Məhkəmə qərarları › İş №2(103)-9388/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9388/2021

06.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9388/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızının nümayəndəsi X8 oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(009)-1924/2021 saylı qətnaməsindən iddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onunla 01.05.2019-cu il tarixdə 01.06.2019-cu il tarixə kimi olan müddətə bağlanmış Əmək Müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar onun işdən azad edilməsinə dair 194-21 saylı, 01.06.2021-ci il tarixli əmrin ləğv edilməsi; həmin tarixdən işinə bərpa edilməsi, məcburi buraxılmış iş günləri üçün ona çatası əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərə görə cavabdehdən 50.000 manat pulun və hüquqi yardım üçün vəkilə ödədiyi 500 manat pulun Cavabdeh MMC-dən alınıb İsayeva (Nuriyeva) Zərifə Yusif qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 01.05.2019-cu il tarixdə Cavabdeh MMC üzrə 154-1 saylı əmrlə "xxxx" MMC-nə satış üzrə məsləhətci vəzifəsinə işə qəbul edilmiş və həmin vaxt onunla bağlanmış 472 saylı “Əmək Müqaviləsi”nin 2.2.-ci bəndində işin birinci həftəsi “sınaq müddəti” hesab edilməsi, 2.3-cü bəndində Müqavilənin 01.05.2019-cu il tarixdən 01.06.2019-cu il tarixə kimi müddətə bağlanması; 4.1-ci bəndində əsasən işçiyə ayda 263,69 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 472 saylı Əmək Müqaviləsinin 2.3-cü bəndində işçinin 01.05.2019-cu ildən 01.06.2019-cu ilə kimi işə qəbul edilməsi müəyyən edilsə də, 4.26-cı bəndində “iş ilinin 01.05.2019-01.05.2020 aylardan ibarət olan dövrü əhatə etməsi” və ona hər növbəti iş ili üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilməsi, 4.27-ci bəndində məzuniyyətin müddətinin 21 gün olması göstərilmişdir. İşəgötürən tərəfindən hər hansı bir məlumat verilmədən Əmək Müqaviləsi bağlandığı müddətdən sonra 24 dəfə olmaqla, 01.06.2021-ci il tarixə kimi uzadılmış, "xxxx" MMC üzrə 13.11.2019-cu il tarixli, 334 nömrəli əmrlə Z.Y.İsayeva “satış üzrə məsləhətçi” vəzifəsindən “kurator-operator” vəzifəsinə keçirilmiş və 194-21 saylı, 01.06.2021-ci il tarixli əmrlə “əmək müqaviləsinin müddətinin bitməsi” motivi ilə bağlı işdən azad edilmişdir. Belə hesab edir ki, o, qanunsuz və əsassız olaraq işdən azad edilmiş və 194-21 saylı, 01.06.2021-ci il tarixli əmr ləğv edilərək işə bərpa edilməli, məcburi buraxdığı iş günlərinin haqqı ona ödənilməlidir. İsayeva (Nuriyeva) Zərifə Yusif qızının “Əmək Kitabçası”ndan göründüyü kimi o, "xxxx" MMC-də iki il bir ay müddətində işlədiyi dövr ərzində hər hansı bir əmək qaydaları pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Bundan başqa, 29.12.2020-ci ildə X4 ilə Yasamal rayon Qeydiyyat Şöbəsində 154 nömrə ilə qeydaiyyata alınmış Nikaha daxil olmaqla ailə qurmuş və nikaha girdiyi vaxt “Nuriyeva” soyadı qəbul etmiş X5 13.04.2021-ci ildə Bakı şəhəri, Ziya Bünyadov 34 ünvanda yerləşən “FİTAL MƏRKƏZ FENETİCS” tibb mərkəzində tibbi müayinədən keçdiyi vaxt onun 13 həftəlik hamilə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsinin 9 saylı Qadın Msləhətxanasında verilmiş 04.06.2021-ci il tarixli, 81 saylı arayışdan göründüyü kimi X5 21 (iyirmi bir) həftəlik hamilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin iəğv olunmasını qadağan edən hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsində işəgötürən tərəfindən hamilə qadınların barəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Qanunun tələbindən göründüyü kimi, işəgötürən "xxxx" MMC hamilə olan X2 bağlanmış Əmək Müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar həmin Müqavilənin müddətini uzatmaqdan imtina etməklə qanunu pozmuşdur. Cavabdehin qanunsuz və əsassız əmri nəticəsində Z.İsayeva işə çıxmadığına görə əmək haqqı da almır və onun işə bərpa olunacağı günə kimi almalı olduğu əmək haqqı da cababdehdən alınıb ona verilməlidir. İsayeva (Nuriyeva) Zərifə Yusif qızı 01.06.2021-ci il tarixdə iş yerində olarkən qəflətən müdiriyyətin “siz əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı işdən azad edilirsiniz” deyərək ona işdən azad edilməsinə dair "xxxx" MMC-nin 194-21 saylı əmrin surəti təqdim edilərkən İsayeva (Nuriyeva) Zərifə Yusif qızı bu qəfləti hadisədən özü də bilmədən stress keçirmiş və bununla bağlı tibbi yardım alaraq müalicə olunmuşdur. Nəticədə, ana bətnində olan körpə də bu əzab-əziyyəti çəkməli olmuşdur ki, bununla da, İsayeva (Nuriyeva) Zərifə Yusif qızına mənəvi zərər də vurulmuşdur və zərərçəkmiş kimi həmin zərəri 50.000 manat dəyərində qiymətləndirir və həmin məbləğ pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa, iddia ərizəsinin hazırlanması və məhkəmədə onu təmsil etməsi üçün hüquqi yardımla bağlı vəkillə bağladığı Müqavilə üzrə vəkilə 500 manat pul ödəmişdir ki, həmin pullar da cavabdehdən alınıb ona verilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(009)-1924/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 01.05.2019-cu il tarixli 472 saylı əmək müqaviləsi 31.05.2019-cu il tarixə saat 18-ə kimi olan dövrə qədər bağlanmışdır və uzadılması hallarında da ƏM-nə hər hansı əlavə və dəyişiklik edilmədiyindən də həmin sonuncu dəfə uzadılarkən müqavilənin müddəti 31.05.2021-ci il tarixə kimi qüvvədə olmuşdur. İddiaçı 01 iyun 2021-ci il tarixdə işə çıxmış, işə başladığı vaxt müdiriyyət ona əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək fəaliyyətinin dayandırılması barədə xəbərdarlıq etməmiş, onu iş yerinə buraxmamışdır. İddiaçının işdən çıxarılması ilə bağlı ona 01 iyun 2021-ci ilin işdə olduğu müddətin də pulunu ödənilmişdir. Məhkəmə işin hallarını araşdırmamış, iddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızı ilə Cavabdeh MMC arasında 01.05.2019-cu il tarixində, 1 ay müddətinə bağlanmış 472 saylı əmək müqaviləsinin sonuncu dəfə müddətinin 31.05.2021-ci ildə başa çatmasına və 01.06.2021-ci il tarixdə iddiaçını əmək fəaliyyətini davam etdirməsi üçün işə buraxması halına obyektiv qiymət verməmiş, həmin gün əsassız olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin son günü olaraq qiymətləndirilmişdir. Həmçinin o, hamilə olduğu halda işdən azad oluna bilməzdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızının nümayəndəsi X8 oğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə tutuduğu vəzifədən azad edilmişdir. İddiaçı iddia tələbini Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə istinad etməklə əsaslandırmışdır ki, həmin maddənin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məcəlləsinin 73-cü maddəsində isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası göstərilmişdir. Hesab edir ki, iddiaçı bilərəkdən Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə istinad etsə də, bilərəkdən həmin maddənin ikinci hissəsinə istinad etməmişdir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(009)-1924/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh ilə X5 arasında bağlanmış 472 №-li Əmək müqaviləsindən görünür ki, X5 01 iyun 2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək satış üzrə məsləhətçi vəzifəsinə qəbul olunmuş və həmin müqavilə ilə ona 263,69 manat əmək haqqı ödənilməsi göstərilmişdir. Təqdim olunmuş Cavabdeh 194 nömrəli 01 iyun 2021-ci il tarixli əmrindən görünür ki, kurator operator X5 ilə 01.05.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən 01.06.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin 9 saylı Qadın Məsləhətxanasının 81 saylı, 04.06.2021-ci il tarixli arayışından görünür ki, X5 21 (iyirmi bir) həftəlik hamilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 3-cü maddəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə-işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. ƏM-nin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipini müəyyən etmişdir və əmək müqaviləsi bağlamaq işəgötürənin (habelə işçinin) hüququ kimi nəzərdə tutulmaqla o (onlar), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(lər). ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. ƏM-nin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, iddiaçı X5 ilə əmək müqaviləsinə xitam verilməsi ƏMnin 68-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsaslarla həyata keçirilmişdir. Əmək Qanuvericiliyinin tələbinə görə müqaviləsinin müddətinin qurtarmasına görə işçinin əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. ƏM-nin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 472 №-li əmək müqaviləsinə əsasən X5 01 may 2019-cu il tarixdən 01 iyun 2019-cu il tarixədək əmək haqqı 263,69 manat olmaqla satış üzrə məsləhətçi vəzifəsinə qəbul olunmuş və onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin 194 nömrəli, 01 iyun 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən 01.06.2021ci il tarixində xitam verilmişdir. Kollegiya apellyatorun 01.06.2021-ci ildə əmək müqaviləsinə xitam verilməsinin düzgün olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Əmək Qanunvericiliyin tələbinə görə əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin hazırkı halda, iddiaçı 01.06.2021-ci ildə işə çıxarkən, cavabdeh olan işəgötürən əmək münasibətlərinə xitam vermişdir. İddiaçı iddia tələbinin əsası kimi hamilə olması ilə əlaqədar olaraq onunla əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-hissəsinin tələblərinin pozulduğuna istinad etmişdir. ƏM-nin 79-cu maddəsinin 1-hissəsinə əsasən işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin iəğv edilməsi qadağandır. Bununla yanaşı, həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsi bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəların bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmədiyini nəzərdə tutur. Belə olduğu təqdirdə, kollegiya hesab edir ki, hamilə olması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuz olması barədə iddiaçının dəlili əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, işə bərpa hissəsində iddia tələbi təmin edilmədiyi üçün mənəvi ziyanın ödənilməsi və hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin cavabdehdən tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İsayeva (Nuriyeva) Zərifə Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(009)- 1924/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar