Məhkəmə qərarları › İş №2(103)-9417/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9417/2021

20.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9417/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran xəstəliklərin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-5208/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatdan təqaüdə çıxmağı üçün həmin təşkilatda işlədiyi müddətdə əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran “total alopesiya” xəstəliyinin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-5203/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 19.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi ilə eyni məzmunlu şikayətdə qərardadın ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddianın predmetini xəstəliyin yaranmasında zərərli və toksiki maddələrin rolunun müəyyən edilməsidir. Bu hal xüsusi bilik tələb edən sahə olmaqla məhkəmənin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb aydın göstərilməlidir. Bu halda predmetini xəstəliyin yaranmasında zərərli və toksiki maddələrin rolunun müəyyən edilməsi ilə bağlı tələbdə "xxxx" QSC-yə qarşı hansı tələbin olduğu müəyyən deyildir. Həmin tələbə ümumi məhkəmələrdə baxılması istisna olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi qanunvericilikdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi hallar məhkəmə icraatı çərçivəsində müəyyən edilməli hallar olmaqla, iddia tələbinin təmin və ya rədd edilməsi barədə qənaətə gəlmək üçün əsas verən haldır, iddia ərizəsini qəbul etməkdən imtina üçün əsas deyildir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(006)-5203/2021 saylı qərardad ləğv edilsin və iddiaçı X1 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran xəstəliklərin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar