Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-937/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “borcun silinməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi və sair” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «borcun silinməsi, öhdəliyə xitam verilməsi və adın borclu şəxslərin siyahısından çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 820 ABŞ dolları 20 sent faizin silinməsi, LPO Cavabdeh ASC-nin qarşısındakı öhdəliyinə xitam verilməsi, adının Azərbaycan Kredit Bürosunda (Mərkəzləşdirilmiş Kredit Reyestrində) borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin LPO Cavabdeh ASCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 2010-cu il tarixli müqaviləyə əsasən, bu bankdan 1.600 ABŞ dolları istehlak krediti götürmüşdür. Cavabdeh ASCdən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Lakin, 2022-ci ilin noyabr-dekabr aylarında o, istehlak krediti almaq məqsədi ilə bir neçə banka müraciət etdikdə ona bildirmişlər ki, mərkəzləşdirilmiş kredit reyestri məlumatlarına əsasən onun Cavabdeh ASC-yə 820 ABŞ dolları 20 sent faiz borcu var və ona kredit verilə bilməz. Diqqətə çatdırır ki, istehlak kreditini 2010-cu il tarixdə götürmüşdür və müqavilə bir il müddətinə bağlanmışdır. Yəni müqavilənin icra müddətindən 12 il müddət keçmişdir. Bu müddət ərzində bankın əməkdaşları mübahisə predmeti olan borcla bağlı onunla heç bir əlaqə saxlamamışdır. Əgər banka bu qədər faiz borcu qalmışdırsa, niyə bu borc ondan on iki illik müddət ərzində tələb olunmamışdır? Bir daha bildirir ki, Cavabdeh ASC-dən götürdüyü krediti tam həcmdə ödəməklə vaxtında bağlamışdır. Belə ki, Cavabdeh ASCnin əməkdaşları tərəfindən borc məbləği 2012-ci ildə bir dəfəlik ödəməsinə baxmayaraq, həmin borca faiz hesablanmasını dayandırmamış və ya borc məbləğini silərkən faiz borcunu sistemdən silməmişdir. Göstərilən halların hər biri qanunvericiliyin tələblərinə ziddir. Nəzərə çatdırır ki, Cavabdeh ASC-nin əməkdaşlarının səhlənkarlığına görə o, digər kommersiya banklarından və ya bank olmayan kredit təşkilatlarından kredit götürə bilmir. Bu da onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hüquqlarına yaradılan qanunsuz məhdudiyyət hələ də davam etməkdədir. Bunu da nəzərə çatdırmaq istəyir ki, həmin istehlak kreditini götürdüyü vaxtdan artıq 12 illik bir müddət keçib. Bank qarşısında heç bir öhdəliyinin olmamasına baxmayaraq ümumən öhdəliyin icra müddəti ilə bağlı qanunvericiliyin tələbinə əsasən, on il keçdikdən sonra öhdəliyə xitam verilir. Beş il keçdikdən sonra isə kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər qüvvəsini itirir. Bildirir ki, göstərilənlərlə bağlı LPO Cavabdeh ASC-nin işlərini aparan ƏSF-ya ünvanladığı səhv hesablanmış faiz borcunun silinməsi, adının Mərkəzləşdirilmiş Kredit Reyestrindən borclular sırasından çıxarılması barədə məktuba ƏSF 08 iyun 2023- cü il tarixli **********312 saylı cavab məktubu ilə olmayan borcu ödəməli olduğu bildirilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. İlk növbədə izah olunmalıdır ki, iddia ərizəsində iddiaçı CavabdehASC-yə 820 (səkkiz yüziyirmi) dollar 20 sent faiz borcu olduğunu tanımamışdır. Belə ki, bu “faiz borcu” barədə məlumat ona Mərkəzləşdirilmiş Kredit Reyestrinindən məlumat alandan sonra bəlli olmuşdur. İddiaçı iddia ərizəsində də göstərmişdir ki, əgər iddiaçının banka bu qədər faiz borcu qalmışdırsa niyə bu borc ondan on ildən çox müddət ərzində tələb olunmamışdır? Və bildirmişdir ki, Cavabdeh ASC-dən götürdüyümkredititamhəcmdə ödəməklə vaxtında bağlamışdır. Yəni borcun olması heç bir məhkəmə qətnaməsi, dövlət orqanı və ya üçüncü şəxs tərəfindən təsdiqlənmir. İddiaçı “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsinə istinad etmişdir: Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. İddiaçı iddia etmişdir ki, Mərkəzləşdirilmiş kredit reyestrinin məlumatlarına əsasən kreditin verilmə tarixi 16 mart 2010-cu il, kredit müqaviləsinin bitmə tarixi 16 mart 2011-ci ildir. Göründüyü kimi bu günkü tarixə qədər 12 (on iki) ildən çox müddət ötmüşdür. Yəni, 10 illik müddət başa çatması səbəbindən həmin məlumat Reyestrdən çıxarılmalı və məhv edilməlidir. “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsində göstərilən 10 illik müddət kəsici müddətlərə aiddir. Maddədə Kredit bürosunun topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlaması və bu müddət başa çatdıqdan sonra məlumatın məhv edilməsi və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilməsi nəzərdə tutlmuşdur. İddiaçının tələbinin əsas hissəsi də bundan ibarətdir. Yəni iddaçı adının Azərbaycan Kredit Bürosunda (Mərkəzləşdirilmiş Kredit Reyestrində) borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasını tələb edir. Hesab edir ki, iddianın məzmunundan göründüyü kimi göstərilən maddənin tələbləri iddia müddətinin ötüb-ötməməsindən aslı deyildir və 10 illik müddət başa çatdıqdan sonra məlumatın məhv edilməsi və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilməsini imperativ norma olaraq tələb edir. Nəzərə alınmamışdır ki, faiz borcunu təsdiq edən məhkəmə qətnaməsi də yoxdur, bu yalnız cavabdehin hesablamalarına əsasən belədir və bu əsasla həmin borcun olmasının təsdiq edilməsi əsassız və qanunsuzdur.
5. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və xüsusi olaraq vurğuladı ki, həm “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsində göstərilən 10 illik müddət kəsici müddətlər keçmişdir, həm də ki, MM-in 551-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçmişdir.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan: Mərkəzləşdirilmiş kredit reyestri məlumatlarında İddiaçı Cavabdeh ASC qarşısında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 820 ABŞ dolları 20 sent faiz üzrə borcunun olduğu qeyd olunmuşdur. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Fond tərəfindən iddiaçının müraciətinə 08 iyun 2023-cü il tarixli məktubla cavab verilmiş, onun xx.xx.2010- cu il tarixli Kİ-4036/AG saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 820 ABŞ dolları 28 sent borcunun olduğu qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. ...İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. ...Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki, bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki, onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Tətbiq edilən prosessual hüquq normaları:
11. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
12. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsində göstərilən 10 illik müddət kəsici müddətlərə aiddir. Maddədə Kredit bürosunun topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlaması və bu müddət başa çatdıqdan sonra məlumatın məhv edilməsi və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsas hissəsi də bundan ibarətdir. Hesab edir ki, iddianın məzmunundan göründüyü kimi göstərilən maddənin tələbləri iddia müddətinin ötüb-ötməməsindən aslı deyildir və 10 illik müddət başa çatdıqdan sonra məlumatın məhv edilməsi və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilməsini imperativ norma olaraq tələb edir.
15. “Kredit büroları haqqında” Qanunun 14.0.5-ci maddəsinə görə, kredit tarixçəsinin subyekti özü barəsində kredit tarixçəsindəki məlumatların məhv edilməsini (bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş tələb nəzərə alınmaqla) tələb etmək hüququna malikdir.
16. İddiaçı müvafiq təşkilata bununla bağlı müraciət etmiş, ona bu barədə verilən məlumatda qeyd edilir ki, məsələ ilə bağlı məlumat təchizatçısı ilə əlaqə saxlanılmış, sonuncu müvafiq öhdəlik üzrə ödənişlərin ödəniş cədvəlinə uyğun aparılmamasına görə gecikmə günlərinin yaranmasını bildirmişdir. Həmin cavab məktubunda müddətlə bağlı məsələyə, ümumiyyətlə, toxunulmamışdır.
17. Kollegiya apellyasiya şikayətinin həmin dəlilil ilə bağlı qeyd edir ki, MMP-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının tələbi məhz öhdəliyə xitam verilməsi və adının borclu şəxslərin siyahısından çıxarılması öhdəliyinin Cavabdeh ASC-in üzərinə qoyulması ilə bağlıdır. İddiaçı müddətin keçməsinə istinadən hesab edir ki, onun bank qarşısında mövcud öhdəliklərinə xitam verilməli və bundan sonra bank tərəfindən borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında iddiaçının vəkilinin xüsusi olaraq diqqətə çatdırdığı “Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş 10 il müddət sonra kredit tarixçəsindəki məlumatın məhv edilməsinə istinad etməsi əsaslı olmamışdır. Çünki istinad olunan qanun norması mübahisəsiz olan və məlumat təchizatçılarının kredit bürosuna verdiyi məlumatların saxlanılması ilə bağlı münasibətləri tənzimləyir. Bu baxımdan həmin qanun norması iddiaçının hazırkı tələbinin qanuni əsası hesab olunmur.
19. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının hazırkı tələbi bank qarşısında mövcud öhdəliyə xitam verilməsi ilə bağlıdır, onun digər tələbi həmin tələblə bağlı olub, ondan asılı törəmə tələbdir. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-in XXVİİ Fəslində nəzərdə tutulmuş və birlikdə götürülmüş 527 və 551-ci maddələri təşkil edir. Həmin fəsildə yer alan normaların sistematik təhlilindən bəlli olur ki, kredit (pul) borcu üzrə öhdəliklərə müddətin keçməsi əsasına görə xitam verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarında da MM-in 551-ci maddəsində təsbit olunmuş müddətlərin iddia müddəti olduğu müəyyən olunmuşdur.
20. Bundan başqa, iddiaçı oxşar iddia tələbləri üzrə iddianın təmin edilməsi barədə qətnamələrə-Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələrinə də istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qətnamələr Konstitusiya Məhkəməsinin istinad olunan 15 fevral 2023-cü il tarixli Qərarından öncəki illərdə qəbul olunmuşdur.
21. Rayon məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir.
22. Göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanından məhrum olmuşdur. Həmin kredit müqavilələri üzrə öhdəliyə xitam verilməmiş, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirmişdir.
23. Beləliklə də müəyyən olunur ki, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz.
24. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə:
25. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov