Məhkəmə qərarları › İş №2(103)-9397/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9397/2021

23.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9397/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbin direktoru Cavabdeh2 qarşı “töhmət verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(011)-3859/2021 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbin direktoru Cavabdeh2 qarşı “töhmət verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin direktoru Cavabdeh2 tərəfindən barəsində qəbul edilmiş 18 №-li, 16 mart 2021-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, 01.04.1989-cu ildən hal-hazıradək fasiləsiz olaraq Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. O, orada işlədiyi 32 il müddətində pedaqoq kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Bunun nəticəsidir ki, onunla məktəb kollektivi, eləcə də əvvəlki rəhbərlik arasında heç bir narazılıq olmamışdır. 2020-ci ilin sentyabr ayında qeyd edilən məktəbə Cavabdeh2 direktor vəzifəsinə təyin olunmuşdur. O, məktəbə direktor təyin edildikdən sonra məktəb kollektivinə qarşı saymazyana münasibət bəsləmiş, məktəbin pedaqoji fəaliyyəti üçün heç bir müsbət iş görməmiş, əksinə o, da daxil olmaqla müəllimləri qoyun adlandırmaqla təhqir edərək, pedaqoq nüfuzuna xələl gətirmişdir. Xasiyyətinin yaxşı olmaması ilə əlaqədar bir çoxları kimi o da bacardığı qədər onunla üz-üzə gəlməməyə çalışmışdır. 10.03.2021-ci il tarixdə o, həmişə olduğu kimi Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbdə dərsə başlayarkən sinif otağının soyuq olması barədə uşaqların iradını dinləyib, eləcə də onların gödəkcədə oturmasını və istilik radiatorlarının soyuq olmasını görərək bu barədə məktəb direktoruna məlumat vermək qərarına gəlmişdir. Bu məqsədlə o, Cavabdeh2 kabinetinə gələrək ona sinifdəki istilik sisteminin yaxşı işləməməsi barədə məlumat vermiş, radiatorların içərisində qalmış havanın çıxarılması üçün tədbir görülməsini xahiş etmişdir. Lakin, cavabdeh onun bu sözlərinə çox qaba şəkildə cavab verərək bu kimi məsələrə baxmadığını, təhsil nazirinə şikayət etməli olduğunu bildirmişdir. O da ona adi bir problemə görə nazirliyə şikayət etməyə lüzum olmadığını bildirərək bu məsələnin məktəb rəhbərliyi tərəfindən həll edilməli olduğunu bildirmişdir. Lakin, direktor Cavabdeh2 uca səslə onun üstünə qışqıraraq yenə bu məsələnin ona heç bir aidiyyatı olmadığını, nazirliyə şikayət etməli olmağını qətiyyətlə bildirmişdir. Həmin vaxt direktorun otağında həmkərlar ittifaqının sədri X8, katibə X4 və əvvəllər onun tanımadığı və görmədiyi, sonradan direktor tərəfindən laborant təyin edildiyini öyrəndiyi X7 da var idi. Cavabdehin sözlərindən sonra laborant X7 direktorun kabinetinin qarşısında onun dayandığı qapını üzünə bağlamaq istədikdə o, ona bu kobudluğuna görə öz iradını bildirərək dərs dediyi sinifə qayıtmışdır. Həmin gün saat 18:04 radələrində onun mobil nömrəsinə 070 - 372 - 42 - 75 saylı nömrədən zəng edən bir nəfər şəxs laborant X2 əri olduğunu bildirərək, guya onun arvadını təhqir etdiyini və buna görə onu öldürəcəyini bildirmişdir. Həmin gün o, Cavabdeh2, laborant Rövşanə Mehdiyevadan və Rövşanənin ərindən rəsmi qaydada Xətai 35 saylı polis bölməsinə şikayət etmişdir. Belə ki, Rövşanənin ərini ona zəng edərək hədələməyə, məktəbin direktoru Cavabdeh2 və Rövşanənin özü təhrik etmişdi. Çünki, buna qədər Rövşanənin əri onu tanımamış və mobil telefon nömrəsini də bilməmişdir. Onun polisə etdiyi şikayətdən sonra, 16.03.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin direktoru Cavabdeh2 onun guya 10.03.2021-ci il tarixdə onu və laborant X5 qeyri-etik ifadələrlə təhqir etməyini və məktəbin daxili intizam qaydalarını pozmağını yalandan əsas gətirərək ona töhmət verilməsi barədə əmr vermişdir. O, aşağıda göstərdiyi səbəblərə görə barəsində verilmiş həmin əmri qərəzli və əsassız hesab edir. Belə ki, əgər o, qeyd etdiyi əmrdə göstərilmiş hərəkətlərə yol versəydi, həmin əmr 16.03.2021-ci il tarixdə deyil, 10.03.2021- ci il tarixdə verilərdi. Çünki, onunla direktor arasında məktəbin istilik radiatorları barədə söhbət məhz 10.03.2021-ci il tarixdə olmuşdur. Əmrin 6 gündən sonra qəbul edilməsinə səbəb isə onun Cavabdeh2, laborant X1 və Rövşanənin ərindən polisə şikayət etməsi olmuşdur. Belə ki, 35-ci Polis bölməsinə onun etdiyi həmin şikayətdən sonra Cavabdeh2 və lobarant X7 birləşərək ona qərəzli olaraq yalan əsaslarla töhmət verilməsi barədə razılaşmışlar. Buna baxmayaraq hər bir halda cavabdeh direktorun onun barəsindəki əmri etibarsızdır. Belə ki, əmrdə direktor özünün təhqir olunduğunu hesab edirdisə, bu məsələyə o tək deyil, məktəbin həmkarlar ittifaqı tərəfindən iclas çağırmaqla baxmalı idi. Çünki, direktor Cavabdeh2 bu məsələdə maraqlı şəxs olduğundan onun təkbaşına, həmkarlar ittifaqının iclasını keçirmədən əmr verməsi etibarlı sayıla bilməz. Bundan başqa, ondan heçbir yazılı izahat alınmamışdır. Əmrin surəti isə ona gec verilmişdir.Əmrdə onun barəsində göstərilənlər həqiqəti əks etdirmir. Çünki,o, heç kimi təhqir etməmiş, heç bir qeyri-etik ifadə işlətməmiş və eləcə də məktəbin daxili intizam qaydalarını pozmamışdır. Əksinə, cavabdeh vəzifəsindən sui-istifadə etməklə məktəb direktoruna və pedaqoqa yaraşmayan qeyri-etik ifadələr işlətməklə, o da daxil olmaqla məktəbin digər müəllimlərini qoyun adlandıraraq təhqir etmişdir. Bununla da, o , özü etik normaları və məktəbin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. O, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elektron saytına cavabdeh və laborant Rövşanə Mehdiyeva barəsində şikayət göndərmişdir. Lakin, şikayətinə bu günədək cavab verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(011)-3859/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər o, qeyd etdiyi əmrdə göstərilmiş hərəkətlərə yol versəydi, həmin əmr 16.03.2021-ci il tarixdə deyil, 10.03.2021-ci il tarixdə verilərdi. Çünki, onunla direktor arasında məktəbin istilik radiatorları barədə söhbət məhz 10.03.20201-ci il tarixdə olmuşdur. Əmrin 6 gündən sonra qəbul edilməsinə səbəb isə onun Cavabdeh2, laborant X1 və Rövşanənin ərindən polisə şikayət etməyin əsas olmuşdur. Belə ki, 35-ci Polis Bölməsinə etdiyi həmin şikayətindən sonra Cavabdeh2 və laborant X7 birləşərək ona qərəzli olaraq yalan əsaslarla töhmət verilməsi barədə razılaşmışlar. Buna baxmayaraq hər bir halda cavabdeh direktorun barəsindəki əmri etibarsızdır. Belə ki, əmrdə direktor özünün təhqir olunduğunu hesab edirdisə, bu məsələyə o, yox məktəbin həmkarlar ittifaqı tərəfindən iclas çağırılmaqla baxmalı idi. Çünki direktor Cavabdeh2 bu məsələdə maraqlı şəxs olduğundan onun tək başına, həmkarlar ittifaqının iclasını keçirmədən əmr verməsi etibarlı sayıla bilməzdi. Lakin ondan heç bir yazılı izahat alınmamışdır. Əmrin surəti isə ona gec verilmişdir. Əmrdə onun barəsində göstərilənlər isə həqiqəti əks etdirmir. Çünki o, heç kimi təhqir etməmiş, heç bir qeyri-etik ifadələr işlətməmiş və eləcə də məktəbin daxili intizam qaydalarını pozmamışdır. Əksinə cavabdeh vəzifəsindən sui-istifadə etməklə məktəb direktoruna və pedaqoqa yaraşmayan qeyri-etik ifadələr işlətməklə, o da, daxil olmaqla məktəbin digər müəllimlərini qoyun adlandıraraq təhqir etmişdir. Bununla da o, özü etik normaları və məktəbin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elektron saytına cavabdeh və laborant Rövşanə Mehdiyeva barəsində şikayət göndərmişdir. Qətnamənin axırıncı vərəqəsinin 2-ci abzasında iddianın təmin edilməməsinə səbəb kimi guya iddanın əsl olmayan cavabdehə qarşı verilməsi və sübutlarla təsdiq edilməməsi qeyd edilmişdir. Bundan başqa X8 tərəfindən verilmiş ərizədə iddiaçının İddiaçı və məktəbin direktoru Cavabdeh2 arasında olan mübahisədə o da, iştirak etmişdir. Mübahisə zamanı İddiaçı direktor Cavabdeh2 və digərlərini heç bir qeyri-etik ifadələrlə təhqir etməmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 48 nömrəli tam orta məktəb üzrə 16 mart 2021-ci il tarixli, 18 nömrəli əmrdən çıxarışından görünür ki, 48 nömrəli tam orta məktəbin riyaziyyat fənn müəllimi İddiaçı, 10 mart 2021-ci il tarixində həmin məktəbin direktoru Cavabdeh2 və informatika kabinetinin laborantı X5 qeyri-etik ifadələrlə təhqir etdiyinə və məktəbin daxili nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci abzasının tələblərinə müvafiq olaraq ona töhmət elan edilməsi əmr edilmişdir. Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbin direktoru Cavabdeh2 həmin məktəbin kiçik xidmətedici işçisi X3 tərəfindən ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, M.Ə.Süleymanov ərizəsində məktəbin riyaziyyat müəllimi barəsində ölçü götürülməsini məktəbin direktorundan xahiş etmişdir. Eyni zamanda ərizədə göstərilmişdir ki, 10 mart 2021-ci il tarixdə məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru ilə yüksək səslə danışaraq onu təhqir etmiş, məktəbin soyuq olmasına görə direktoru günahlandırmışdır. Müəllimin bu cür hərəkətləri məktəbin nüfuzuna ziyan gətirir. Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbin direktoru Cavabdeh2 həmin məktəbin informatika kabinetinin laborantı R.R.Mehdiyeva tərəfindən ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, 10 mart 2021-ci il tarixində məktəbin riyaziyyat müəllimi İddiaçı direktorun qəbul otağında onunla qeyri-etik danışdığına, təhqir dolu müraciətə görə İddiaçı barəsində bir ölçü götürülməsi xahiş olunmuşdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya 48 nömrəli tam orta məktəbin psixoloqu və Həmkərlar təşkilatının sədri X8 tərəfindən ünvanlanmış izahatın təsdiq edilmiş surətindən görünür ki, 48№-li tam orta məktəbdə 10 mart 2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı dərs vaxtı icazəsiz direktorun otağına daxil olmuş, dərs keçdiyi sinif otağının nisbətən soyuq olmasını, istilik batareyasının istiliyinin nisbətən zəif olmasını səbəb gətirərək qapının yanında ayaq üstə dayanmış direktoru itələyərək otağın batareyasının istiliyini icazəsiz yoxlamış və səsini yüksəldərək, yüksək tonla "sən direktorsan burda bəyəm, burda heçnəsən, heç kimsən” deyərək bu və digər qeyri-etik ifadələrlə direktoru təhqir etməyə başlamışdır. Direktor isə ona bildirmişdir ki, istilik bütün məktəbdə eyni qaydada tənzimlənir, məktəbin öz qazanxanası yoxdur və bununla bağlı lazımi qurumlara müraciət etmişdir. Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbin direktoru Cavabdeh2 həmin məktəbin katibə makinaçı X4 tərəfindən ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, 10 mart 2021-ci il tarixində məktəbin riyaziyyat müəllimi İddiaçı direktorun qəbul otağında onunla qeyri-etik danışdığına, təhqir dolu müraciətə görə İddiaçı barəsində bir ölçü götürülməsi xahiş olunmuşdur. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 26 may 2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanladığı şikayət xarakterli ərizəsinə həmin idarədə baxılmış, müraciətlə bağlı məktəbin direktorunun izahatı alınmışdır. Bununla yanaşı, İddiaçı nəzərinə çatdırılmışdır ki, məhkəmə və ya hüquq-mühafizə orqanları tərəfindən iddia etdiyi xüsusatlar öz təsdiqini tapdığı təqdirdə direktor barəsinə müvafiq tədbir görülə bilər. Bundan başqa X8 tərəfindən verilmiş ərizədə iddiaçının İddiaçı və məktəbin direktoru Cavabdeh2 arasında olan mübahisədə o da, iştirak etmişdir. Mübahisə zamanı İddiaçı direktor Cavabdeh2 və digərlərini heç bir qeyri-etik ifadələrlə təhqir etməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbi əsl olmayan cavabdehə verilmiş, iddiaçıya əsl olmayan cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçı razılıq verməmişdir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 18 nömrəli əmr, yəni həmin məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozması və qeyri-etik hərəkətləri səbəbindən töhmət verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmiş, həmin əmr qəbul edilərkən əmək qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin məcəllənin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin məcəllənin 186.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Kollegiya qeyd edir ki, iddiaçının Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbində əmək fəaliyyəti ilə məşğul olan zaman, yəni, 10 mart 2021-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarını pozaraq, qeyri-etik hərəkətlərə yol verməsi, iş materialları və məktəbin digər müəllim heyətinin verdiyi ərizələr ilə öz təsdiqini tapır. Eyni zamanda nəzərə almaq lazımdır ki, 18 №-li, 16 mart 2021-ci il tarixli əmr qəbul edilərkən, qanunvericiliyin tələbləri pozulmamış, eyni zamanda əmrin qəbul edilməsi üçün tələb edilən müddət ötürülməmişdir. Kollegiya Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin həmkarlar təşkilatının sədri X8 tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizə ilkin olaraq verilmiş izahat (iş vər.: 28) arasında ziddiyyət olduğundan və həmin ərizənin həqiqiliyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə kollegiyası həmin ərizəni mötəbər sübut kimi qiymətləndirmir. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddia tələbi əsl olmayan cavabdehə verildiyindən və iddiaçıya əsl olmayan cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçı razılıq verməmişdir. Belə ki, hazırkı iddia tələbi Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbə qarşı verilməli olduğu halda, məktəbin direktoru Cavabdeh2 qarşı verilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində 16 mart 2021-ci il tarixli, 18 nömrəli əmri qəbul edərkən qanunvericiliyin tələbləri pozulmadığından və iddia əsl cavabdehə, yəni, Bakı şəhəri Xətai rayonu 48№-li tam orta məktəbinə qarşı verilmədiyindən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(011)-3859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar