Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9412/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3114/2021 saylı, 25.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma, mənəvi zərərin əvəzinin ödənilməsi və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134,4 kv.m. olan mənzili keçmiş mülkiyyətçisi X1 almışdır. Mübahisə predmeti olan mənzilin alqı-satqısına dair iddiaçı arasında AN-İ № 0861222, 21.12.2020-ci il tarixli alqısatqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman mübahisə predmeti olan mənzilin keçmiş mülkiyyətçisini etibarnamə əsasında Cavabdeh təmsil edirdi. Mənzilin keçmiş mülkiyyətçi ilə iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən ona tam şəkildə ödənilmiş və bundan sonra iddiaçının adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.01.2021ci il tarixli Çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzilin keçmiş mülkiyyətçisi ilə iddiaçı arasında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə 10.02.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin keçmiş mülkiyyətçisi mənzilin iddiaçının faktiki sahibliyinə verilməsi ilə bağlı öhdəlik götürsə də, buna əməl etməmişdir. Belə ki, hazırda Cavabdeh öz ailə üzvləri ilə mübahisə predmeti olan mənzildə qeydiyyatsız yaşayırlar. Dəfələrlə onlardan mənzili boşaldaraq iddiaçıya təhvil vermələrini tələb etsə də, bundan imtina etmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzildən istifadə, sahiblik və sərəncam vermək hüquqların pozulduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzili vaxtında boşaldaraq iddiaçıya təhvil verməməsi, habelə mənzilindən vaxtında istifadə edə bilmədiyinə görə lazımsız olaraq iddiaçı əsəb gərginliyi və stres keçirir. Keçirdiyi əsəb gərginliyi və stersin nəticəsi olaraq iddiaçının normal yuxu düzəni belə pozulmuşdur. Cavabdehin iddiaçının mənzilini boşaldaraq vaxtında ona təhvil verməməsi onu həmin mənzildən gələcəkdə kirayə verərək əldə edə biləcəyi gəlirdən də məhrum etmişdir. Belə ki, mənzilinin yerləşdiyi yerin şəhərin mərkəzi olduğunu nəzərə aldıqda və həmin ərazidə yerləşən oxşar mənzillərin kirayə dəyərinin ortalama 600-700 manat civarında olmasını nəzərə aldıqda iddiaçı aylıq 600- 700 manat gəlirdən məhrum olmuşdur. 21.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasında artıq 4 aydan çox müddət keçdiyini nəzərə aldıqda iddiaçı ötən bu zaman ərzində 2400-2800 manat arası məbləğdə gəlirdən məhrum olmuşdur. Cavabdehin onun mülkiyyətində olan mübahisə predmeti olan mənzildən çıxmamaqda ifadə olunan hərəkətləri qanunsuz olduğundan, onun iddiaçının mülkiyyətində olan mənzildən ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılmasına, habelə qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat və mənzilini qanunsuz olaraq zəbt etməsinə görə məhrum olduğu gəlirin əvəzi 2500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Yəni cavabdeh onun mülkiyyət hüquqlarını pozaraq ona məxsus olmayan mənzildə qanunsuz şəkildə yaşayaraq iddiaçının həmin mənzilə olan istifadə, sahiblik və sərəncam vermək kimi hüquqlarını pozmuş və həmin hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Odur ki, cavabdehin iddiaçının mülkiyyətindəki mübahisə predmeti olan mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və iddiaçıya dəymiş maddi zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona ödənilməsi zərurət təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 19, MK5, m3-dən çıxarılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, mənzilini qanunsuz olaraq zəbt etməsinə görə məhrum olduğu gəlirin (əldən çıxmış faydanın) əvəzi olaraq 2500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3114/2021 saylı, 25.05.2021-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla əsasən: AZ1010, ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3114/2021 saylı, 25.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3114/2021 saylı, 25.05.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməməsinə istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində Cavabdeh ünvanına bildrişlər göndərilmiş, telefonuna SMS və zənglər edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, göndərilən məktublarlın qəbul olunması qəbzlərində evdə yaşamaması qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində Cavabdeh apellyasiya şikayətində qeyd olunmuş ünvana ona məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin onun həmin ünvanda yaşamaması və ünvanın düz olmaması qeydi ilə bildirişlər geri qayıtmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146 –cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibəti ilə bağlı təqdim olunmuş sübutları araşdırmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddiaçı cavabdehə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlıdır. Belə ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu aspektdən yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun «şərti və qeyri-sabit» xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsasları kimi- yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsiəsasında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilinə hər hansı hüquqları mövcud deyildir. Həmçinin iddiaçının izahatından da görünüdüyü kimi, cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə faktiki yaşamaqdadır. Həmçinin onun həmin mənzilində qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdeh də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddia tələbi mənzildən çıxarılma hissəsində təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 50, Yeni qaydalarla: AZ1010, ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılmalıdır”. Məhkəmə kolegiyası mübahisəli hüquq münasibətinə tətbiq olunan maddi hüquq normalarının iddia tələbinin hüquqi əsasını təşkil etməsi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2882/2021 saylı, 09.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3114/2021 saylı, 25.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9412/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9412/2021
11.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver