Məhkəmə qərarları › İş №2(103)-9394/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9394/2021

01.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9394/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və s.” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-3602/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-3602/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 83, korpus-A, giriş 2 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, mənzil 83, korpus-A, giriş 2 saylı mənzildən məcburi qaydada çıxarılması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti Cavabdeh 07 iyul 2021-ci il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada təqdim olunmuşdur. Qətnamənin poçt vasitəsi ilə cavabdehə təqdim olunmasını təsdiq edən sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti 11 avqust 2021-ci il tarixdə imzalanmış və şikayət 11 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Odur ki, cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(011)-3602/2021 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar