Məhkəmə qərarları › İş №2(103)-9402/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9402/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9402/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdeh Hüsniyyə Məmmədovanın, onun vəkili və nümayəndəsi Nüşabə Ağayevanın iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməi və mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə” ilk iddiasına, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması barədə” qarşılıqlı iddiasına və Cavabdeh1 İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh Hüsniyyə Məmmədova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev № 13-də yerləşən 61 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, 2 otaqlıdır, ümumi sahəsi 49,54 kv.m təşkil edir. Cavabdehlər iddiaçının bacılarıdır. Mənzil əvvəlcə tərəflərin atasının mülkiyyətində olub. Onun 1 oğlu (iddiaçı) və 3 qızı (cavabdehlər) olub. Tərəflərin atası hələ sağikən mənzili iddiaçıya bağışlayıb. Tərəflərin atası 2013-cü ildə, anası isə 2020-ci ildə vəfat edib. Hazırda mənzildə 2 nəfər - cavabdeh Hüsniyyə Məmmədova və onun uşağı, 19.09.2005-ci il təvəllüdlü Gülşən Qasımzadə yaşayırlar. İddiaçı və digər cavabdehlər başqa ünvanda yaşayırlar. İddiaçının bildirdiyinə görə o, Badamdar qəsəbəsi, 3-cü massiv, 20-ci küçədə yerləşən qeydiyyatsız evdə yaşayır, ev həyat yoldaşına məxsusdur. İddiaçının hər 3 bacısı ailə quraraq mənzili tərk ediblər. Lakin iddiaçının bacılarından biri - Hüsniyyə Məmmədova qısa müddətdən sonra mənzilə qayıdıb. Hüsniyyə Məmmədovanın özünün bildirdiyinə görə 2004-cü ildə ailə qurub, təxminən 4-5 ay ayrı ailə kimi başqa ünvanda yaşayıb, 4-5 aydan sonra həyat yoldaşından ayrılıb və valideynlərinin mənzilinə qayıdıb, qızı həmin mənzildə yaşadığı zaman doğulub. Hüsniyyə Məmmədova daha sonra bildirir ki, hazırkı mübahisə analarının vəfat etməsindən sonra (2020-ci ildə) yaranıb, qardaşı (iddiaçı) mənzilə gələrək mənzilin özünə məxsus olduğunu bildirib və ondan mənzili tərk etməsini tələb edib. Mənzildə göstərilən şəxslər qeydiyyatdadır: 1) cavabdeh X5 (iddiaçının bacısı); 2) Cavabdeh1 (iddiaçının bacısı); 3) Cavabdeh2 (iddiaçının bacısı); 4) 19.09.2005-ci il təvəllüdlü uşaq X6 (iddiaçının bacısı Hüsniyyə Məmmədovanın qızı); 5) 20.02.2009-cu il təvəllüdlü uşaq X7 (iddiaçının bacısı Cavabdeh1m oğlu); 6) 26.09.2007-ci il təvəllüdlü uşaq X8 (iddiaçının bacısı Cavabdeh1 oğlu). Tələb və onun həlli: İşdə 3 iddia var: 1) İddiaçı ilk iddiası; 2) cavabdeh Hüsniyyə Məmmədovanın qarşılıqlı iddiası; 3) Cavabdeh1 qarşılıqlı iddiası. 1-ci iddiada, yəni İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, cavabdeh Hüsniyyə Məmmədovaya 2.000 (iki min) manat kompensasiya verilməklə onun mənzildən istifadə hüququna xitam verilsin, digər cavabehlərə isə kompensasiya verilmədən cavabdehlərin və onların uşaqlarının mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. 2-ci iddiada, yəni cavabdeh Hüsniyyə Məmmədovanın qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Hüsniyyə Məmmədova və onun uşağı Gülşən Qasımzadənin mənzildən istifadə hüququ tanınsın. 3-cü iddiada, yəni Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 və onun uşaqları Tural Aslanzadə və Kənan Aslanzadənin mənzilə istifadə hüququ tanınsın. Qətnamə ilə ilk iddia təmin olunub, qarşılıqlı iddialar isə rədd olunub. İlk iddia təmin edilərkən qət olunub ki, iddiaçı tərəfindən cavabdeh Hüsniyyə Məmmədovaya 2.000 manat kompensasiya verilmələ onun mənzildən istifadə hüququna xitam verilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə uşaqlar Gülşən Qasımzadə, Tural Aslanzadə və Kənan Aslanzadənin mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Şikayət və izahatlar: İşdə 1 apellyasiya şikayəti var: cavabdeh Hüsniyyə Məmmədovanın apellyasiya şikayəti. Apellyasiya şikayətində qətnamənin Hüsniyyə Məmmədovaya aid olan hissəsi mübahisələndirilib. Tələb olunub ki, həmin hissədə qətnamə ləğv edilsin, ilk iddianın Hüsniyyə Məmmədovaya qarşı yönəlmiş hissəsi rədd olunsun və Hüsniyyə Məmmədovanın qarşılıqlı iddiası təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh Hüsniyyə Məmmədova, onun vəkili və nümayəndəsi Nüşabə Ağayeva apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini düzgün müəyyən etmədiyinə görə qətnamə mübahisələndirilən hissədə, yəni cavabdeh Hüsniyyə Məmmədovaya və onun uşağı Gülşən Qasımzadəyə aid olan hissədə ləğv edilməli, həmin hissədə İddiaçı ilk iddiası rədd olunmalı, cavabdeh Hüsniyyə Məmmədovanın qarşılıqlı iddiası təmin edilməli, onun və uşağının mənzilə yaranmış istifadə hüququ tanınmalıdır. Belə ki, cavabdeh Hüsniyyə Məmmədova iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna malikdir. Onun bu hüququ mənzil hələ atasının icarəsində, daha sonra mülkiyyətində olan zaman əvvəlki Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən yaranıb. Hüsniyyə Məmmədova doğulduğu vaxtdan (1973-cü ildən) bu günə kimi mənzildə yaşayır, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməyib. İddiaçının cavabdeh Hüsniyyə Məmmədovaya qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə” tələb irəli sürməsi faktı onu təsdiq edir ki, iddiaçı da cavabdehin mənzildən istifadə hüququnun olduğunu təsdiq edir. O cümlədən cavabdehin uşağı Gülşən Qasımzadənin mənzildən istifadə hüququ var. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 20-ci maddəsinə görə uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. İddiaçı cavabdeh Hüsniyyə Məmmədovanın mənzildən istifadə hüququna xitam verilməsi üçün 2.000 manat kompensasiya təklif edir. Cavabdeh Hüsniyyə Məmmədova bildirir ki, doğulduğu vaxtdan (1973-cü ildən) həmin mənzildə yaşayır, yaşamağa başqa mənzili yoxdur, 2.000 kompensasiya həddindən artıq azdır, ən azı 25.000 manat kompensasiya istəyir. İddiaçı Fuad Məmmdov isə bildirir ki, 2.000 manatdan artıq kompensasiya təklif etməyı imkanı yoxdur, cavabdehin özünün Xırdalan şəhərində yerləşən, yeni tikilmiş çoxmənzilli binada ayrıca mənzili var. İddiaçı bunu təsdiq etmək üçün müqavilənin surətini təqdim edib. Lakin cavabdeh bunu təkzib edib, bildirib ki, onun sahibliyində belə bir mənzil yoxdur, həmin mənzilin müqaviləsi başqa şəxsin – X9 adındadır, onun aldadıblar, eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanıb, bununla bağlı cinayət işi başlanıb. Cavabdeh istinad etdiyi müqaviləni apellyasiya icraatı zamanı məhkəməyə təqdim etmişdir. Cavabdeh Hüsniyyə Məmmədovanın mülkiyyətində, icarəsində və ya istifadəsində başqa mənzil yoxdur, ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə malik deyil. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə hazırkı iddia o halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya Hüsniyyə Məmmədovanın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Mənzilin özünün satış qiyməti 70.000 manat, oxşar şəraitli mənzilin aylıq kirayə haqqı isə 300-350 manat təşkil edir (iş v. 133, mütəxəssis rəyi). 1-ci instansiya məhkəməsində icraat zamanı təklif olunan 2.000 manat (yəni ayda 300 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq üçün 6 aylıq kirayə haqqı) kompensasiya belə imkan vermir. Cavabdeh Hüsniyyə Məmmədovaya ödənilməli olan kompensasiya ən az 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməlidir. Belə ki, ağlabatan mühakimə əsasında 5 il kifayətdir ki, cavabdeh yaşayış sahəsinə olan ehtiyacını müstəqil surətdə ödəmək üçün zəruri olan tədbirləri həyata keçirsin. 5 il (60 ay) üçün kirayə haqqının məbləği 18.000 manat təşkil edir (60 ay x 300 manat = 18.000 manat), ona görə də cavabdehin istifadə hüququna xitam verilməsi üçün ona 18.000 manat kompensasiya ödənilməlidir. Lakin iddiaçı bu məbləğdə kompensasiya ödəmək istəmir. Belə ki, o, 1-ci instansiya məhkəməsində 2.000 manat kompensasiya təklif etmiş, apellyasiya instansiyası məhkəməsində isə bildirmişdir ki, bundan artıq kompensasiya təklif etməyə imkanı yoxdur. Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunmuş, Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12.06.2016-cı il tarixli qərara görə məhkəmə belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Odur ki, iddia rədd olunsa da hazırkı qətnamə ilə kompensasiyanın məbləğinin 18.000 manat müəyyən edilməsi qanuna uyğundur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təklif etdiyi 2.000 manatın az olduğunun müəyyən edilməsi üçün kompensasiyanın məbləği təyin olunmalıdır, çünki “az” nisbi anlayışdır: kompensasiyanın məbləğinə nisbətdə azdır. Kompensasiyanın məbləği isə 18.000 manatdır. Bu məbləğdən narazı qalan tərəf hazırkı qətnamədən kassasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - X2 və onun övladı X4 aid olan hissədə ləğv edilsin. İddiaçı irəli sürdüyü, 2.000 manat komensasiya verilməklə X1 uşağı ilə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev № 13-də yerləşən 61 №-li mənzildən istifadə hüququna xitam verilməsi barədə ilk iddia rədd olunsun. İddiaçı X1 qarşılıqlı iddiası təmin olunsun. X1 və onun övladı X3 Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev № 13-də yerləşən 61 №-li mənzilə yaranmış istifadə hüququ tanınsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar