Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9373/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3979/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.03.2011-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.03.2011-ci il tarixindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək müqaviləsi əsasında işləmiş və 18.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanaraq ona verilməmişdir. Belə ki, 01.03.2011-cü ildən 01.03.2018-ci il tarixədək heç vaxt əmək məzuniyyəti hüququndan istifadə etməmiş və işəgötürən onunla son haqq-hesab apararkən bu halı nəzərə almayaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablamamış və ödəməmişdir. Bu həmin dövrlər üzrə "xxxx" ASC-dən verilmiş hesabdan çıxarışla təsdiq edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3979/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 01.03.2011-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə baxışı zmanın araşdırılmış hallarına əsasən məhkəmə araşdırmaları zamanı cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən iddiaçıya 01.03.2011-ci il tarixdən 01.03.2018-ci il tarixədək istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilərək istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, cavabdeh tərəfinin məzuniyyət haqqının aylıq əmək haqqı kimi ödənilməsi barədə mülahizələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, məhkəmənin iş üzrə araşdırılmış sübutların qiymətləndirilməsinə əsasən gəldiyi qənaətə görə, həmin mülahizələr heç bir mötəbər sübutla təsdiq olunmadığından nəzərə alına bilməz. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsi, 9-cu maddəsinin x) bəndi, 12-ci maddəsinin a) və x) bəndləri, 83-cü maddəsinin 2-ci hissəsi, 86-cı maddəsinin 1-ci hissəsi, 144-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası MM-nin 385.1, 442, 445.1, 445.2.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən apelyasiya şikayəti verilmiş və apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus korporativ “e-mail” vasitəsi ilə həmin şirkətdə çalışan digər şəxslərlə yazışmalarında iddiaçı özü etiraf etmişdir ki, müxtəlif tarixlərdə məzuniyyətdə olduğundan, “email”-ə cavab verə bilməmişdir. Həmin cavablar DSX-nin məhkəməyə təqdim etdiyi sorğuda qeyd olunan tarixlərlə üst-üstə düşür. Həmçinin iddiaçı özünə məxsus sosial şəbəkədəki səhifəsində məhz həmin tarixlərdə əlavə etdiyi şəkillərdən, onun məzuniyyətdə olma faktı təsdiqini tapır. Bununla da, iddiaçının faktiki olaraq həm əsas, həm də, əlavə məzuniyyətindən istifadə etməsi sübuta yetirilir. Qanunvericiliyin tələblərinə əsasən isə, sənədləşdirilmədiyinə görə, məzuniyyət günlərinin əvəzinin ödənilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı apelyasiya şikayətinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh verdiyi apelyasiya şikayətində göstərmişdir ki, guya o, işlədiyi dövr ərzində əmək məzuniyyətindən istifadə etmişdir. Hesab edir ki, cavabdehin bu dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin "x" bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ var. Həmin Məcəllənin 139-cu maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məhkəməyə verilmiş iddia tələbindən də göründüyü kimi iddiaçının tələbi istifadə etmədiyi məzuniyyət günlərinə görə işəgötürən tərəfindən ona müvafiq pul kompensasiyasının ödənilməməsi ilə bağlıdır. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi cavabdeh tərəfindən son haqq-hesab verilərkən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşçinin məzuniyyət hüququndan istifadə etməsi yalnız işəgötürənin müvafiq əmri ilə təsdiq oluna bilər. Belə bir əmr olmadığı halda, işəgötürən işçinin məzuniyvət hüququndan istifadə etdiyinə istinad edə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 144-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəblərindən və əsaslarından asılı olmayaraq, istifadə olunmamış əmək məzuniyyətinə görə iddiaçıya pul əvəzi ödəməli idi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3979/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3979/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatları ilə əlaqəli yoxlayıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X4 İddiaçı arasında bağlanmış 01.07.2017-ci il tarixli əmək müqaviləsinin, həmçinin, əmək müqaviləsi bildirişlərinin surətindən müəyyən olunur ki, iddiaçı 01.03.2011-ci il tarixdən şirkətdə satış üzrə dəstəkçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə, işçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İşçi 5 günlük, 2 istirahət günlü iş həftəsi ilə işləyir. İşçiyə işə bağladığı müddətdən 6 ay sonra və hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. Əsas məzuniyyətin müddəti 30 təqvim günüdür. İddiaçı adına "xxxx" ASC-də açılmış hesabdan 17.03.2011-31.12.2016-cı il dövrü üzrə çıxarışın surətindən görünür ki, həmin dövr ərzində cavabdeh tərəfindən iddiaçının hesabına yalnız əmək haqqı qismində pul vəsaiti köçürülmüşdür. Cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının apelyasiya şikayətində və nümayəndəsinin məhkəmədə verdiyi izahatlarında iddiaçının “e-mail” yazışmalarında məzuniyyətdə olmasını etiraf etməsi, DSX-nın məlumatlarında onun ölkədən çıxması və qayıtması barədə məlumatlara, iddiaçının xarici ölkələrdə çəkdirdiyi fotoşəkillərə, həmçinin şahid ifadələrinə istinad edərək iddiaçıya vaxtlı-vaxtında məzuniyyət verildiyi və məzuniyyət haqqının ödənildiyi barədə dəlillərinə kollegiya qiymət verərək hesab edir ki, cavabdehin həmin dəlilləri iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin x) bəndi ilə hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək işçinin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 12-ci maddəsinin a) və x) bəndləri ilə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifələri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 86-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Həmin Məcəllənin 144-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə ki, qeyd edilən qanunvericiliyin tələbləri ilə müəyyən edilir ki, işəgötürən bütün hallarda əmək qanunvericiliyinin tələblərinə əməl etməli, işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməli, işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilməni təmin etməli, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri beş il müddətində saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Həmçinin əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin işəgötürən cavabdeh tərəfindən iddiaçıya qeyd edilən əmək qanunvericiliyinin tələblərinə uyğun işlədiyi illər üçün əmək məzuniyyəti verilməsi, məzuniyyət haqqının ödənilməsini təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Kollegiya cavabdehin rəsmi sənədlərin olmamasının iddiaçının məzuniyyətdən istifadə etmədiyini təsdiq etməməsi barədə dəlillərini yuxarıda qeyd edilən əmək qanunvericiliyinin tələblərinə əsasən rədd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, cavabdeh iddia tələbini təkzib edən mötəbər sübutlar təqdim etmədiyindən, apelyasiya şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3979/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9373/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9373/2021
02.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver