Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9419/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-102/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,5626 saylı "Mənzilin alğı-satqı müqaviləsinin icrası ilə əlaqədar ödənilmiş 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) məbləğin, 12000 manat (on iki min) təmirə çəkilmiş xərcin, 30 manat dövlət rüsumunun, cəmi 34296,96 manat (otuz dörd min iki yüz doxsan altı manat doxsan altı qəpik) məbləğin və 30 manat (otuz) dövlət rüsumunun "X7" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 16 fevral 2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında Bakı şəhərində, Abşeron rayonu ərazisində, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 KM inşa etdirdiyi 1 saylı binanın 82 blok, 6a saylı 1 otaqdan ibarət ümumi yaşayış sahəsi 49,72 kv.m. olan mənzilə dair 5626 saylı "Mənzilin Alqı-Satqı Müqaviləsi" bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində göstərilir ki, "Satıcı" satdığı mənzili nəzərdə tutulmuş müddətdə (həmin müddət müqavilənin 3.1.2.4 bəndinə əsasən 18 ay müəyyən edilmişdir) alıcıya verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndində deyilir: hazırkı alqı-satqı müqaviləsinin predmeti olan məzilin qiyməti tərəflərin razılığı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini səksən doqquz min yüz səksən beş manat 25 qəpik 300 (üç yüz) ay müddətində ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.2.1-ci bəndində deyilir ki, bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etmək "satıcının" vəzifəsidir. "Satıcı" tərəfindən müqavilənin "Satıcının vəzifələri"ni göstərən 3.1.2 -ci bəndinin tələbləri layiqincə yerinə yetirilməmişdir. Ümumiyyətlə bu Müqavilə "Alıcının" hüquqlarının kobud surətdə pozulması ilə bağlanmışdır. Müqavilənin 3.2.2.1-ci bəndinin son iki abzasında göstərilənlər buna misal ola bilər. Həmin abzaslarda qeyd olunur ki, Satıcıdan alınmış mənzilin təmir işlərini yalnız satıcının təklif etdiyi sığorta şirkətində mənzili sığorta etdirdikdən sonra həyata keçirə bilər. Sonra qeyd olunur ki, Alıcı yalnız satıcı tərəfindən təklif olunmuş sığorta şirkətində öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini sığortalatdırmalıdır. Həmin Müqavilənin 5.7-ci bəndində göstərilir ki, "Alıcı" tərəfindən verilmiş ikin ödəniş məbləği mənzilin qiymətinə hesablanmır və sonradan müqavilənin dəyişdirilməsi, ləğvi, müqavilə öhdəliklərinin başqa şəxslərə keçirilməsi hallarında "Alıcıya" qaytarılmır. Halbuki, həmin Müqavilənin 3.2.2.1-ci bəndində mənzilin dəyəri 89185,25 manat (səksən doqquz min bir yüz səksən beş manat iyirmi beş qəpik) göstərilmişdir. Müqavilənin bu iki bəndi bir-biri ilə ziddiyyət təşkil edir və "Alıcının" aldadılması deməkdir. Bildirilir ki, "Satıcının" öz vəzifəsini layiqincə yerinə yetirmədiyi, aldadıldıqlarını başa düşdükləri üçün, həmçinin sonradan satıcı "X7" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı Abşeron Məhkəməsində arasında "Müqavilənin ləğv edilməsi mənzilin boşaldılması, geri qaytarılması tələbinə dair" iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etdiyi ona məlum olduğu üçün o da həmin mənzildən imtina edir. Həmin iddia üzrə Abşeron rayon Məhkəməsi Məhkəməsi iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı "Müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair" iddiasının təmin olunması barədə 2(012)- 2329/2015 saylı iş üzrə 23 iyul 2015-ci il tarixli qətnamə qəbul etmişdir. Müqavilənin 5.3-ci bəndində deyilir: Alıcı tərəfindən Müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Mənim tərəfimdən indiyə qədər 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) pul ödənilib. Axırıncı ödəniş 12.05.2014-cü ildə həyata keçirilib. Həmin vaxt onlar cavabdehə mənzilin geri qaytarılması üçün razılığa gəlməyi xahiş etmişlər. Onlar isə cavabında heç bir məbləğ ödəməyəcəklərini və məhkəməyə verəcəklərini bildirdilər. Həmçinin bildirilir ki, həmin mənzilin təmirinə iddiaçı tərəfindən 12000 manat (on iki min) pul xərclənib. Müqavilə qarşı tərəfin iddiası əsasında ləğv edildiyi üçün həmin məbləği geri tələb etmək hüququ var. Bildirmək istəyir ki, o, iki dəfə bu problemin qanunauyğun həll edilməsi üçün Nərimanov rayon Mləhkəməsinə müraciət etmiş və bundan sonra cavabdeh iddiaçı ilə problemin həlli ilə əlaqədar razılığa gəlib, lakin sənədlər məhkəmədən götürüldükdən sonra onu aldadaraq, iddiaçı tərəfindən qəbul edilməsi mümkün olmayan qanunsuz tələblər irəli sürüblər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-102/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6a saylı mənzilin təmirinə çəkilmiş 12000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada “X6 İnvestisiya Korporasıyasi” ASC-dən 150 manat və İddiaçı 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pulun tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-234/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)- 102/2019 saylı qətnaməsi dəyişdirilmiş, "xxxx" ASC-dən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi binanın 82-ci blokunun ümumi sahəsi 49.72 kv.m olan 1 otaqlı 6a saylı mənzilin təmirinə çəkilmiş 7200 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3991/2021 saylı 12.08.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(103)-234/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müqavilə alıcının deyil, satıcının tələbi ilə pozulmuşdur. Həmçinin satıcı mənzilin təhvil verilməsi barədə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir. “Satıcının” öz vəzifəsini layiqincə yerinə yetirmədiyi və kobud şəkildə aldadıldıqlarını başa düşdükləri üçün, həmçinin sonradan satıcı CavabdehAçıq Səhmdar Cəmiyyətinin ona qarşı Abşeron Məhkəməsində arasında “Müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması, geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi ona məlum olduğu üçün o da, həmin mənzildən imtina etmişdir. Yəni, Abşeron rayonun ərazisində ümumi sahəsi 49,72 kv.m. olan bir otqalı mənzilin 89185,25 manat qiymətləndirilməsi alıcını qəsdən aldatmaq, onu pis vəziyyətə salmaq deməkdir. Abşeron Rayon Məhkəməsi iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair" iddiasının təmin olunması barədə 2 (012) - 2329/2015 saylı iş üzrə 23 iyul 2015-ci il tarixli qətnamə qəbul edilmiş və qətnamə icraya yönəldilsə də, bu günə kimi həmin mənzil satılmamışdır. Belə çıxır ki, həmin mənzil satılmasa onun pulu batmalıdır. Hətta o, həmin mənzilin satılmasına öz köməkliyini təklif etsə də, qarşı tərəf bundan imtina etmişdir. Belə çıxır ki, onların məqsədi istənilən vasitə ilə onu aldatmaqdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qanunsuz olaraq mübahisəli mənzildə 2008-ci ildən hal-hazıradək yaşadığından cavabdehə maddi ziyan dəymişdir. Halbuki, iddiaçının həmin mənzildə yaşadığı dövrü həmin ərazidə olan orta aylıq kirayə haqqı ilə hesablansa cavabdehə dəymiş maddi ziyan iddiaçının ödədiyi pul vəsaitindən və təmir xərcindən artıq çıxır. Həmçinin, müqavilənin şərtləri iddiaçı tərəfindən pozulduğundan, iddiaçı həmin mənzildə uzun müddət yaşadığından hesab edirik ki, iddiaçı tərəfindən ödənilmiş pul məbləği və təmir xərci cavabdehə dəymiş maddi ziyan kimi hesablanaraq iddia tələbi rədd edilməlidir. İddiaçı mənzili təmir etsə də, həmin mənzildə yaşadığı müddət ərzində mənzildən istifadə etmiş və orada yaşamışdır. İddiaçı mənzili təmir edərkən təmirə çəkdiyi xərc üzrə özü risk daşıdığından təmir xərci cavabdehdən tutulmalıdır. Belə ki, hər bir şəxs mənzili istidəyi qiymətə təmir etdirə bilər və təmirə istənilən vəsait sərf edə bilər. Belə olan halda həmin vəsaiti sərf edirsə deməli iddiaçı bununla risk daşıdığını qabaqcadan görməli idi. Əks təqdirdə cavabdeh, iddiaçının çəkdiyi xərc üzrə məsuliyyət daşımamlıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdein apellyasiya şikayəti rədd edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 16.02.2008-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km inşa etdiyi 1 saylı binanın 82 blok, 6A saylı ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılğı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 300 ay müddətinə, hər ay 297,28 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilmiş xərclərin əvəzi kimi tutur. Abşeron Rayon Məhkəməsinin 2(005)-2329/2015 nömrəli, 23 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "X3 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 16.02.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6 a saylı mənzilin boşaldılması və mənzilin cavabdeh "X3 Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli qərardadına əsəsən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 18.10.2018-ci il tarixli, 14650 saylı ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesində yerləşən 1 saylı binada İddiaçı yaşadığı mübahisəli mənzil üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 9872 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.03.2019-cu il tarixli 32290 saylı məhkəmə tikinti-texniki ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikintitəmir və quraşdırma işlərinin təqribi dəyərinin 2012-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, 12250 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzil üzrə aparılmış müxtəlif növ işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında artmağa doğru yaranmış 2378 manat (12250-9872) qiymət fərqi, hazırkı ekspertiza tədqiqatı zamanı tədqiq olunan mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı tərtib edilmiş aktda göstərilənlərin nəzərə alınması ilə izah olunur. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilində təmir işlərinin hansı dövrdə başlanıb yekunlaşdığı barədə məlumat mülki iş materiallarında olmadığından, mənzilin təmir işlərinin köhnəlmə faizini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, amortizasiya – köhnəlmə nəzərə alınmaqla, mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilində yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 12250 manat məbləğində olduğu müəyyən edilir. Təmir işlərinin köhnəlmə əmsalının hesablanmasına dair metodika olmadığından bu suallar tədqiqat aparılmamışdır. Lakin tədqiq olunan mənzilə baxış keçirilən zamanı, həmin mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər hansı qüsurlar yaranmadığı müəyyən edilir. Məhkəmə kollegiyasına "xxxx" ASC tərəfindən təqdim olunmuş 30 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, alıcı tərəfindən mənzilə görə 22296.96 manat ödəniş edilmişdir. 22296.96 manatdan 297.28 manat ilkin ödəniş kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh “X3 Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanması və bu hal cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdeh “X3 Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 12000 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Belə ki, iddiaçının iddia tələbi 12000 manat olmuş, iddia tələbinin həcmi artırılmamışdır. İddiaçı cavabdehə cəmi nağd şəkildə 22.296,96 manat məbləğində pulun ödənildiyini qeyd edir. Ona görə də həmin pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş edir. Ancaq 16.02.2018-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinin 5.8-ci bəndində göstərilir ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, Alıcı tərəfindən müqavilədən imtina edilməsi hallarında ilkin ödəniş istisna olunmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutulur. Bu səbəbdən iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Kollegiya iddiaçı tərəfindən mənzilin təmirinə ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı tərəfindən mənzilin təmirinə 12000 manat məbləğində pul vəsaitinin xərclənməsi işin mübahisəsiz halıdır. Odur ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bununla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mənzil təmir edildikdən sonra, iddiaçı həmin mənzildə yaşamamışdır. Bu iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş fotoşəkillərlə təsdiq edilir. İdidaçının həmin mənzildə yaşaması cavabdeh tərəfindən digər hallarla sübuta yetirilməmişdir. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyindən görünür ki, mübahisəli mənzildə təmir işləri normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər-hansı qüsurun yaranmadığı müəyyən edilmişdir. Cavabdeh tərəf iddia tələbinə etirazında köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimata istinad etsə də, həmin təlimat Azərbaycan Respublikası Ədliyyə Nazirinin 76-S saylı 31.08.2005-ci il tarixli sərəncamı ilə qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, mənzildə qüsurlar olmadığından köhnəlmə faizi də tətbiq edilə bilməz. Bundan başqa cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, 30.11.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 82-ci blokunda yerləşən 6a saylı mənzilə görə, ümumilikdə 22296,96 manat pul vəsaiti ödənilmişdir. 22296,96 manat pul vəsaitindən 297,28 manat ilkin ödəniş kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsifidə əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 186.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(005)-2329/2015 nömrəli, 23 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “X3 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 16.02.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km-də yerləşən 1 saylı binanın 82-ci blokunun ümumi sahəsi 49,72 kv.m olan 1 otaqlı 6 a saylı mənzilin boşaldılması və mənzilin cavabdeh “X3 Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılması qətnamə ilə müəyyən edilməmiş, cavabdeh isə həmin pul vəsaitinin geri qaytarılmasına cəhd etməmişdir. Bununla da, cavabdeh həm, mübahisəli əmlakı, həm də, iddiaçı tərəfindən mənzil üçün ona ödənilmiş məbləği özündə saxlamaqla iddiaçıya münasibətdə üstün mövqe tutmağa çalışmış və əsassız varlanmaya yol vermişdir. Halbuki, həmin müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilmiş xərclərin əvəzi kimi tutur. Maliyyə arayışına əsasən iddiaçı tərəfindən ödənilmiş 21.999,68 manat (22.296,96-297.28) pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa müqavilə şərtlərinə uyğun olaraq, mübahisəli mənzil satıldıqdan sonra həmin məbləğ iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli, iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-102/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt Şossesi 7 km ünvanında yerləşən bina 1, blok 82, ümumi sahəsi 49.72 kv.m olan 1 otaqlı 6a saylı mənzil satıldıqdan sonra cavabdeh "xxxx" ASCdən 21.999,68 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9419/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9419/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver