Məhkəmə qərarları › İş №2(103)-9383/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9383/2021

01.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9383/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və istifadə edilməyən məzuniyyət haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehin sədri tərəfindən verilmiş, iddiaçının işdən çıxarılması barədə 01.10.2020-ci il tarixli əmr ləğv edilsin, iddiaçı işə bərpa olunsun, cavabdehin sədrinin iddiaçıya qarşı qərəzli hərəkətlərinə son qoyulsun, habelə məcburi işburaxma müddəti üçün əmək haqqı, onun ödənilməsinin gecikdirilməsinə görə faiz, işsiz qalmaya görə müavinət, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və mənəvi zərərin əvəzi iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər əmək münasibətində olmayıb. Belə ki, tərəflərin arasında 15.01.2019-cu il tarixdə mülki-hüquqi müqavilə bağlanıb, həmin müqavilədə cavabdeh “sifarişçi”, iddiaçı isə “icraçı” kimi göstərilib. Əmək münasibətinin yaranması üçün əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsinin anlayışı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsində müəyyən olunub: əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı əmək münasibətinə əsaslanaraq tələb irəli sürüb. Əmək münasibəti yaranmadığına görə həmin tələbin təmin edilməsi mümkün deyil. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 7, 42, 44, 46 və 49-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar