Məhkəmə qərarları › İş №2(103)-940/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-940/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-940/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil1, Qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi X2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzil hüquqlarının müdafiəsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh MMC-nin İddiaçı qarşı mənzilin sökülməsi, əvəzində mənzil və aylıq kirayə haqqı verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)-2627/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə qanunsuz müdaxilənin, həmin mənzilin sökülməsinin, eləcə də qeyd olunan mənzilə dair onun mülkiyyət (sahiblik və istifadə) hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin Cavabdeh MMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin mülkiyyətçisidir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli 55 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının mülkiyyətçilərinin razılığı əsasında köçürülməsi və həmin ərazidə yaşayış binalarının sökülərək yeni yaşayış binalarının tikintisi cavabdeh “Ailə Park" MMC-yə tapşırılmışdır. Həmin pilot layihə əsasında 3 ay müddətində Cavabdeh MMC mənzillərin mülkiyyətçilərini və sakinləri onların razılığı ilə köçürməli və yalnız bundan sonra orada cavabdeh tərəfindən söküntü və tikinti işləri aparılmalıdır. Cavabdehin aparacağı həmin tikinti işləri yalnız həmin şirkətin özünə aiddir, heç bir dövlət və yaxud ictimai ehtiyaclarla bağlı layihə deyil. İddiaçının mülkiyyətində olan 26 saylı mənzil də sökülməsi nəzərdə tutulan binalardan birində, 14 saylı binada yerləşir. Mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yanındakı bina artıq cavabdeh tərəfindən sökülmüşdür. Söküntü zamanı isə cavabdeh heç bir söküntü, tikinti normalarına əməl etməmiş, qonşuluqdakı binalarda, eləcə də iddiaçının mənzilinin yerləşdiyi binadakı mənzillərin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, cavabdehin söküntü işləri həddindən artıq plansız şəkildə həyata keçirilir, qonşuluqdakı həmin binanın söküntüsü normalara uyğun olaraq tədricən sökülmək əvəzinə, heç bir tikinti normaları gözlənilmədən sökülmüş, bunun nəticəsində yüksək titrəyişlər əmələ gəlmiş və mənzilin yerləşdiyi 14 saylı binanın bünövrəsinə də ziyan dəymişdir. Cavabdehin söküntü işləri təhlükəli qaydada aparılır və bu da arzuolunmaz risklərin meydana çıxmasına, yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sair bədbəxt hadisələrə zəmin yaradır. Həmçinin cavabdeh tərəfindən söküntünün təhlükəsizlik qaydalarına əməl etmədən aparılması, orada yaşayan sakinlərin, insanların həyatına, sağlamlığına, əmlakına böyük təhlükə yaradır. Cavabdehin tikinti və söküntü işlərini təhlükəsizliyə əməl etmədən aparması iddiaçının mülkiyyətində olan mənzilə real təhlükə yaradır. Cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlakından lazımi qaydada istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə 04 mart 2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsindəki söküntü işlərini dayandırması, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli 55 saylı sərəncamının və Fövqəladə Hallar Nazirliyinin 14 saylı yaşayış evinin texniki vəziyyəti haqqında aktının surətlərinin iddiaçıya təqdim edilməsi xahiş olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən pretenziya məktubuna heç bir cavab verilməmiş, pretenziyada göstərdiyi müvafiq sənədlər ona göndərilməmiş və ya təqdim edilməmiş, habelə söküntü işləri dayandırılmamışdır. İlk iddia üzrə Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəy nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli 55 saylı sərəncamı ilə Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Həsənoğlu küçəsi ev 14 mənzil 26 ünvanında yaşayan cavabdeh İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 14 saylı evin 26-cı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh İddiaçı məxsus 26 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 6, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07 yanvar 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 18 mart 2020-ci il tarixli 1572 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Hazırda Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 14 saylı binada müikiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mülklərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair notarial müqavilələr bağlanılmış və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi, 14 ünvanında yerləşən 26 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin İddiaçı MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 37 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 300 manat kirayə haqqı təklif olunur. Cavabdeh MMC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Cavabdeh MMC Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. İddiaçı digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 37 kv.m yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 300 manat kirayə haqqı təklif olunur. İddiaçı ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, İddiaçı əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)- 2627/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 14 saylı evin 26-cı mənzili üzərində cavabdehin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilmiş, İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh İddiaçı məxsus 26 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu ilk iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən işin hallarının tam və hərtərəfli araşdırılmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)-2627/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 14 saylı evin 26 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 14 saylı ev ötən əsrin 60-cı illərində inşa olunmaqla qəzalı vəziyyətdədir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli TL-38/21 nömrəli obyektin tikintisinə icazədən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh MMC-yə ayrılmış 2,7520 ha torpaq sahəsində binanın inşası üçün icazə vermişdir. İş materiallarında olan 1572 nömrəli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" MMC arasında 18 mart 2020-ci il tarixli 1572 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 1 nömrəli bildirişdən müəyyən olunur ki, 14 dekabr 2020-ci il tarixdən etibarən yaşayış binasında mənzillərin sökülməsinə başlanılmış, növbəti bir ay ərzində proses başa çatmış və əksər hallarda ötən 5 ay ərzində mənzil sahibləri ilə qarşlıqlı razılaşma əsasında notarial müqavilələr bağlanılmışdır. Hazırda həmin binadakı bəzi sakinlərin mənzillərin ölçü prosesindən kənarda qalması tikinti işlərini əhəmiyyətli dərəcədə gecikdirir. Prosesi gecikdirən sakinlərin mənzillərində ölçü prosesi zamanı artımlar nəzərə alınmayacaq. Bildirişin alındığı tarixdən etibarən 14 iş günü ərzində mənzilin mülkiyyət sənədləri ilə ofisinə yaxınlaşıb notarial müqavilə bağlanması sakindən tələb edilir. İddiaçı bildirişi 20 may 2021-ci il tarixdə almış və bunu öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından da göründüyü kimi istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MMC-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Buna baxmayaraq o mənzili boşaltdıgı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla Cavabdeh MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan əlavə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamını icra edən iddiaçı Cavabdeh MMC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehin qeyd edilən hərəkətləri isə məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MMC-yə ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan ünvanda pilot layihə əsasında mənzillərin inşası Cavabdeh MMC-yə tapşırıldığından, MMC qarşılıqlı iddianı qaldırmaqda haqlı olmuşdur. İddiaçı tərəfindən MMC-nin təkliflərinin qəbul olunmaması fərdi maraqlarla ictimai maraqlar arasında, konkret halda isə İddiaçı maraqları ilə həmin binada mənzil gözləyən sakinlərin, eləcə də köçürülən sakinlərə hər ay kirayə haqqı ödəyən Cavabdeh MMC-nin qanuni maraqları arasında tarazlığın pozulmasına səbəb olur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 14 saylı evin 26 saylı mənzilinin sahəsi 30,90 kv.metr olduğuna görə Cavabdeh MMC ona həmin mənzilin sahəsindən 20 faiz artıq sahədə---37 kv.m. təmirli mənzil təklif etməkdə, birinci instansiya məhkəməsi isə həmin iddianı təmin etməkdə haqlı olmuşdur. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi məsələsinə gəldikdə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi kirayə haqqının məbləğini müəyyən edərkən həmin ərazidə oxşar şəraitli mənzillərin kirayə haqqını nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd, qarşılıqlı iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)- 2627/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar