Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-938/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4700/2024 saylı iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh “Cavabdeh”nə qarşı “təhsil haqqından azad etmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödədiyi 2000 manat təhsil haqqının cavabdehdən alınıb ona qaytarılması barədə və “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2022-2023- cü tədris ili üçün təhsil haqqından azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür. 2021-ci ildə Cavabdeh “Metallurgiya” fakultəsinə ödənişli əsaslarla qəbul olunmuşdur. 2024-cü ilin may-iyul aylarında 3-cü kursu bitirmişdir. İllik təhsil haqqı 2000 manat təşkil edirdi. Qanunvericiliyə əsasən, məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad edilmişlər. Belə ki, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin14 sentyabr 2011- ci il tarixli, 1722 №li Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Qeyd etmişdir ki, onun valideynləri X2 rayonundan məcburi köçkündür, anası X3 isə Ağdam rayonunda məcburi köçkündür. Hər iki valideyni məcburi köçkün olduğuna görə, o da məcburi köçkündür. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Bildirmişdir ki, o, anadan olduğu tarixdən dövlət tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş vahid aylıq müavinət alır. Göründüyü kimi qanunvericiliyin normalarına əsasən o, məcburi köçkün sayılır. Lakin onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi olmadığına görə o, 2021-ci ilin sentyabr ayında Azərbaycan Texniki Univrsitetinə qəbul sənədlərini təqdim edərkən, Universitet təqdim etdiyi məcburi köçkün olmağını təsdiq edən sənədləri nəzərə almadı və valideynlərindən 2000 manat təhsil haqqı ödəməyi tələb etdi. Valideynləri də məcbur qalıb 2000 manat təhsil haqqını Cavabdeh hesabına ödədi. Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ona məcburi köçkün vəsiqəsi vermədiyinə görə atası və o, məhkəməyə iddia ərizəsi ilə müraciət etdilər və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 6070/2022 saylı qərarı ilə iddia təmin edilərək, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. O, 2022- 2023-cü tədris ilində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 6070/2022 saylı qərarını Universitetin kargüzarlığına təqdim etmişdir. Bunun əsasında Universitet rəhbərliyi 2022- 2023-cü tədris ili üçün ondan təhsil haqqı tələb etmədi. Məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra Qaçqınların və X4 üzrə Dövlət Komitəsi ona xx.xx.2023-cü il tarixli, AA№ 491013 nömrəli Məcburi Köçkün vəsiqəsi vermişdir. Mən həmin vəsiqəni də Universitetin kargüzarlığına təqdim etmişdir. Hal-hazırda isə Universitetin rəhbərliyi ondan 2022-2023-cü tədris ili üçün 2000 manat təhsil haqqının ödənilməsini tələb edir və əsas kimi o bildirilir ki, o, məcburi köçkün vəsiqəsini 2023-cü ildə almışdır. Lakin bilinməlidir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə o, məcburi köçkün statusunu vəsiqə aldıqdan sonra deyil, anadan olduğu tarixdən almışdır. Belə olduğu təqdirdə ondan təhsil haqqı tələb etmək qanunvericiliyin tələblərinə ziddir. O, xx.xx.2023-cü il tarixli ərizə ilə Cavabdeh rektoru cənab Vilayət Vəliyevə müraciət edərək, təhsil aldığı 2020-2021-ci tədris ili üçün Universitetə ödədiyi 2000 manat təhsil haqqının ona geri qaytarılmasına və onun məcburi köçkün olduğuna görə 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəsi təmin edilməmişdir. Daha sonra o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmiş və onun təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdehnə ödədiyi 2000 (iki min) manat təhsil haqqının ona geri qaytarılmasına və onun məcburi köçkün olduğuna görə 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi müraciətini “Cavabdeh” Publik hüquqi şəxsinə göndərmişdir. “Cavabdeh” Publik hüquqi şəxsi ona xx.xx.2024-cü il tarixli imtina məktubu göndərərək, müraciətini təmin etməmişdir. Hesab edir ki, onun “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödədiyi 2000 manat təhsil haqqının cavabdehdən alınıb ona qaytarılması barədə və “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4700/2024 saylı iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh “Cavabdeh”nə qarşı “təhsil haqqından azad etmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun şəkildə əsaslandıırılmışıdr . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4700/2024 saylı iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, işin hallarına, iddia tələbinin hüquqi təbiətinə, həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz. Hazırkı iş üzrə cavabdeh “Cavabdeh” dövlət tərəfindən hüquqi şəxs statusunda təsis edilmiş ali təhsil müəssisəsi olsa da, dövlətə aid publik hüququ həyata keçirən səlahiyyətli təsisat kimi çıxış edə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq qəbul edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi isə təhsil sahəsində dövlətin səlahiyyətlərini icra edən publik hüquqi şəxs statusuna malikdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Təhsil haqqında” Qanuna uyğun olaraq ali təhsil proqramlarını həyata keçirmək səlahiyyəti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələrlə yanaşı, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan təhsili müəssisələrində təhsil alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəməyi təmin etmək vəzifələrini də daşıyır. Göründüyü Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin dövlət təminatını həyata keçirən inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların (yaxud inzibati səlahiyyətlərin daşıyıcısı olan fiziki və hüquqi şəxslərin) belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Eyni zamanda Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi göstərilən məsələlər üzrə hər hansı hüquqi dəyərləndirmə aparmadan, hazırkı işə mahiyyəti üzrə baxmış və iddianın qismən təmin olunmaması barədə qətnamə qəbul etmişlər. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4700/2024 saylı iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. İddiaçıya izah edilsin ki, həmin tələblə inzibati məhkəmə icraatı qaydasında mübahisə aça bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-938/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-938/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver