Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9411/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2693/2021 saylı 05 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 300 manat pul məbləğinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2693/2021 saylı 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1 və 8.4.1-ci maddələrinə müvafiq olaraq iddianın qiyməti 500 manatadək olduqda iddia ərizələrindən 20 manat dövlət rüsumu ödənilməlidir. Qanunun 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından müəyyən olunur ki, iddia tələbi ilə tutulması xahiş olunan məbləğ - 300 manatdır. Həmçinin, o da müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda MPM-in 112.1.1-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə müvafiq olaraq hazırkı apellyasiya şikayəti üzrə 10 manat dövlət rüsumu ödənilməlidir. Lakin cavabdeh apellyasiya şikayətinə 5 manat dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etmişdir. Qeyd olunan səbəblərdən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2693/2021 saylı iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9411/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9411/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver