlaqədar, Cəmiyyətin strukturunda dəyişiklikləri aparılması zərurəti yaranmışdır. Struktur dəyişiklikləri ilə əlaqədar Cəmiyyətin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin rəhbəri 07 yanvar 2021-ci il tarixindən tutduğu vəzifəsindən azad edilsin, əmək haqqı ştat cədvəlinə uyğun olaraq sallanılmaqla, protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilsin və onunla yeni əmək müqaviləsinə əlavə bağlanılsın. - Paşa Technology” MMC-nin 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı-struktur dəyişiklikləri ilə əlaqədar Cəmiyyətin İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin rəhbəri 07 yanvar 2021-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmiş, əmək haqqı eyni saxlanılmaqla Cəmiyyətin protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş və onunla yeni müddətsiz əmək müqaviləsi bağlanması, əmrin icrasının Maliyyə və İnzibati İşlər üzrə Departamentinin rəhbəri X4 tapşırılsın. - 07.01.2021-ci il tarixli 04 saylı əmək müqaviləsinə 03 saylı əlavə olan «razılaşma» adlanan 4 bənddən ibarət sənəddən görünür ki, razılaşma işəgötürən tərəfindən imzalansa da, işçi Ş.Elnarə tərəfindən imzalanmamışdır. - Tərəflər arasında bağlanmış 01.10.2018-ci il tarixli əmək müqaviləsinin 10.1 bəndinə əsasən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranan əmək mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıqı yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. - Sözügedən müqavilənin Vİİİ hissəsində qeyd edilmişdir ki, əmək müqaviləsinə dəyişikliklər, əlavələr və düzəlişlərin aparılması tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir və müqavilənin ayrılmaz və tərkib hissələrini təşkil edərək, tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılmış dəyişikliklə, əlavələrə və düzəlişlər hüquqi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 MMC-də “İR və inzibati işlər üzrə koordinator”, “İnsan resursları və inzibati işlər üzrə rəhbər” vəzifələrində olmuş, 07 yanvar 2021-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmiş, əmək haqqı eyni saxlanılmaqla Cəmiyyətin protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, lakin onunla yeni müddətsiz əmək müqaviləsi bağlanmamışdır. İlk iddiaçı Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş 02-K/2021 saylı, 07.01.2021 nömrəli əmrin qanuniliyini mübahisələndirərək hesab etmişdir ki, barəsində çıxarılmış aşağı vəzifəyə keçirmə barədə sözügedən əmr qanunsuz olmuşdur. Belə ki, buna onun əmək qanunvericiliyinin tələblərinə uyğun razılığı alınmamışdır. İlk iddiaya etirazında cavabdeh əmrin verilməsinin qanuni olmasının əsası kimi MMC-də aparılan struktur dəyişikliklərinin sırf biznes prosesləri ilə əlaqəli olması, hazırda Cəmiyyətin işçilərinin sayının çoxolmaması səbəbindən ayrıca İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin saxlanmasına zərurət qalmaması, həm də həmin departamentin yeganə işçisi cavabdeh İddiaçı olması həmçini də biznes proseslərinin effektiv idarə edilməsi və optimallaşdırılması üçün cavabdehin razılığı tələb olunmaması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, tərəflərin arasında əmək münasibətlərinin dəyişdirilməsinə əsas verən əmrin qanuniliyinə, məhkəmələr tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Birinci instansiya məhkəməsi ilkin iddia ərizəsinin təmin edilməməsi barədə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 12, 43.1, 43.4, 56, 59-cu maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 23.12.1993-cü il tarixli Qərarının 14-cü bəndinə istinadən belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı barəsində çıxarılmış aşağı vəzifəyə keçirilmə barədə 07 yanvar 2021ci il tarixli, 02-K/2021 saylı əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək qaydalarına əməl olunmaqla çıxarılmışdı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 23.12.1993-cü il tarixli Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarının 1 və 4-cü hissələrinə əsasən qüvvədən düşmüşdür. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən İddiaçı barəsində çıxarılmış aşağı vəzifəyə keçirilmə barədə 07 yanvar 2021-ci il tarixli, 02-K/2021 saylı əmr AzərbaycanRespublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək qaydalarına əməl olunmaqla çıxarılmasına dair nəticəsi əmək qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirilə bilməz. Belə ki, işin materiallarından görünür ki, İddiaçı məhz bağladığı 01.10.2018-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə,ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etməklə onu əmək haqqının eynilə saxlanmasına baxmayaraq başqa işə keçirilmə faktı olmuşdur ki, bu halda da əmək qanunvericiliyiin tələbinə əsasən buna da yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilə bilərdi. Göründüyü kimi, ilk iddia üzrə cavabdehin iddiaya etirazın əsası kimi biznes proseslərinin effektiv idarə edilməsi və optimallaşdırılması üçün cavabdehin razılığı tələb olunmaması dəlili əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin tələblərinə tamamilə zidd olmaqla subyektiv mülahizədir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə, müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. İşin materiallarından görünür ki, 07 yanvar 2021-ci il tarixindən tutduğu vəzifəsindən azad edilməklə Cəmiyyətin protokol üzrə mütəxəssis vəzifəsinə təyin edilməsinə dair əmr İddiaçı belə bir yazılı razılığı olmaması ilə verilmiş, onunla yeni müddətsiz əmək müqaviləsi bağlanması məqsədi ilə 07.01.2021-ci il tarixli 04 saylı əmək müqaviləsinə 03 saylı əlavə olan «razılaşma» adlanan 4 bənddən ibarət sənəd tərtib edilsə də, bu sənəd işçi Ş.Elnarə tərəfindən imzalanmamışdır. Göründüyü kimi, işçinin razılığı olmadan onun vəzifəsi dəyişdirilərək başqa vəzifəyə keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrin ləğv edilməsi hissəsi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək səhv hüquqi nəticəyə gəlmiş, mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməməsinə düzgün hüquqi qiymət verməmişdir, buna görə də qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Lakin bununla yanaşı kollegiya qeyd etməyi də zəruri hesab edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçının əsas iddia tələbi Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş 02-K/2021 saylı, 07.01.2021 nömrəli əmrinin ləğv edilməsi olmuş, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə ayrıca tələb irəli sürməmişdir. Lakin, həm işin tədqiq olunan mübahisəsiz hallarından, tərəflərin izahatlarından və ən əsası qətnamənin gələcəkdə realizə oluna bilməsi imkanı baxımından kollegiya hesab edir ki, iddiaçının tələbi təmin edilərək mübahisələndirilən əmr ləğv edildikdə, o əvvəlki vəzifəsinə də bərpa olunmalıdır. Məhkəmə kollegiyası bunu iddia iddianın predmetinin dəyişdirilməsi halı kimi qiymətləndirilməyərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarına əsasən, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilməklə həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasına dair tövsiyyələrini, göstərişlərini hesab edir ki, məhz qətnamənin gələcəkdə realizə oluna bilməsi və ilk iddiaçının da qanunla qorunan mənafelərin real bərpası təmin olunmalı olması baxımından - Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli 01- D/2021 saylı əmrinin mübahisələndirilməməsinə baxmayaraq həmin MMC-nin direktorunun 02- K/2021 saylı, 07.01.2021 nömrəli əmri qanunsuz olduğu üçün ləğv edilməklə kifayətlənməməli, iddianın predmetinin dəyişdirmədən, iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlanmaqla o, əmr qəbul edilməmişdən əvvəlki vəzifəsinə, Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında bağlanmış 01.10.2018-ci il tarixli əmək müqaviləsi hazırda qüvvədədir, ləğv edilməmişdir və onun Vİİİ hissəsinə əsasən də birtərəfli qaydada aparılmış (ilk iddiaçının orada imzası yoxdur) 07.01.2021-ci il tarixli 04 saylı əmək müqaviləsinə 03 saylı əlavə olan «razılaşma» adlanan 4 bənddən ibarət sənəd hüquqi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddia ərizələrinin mənəvi ziyanın tutulmasına dair tələblərin əsassız olmasına dair mövqeyi ilə isə razılaşaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, “mənəvi zərər” adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ilk iddiaçı və cavabdeh tərəfindən onlara mənəvi ziyan vurulması sübuta yetirilmir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Qanunvericiliyə əsasən mənəvi zərərin vurulduğunu iddia edən iddiaçılar mənəvi zərərə məruz qalmasına dair sübutları məhkəməyə təqdim etməlidir. Belə iddia ilə çıxış edən ilkin və qarşılıqlı iddiaçılar isə heç bir sübutu məhkəməyə təqdim etməyərək, mənəvi ziyana görə müəyyən məbləğ tələb edirlər. Belə olan halda, kollegiya ilk iddiaçının apellyasiya şikayətinin bu hissədə, qarşılıqlı iddiaçının isə apellyasiya şikayətinin əsassız olması və qətnamənin qeyd edilən hissələr üzrə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(006)-1955/2021 saylı qətnaməsi “ilkin iddia ərizəsinin təmin edilməməsi hissəsində” qismən ləğv edilsin. Həmin hissədə iddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən qəbul edilmiş 02-K/2021 saylı, 07.01.2021 nömrəli əmri ləğv edilsin və İddiaçı əmr qəbul edilməmişdən əvvəlki vəzifəsinə, yəni Cavabdeh2 MMC-nin İnsan Resursları və İnzibati İşlər üzrə Departament rəhbəri vəzifəsinə bərpa edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-937/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-937/2022
03.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver