Məhkəmə qərarları › İş №2(103)-942/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-942/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-942/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3135/2022 saylı işi üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 12000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat olmaqla, ümumilikdə 12120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarına gedən yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsinə görə cavabdeh ilə razılaşmış, həmin işlərin yerinə yetirib qurtardıqdan sonra cavabdeh ödəməli olduğu 36000 manat pulun 24000 manatını verərək, qalan 12000 manatı müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır.

2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən etirazda qeyd edilmişdir ki, cavabdeh xeyriyyəçilik məqsədilə Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizkənarına gedən yola asfalt örtüyünün döşənməsi üçün İddiaçı 360 metr məsafədə asfalt örtüyü çəkməyi öz öhdəsinə götürmüş, 24000 manat məbləğində pul vəsaiti vermiş və iddiaçı asfalt çəkməyə başlamışdır. İddiaçı işlərinin qurtarmasını deyərək cavabdehdən 12000 manat məbləğində əlavə pul tələb etdikdə cavabdeh iddiaçının asfalt örtüyünə baxmaq üçün əraziyə gəlmiş, lakin ərazidə yerə çınqıl daşlarının tökülməsini və üzərinə mazut çəkilməsini görüb bunun nə olmasını soruşduqda iddiaçı cavabdehə çəkdiyi asfaltın olmasını demiş, iddiaçı həmin yerə asfalt çəkməmiş, sadəcə tökdüyü çınqılın üzərinə mazut tökərək yolun asfaltla döşənmiş kimi görünməsinə çalışmışdır. Cavabdeh iddiaçıdan yolun asfalt örtüyünün çəkilməsini tələb etdikdə isə iddiaçı artıq işinin qurtarmasını bildirib, cavabdehdən qalan 12000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Halbuki iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, cavabdehdən əsassız olaraq 24000 manat məbləğində pul vəsaiti alaraq, nəticədə cavabdehə keyfiyyətsiz bir iş vermiş, yəni yararsız, istifadəyə yararlı olmayan bir yol çəkmişlər. İddiaçı öz iddiasında yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsinə görə cavabdehlə 36000 manata razılaşmasını bildirsə də, əslində bu belə olmamış, tərəflər asfalt döşənməsi üçün ilkin işlərin deyil, ümumilikdə yola asfalt döşənməsi barədə razılığa gəlmiş, hətta iddiaçı polisə etdiyi şikayətində də cavabdehlə asfalt çəkməsi üçün razılığa gəlməsini göstərmişdir. Həmin razılığa əsasən iddiaçı yola asfalt çəkməli, cavabdeh isə iddiaçıya 36000 manat məbləğində pul vəsaiti ödəməli idi. İndi isə iddiaçı öz işlərinin keyfiyyətsiz, istifadə üçün yararsız olmasını bildiyinə görə, çəkdiyi asfaltın ilkin işlərin görülməsi üçün çəkildiyini bildirməklə, üzərinə götürdüyü öhdəlikdən yayınır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3135/2022 saylı işi üzrə 07 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 425.1, 752.1, 753.4, 759.1, 759.2, 762.1, 762.2, 762.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı İddiaçı Türkan üzümçüluk sovxozunda 600 m uzunluqda, 6 m enində yola asfaltın çəkilməsinə öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi icraçıya 26000 manat məbləğində ilkin ödəniş etmiş, qalan məbləğ 12000 manatı isə ödəməyi öhdəsinə götürmüş, lakin görülən işin keyfiyyətsiz olduğunu və bəyənmədiyini qeyd edərək bununla bağlı polis idarəsində xx.xx.2021-ci il tarixdə izahat verərək qalan pulu ödəməyəcəyini və bununla bağlı məhkəmədə iddia qaldıracağını qeyd etmişdir. Lakin bir ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən görülən işin keyfiyyətsiz olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır.Tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və pul öhdəliyi yerinə yetirilməmişdir. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan cavabdeh olduğundan iddiaçı bu müqaviləyə əsasən ödənilməli olan bütün pulu cavabdehdən tələb etməyə haqlı olmuşdur. İddia tələbi təmin olunmalı, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilməmiş cəmi 12000 manat məbləğində pul vəsaiti və 120 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 07 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir; - Bakı Şəhər Baş Polis İdarəsində xx.xx.2021-ci ildə Cavabdeh tərəfindən verilmiş izahatın surətinə əsasən ona verilən suallara cavab olaraq bildirmişdir ki, vətəndaş İddiaçı ərizəsi ilə tanış olmuş, belə ki, özü xeyriyyəçilik ilə məşğuldur, Türkan üzümçüluk sovxozunda 600 m uzunluqda, 6 m enində yola asfaltın çəkilməsinə Taqdıq ilə razılaşmış (özünü ona asfalt zavodunun işçisi kimi təqdim etmişdir.), razılaşmaya əsasən Tapdıq həmin yerə asfalt çəksə də, çəkilmiş asfalt çox keyfiyyətsiz olmuş, hal-hazırda da həmin asfalt dağılır, çox yarasız hala düşmüş və ovulur. Bu səbəblə də Tapdığa 26 000 azn ödəmiş, qalan məbləği 12 000 azn ödəmir. Tapdığın ona çəkdiyi asfaltı yenidən çəkdirmək məcburiyyətindədir, ona 26 000 azn maddi zərər vermişdir, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcək və dəymiş ziyanın ödənilməsi ilə iddia ərizəsi verəcəkdir(iş səh. 37, 38). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(010)-3135/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2, 765 ; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının çəkdiyi asfalt çox keyfiyyətsiz olmuş, iddiaçı bunu bildiyinə görə, həmin işi asfalt çəkilməsi üçün ilkin iş adlandırmaqla öhdəliyindən yayınmaq istəmişdir. Belə ki, iddiaçıya avtomobil yolunun çəkilməsini və asfaltla döşənməsini sifariş etmişdir. Bu baxımdan belə hesab edir ki, hər bir halda, məhkəmə görülən işlərin keyfiyyətini və tikinti texniki qaydalarına uyğun olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin etməli idi. Məhkəmə öz qətnaməsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasını və pul öhdəliyinin yerinə yetirilməməsini göstərmişdir. Məhkəmə bu əsasa istinad edərək, səhv nəticəyə gəlmişdir. Onun sifarişçi kimi yalnız sifariş etdiyi məhsulu qəbul etmək və yalnız sifariş etdiyi mal üçün ödəniş etmək vəzifəsi olmuşdur. İddiaçı isə öz işini keyfiyyətli formada yerinə yetirməmiş, asfalt örtüyünü tam çəkib ona təqdim etməmişdir. Belə olduqda isə onun da həmin məhsulu qəbul etməmək hüququ, podratın nəticəsindən imtina etmək hüququ olmuşdur. Məhkəmə iddiaçının onunla asfalt çəkilməsi üçün ilkin işlərin görülməsi barədə razılıq əldə edilməsinin hansı sübutla təsdiq edilməsini öz qətnaməsində göstərməmiş, bununla əlaqədar heç bir sübuta istinad etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı onunla asfalt çəkilməsi üçün ilkin işlərin görülməsi barədə razılıq əldə edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, Baş Polis İdarəsinə şikayətində asfalt örtüyünün çəkilməsi barədə razılığa gəlməklərini, məhkəməyə verdiyi ərizəsində isə asfalt çəkilməsi üçün ilkin işlərin görülməsi barədə razılığa gəlməklərini göstərməsinin səbəblərini izah etməmişdir. Halbuki, bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının tələbinin əsası onun sifarişilə dəniz kənarına gedən yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsi, bunun müqabilində ona 36 000 manat məbləğində pul vəsaitini ödəməyi təşkil edir. Yəni iddiaçı aşağıdakı halları sübut etməli idi - Onun yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsini sifariş etməyi. - Onun bu işlər üçün ona 36 000 manat məbləğində pul ödəməli olmağı. Bildirir ki, yola asfalt döşənməsi ilə asfalt döşənməsi üçün ilkin işlərin görülməsi ayrı-ayrı işlərdir və hər birinin dəyəri də ayrıdır. O, iddiaçıya təkcə asfalt üçün ilkin işlərin deyil, bütövlükdə yola asfalt döşənməsini sifariş etmiş, bunun üçün ona 36 000 manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı polisə etdiyi şikayətində də ona yola asfalt çəkilməsini sifariş etdiyini göstərmişdir. Lakin o, polis idarəsində izahat verərək, çəkilmiş asfaltın keyfiyyətsiz olmasını gördüyü üçün ona qalan 12 000 manatı vermədiyini bildirdikdən sonra o, asfaltın döşənməsi üçün ilkin işlərin görülməsi barədə razılığa gəlməsini göstərmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddiaçının qeyd etdiyi kimi asfalt örtüyünün altının döşənməsi ilə bağlı deyil, 36000 manata aslfatın tam çəkilməsi ilə bağlı şifahi formada razılığa gəldiklərini, iddiaçının polisə şikayət zamanı öz ifadəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı razılığa gəldiklərini bildirdiyini, cavabdeh tərəfindən asfaltın tam çəkilmədiyi, keyfiyyəti mübahisələndirdikdən sonra iddiaçının yalnız ilkin işlərin çəkilməsi ilə bağlı razılığa gəldiklərini dediyini, əslində isə razılaşmanın asfaltın tam çəkilməsi ilə əlaqədar olduğunu qeyd etmiş, razılaşmaya əsasən asfaltın tam çəkilib təhvil verilmədiyini, natamam iş görüldüyü üçün cavabdehin pulu verməkdən imtina etdiyini, razılaşmanın tam aslfatın çəkilib təhvil verilməsi ilə bağlı deyil, məhz ilkin işlərin görülməsi ilə bağlı olduğunu iddiaçının sübut etməli olduğunu bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu, işi yubatmaq və yayınmaq xarakteri daşıdığını, razılaşmanın asfalta qədər ilkin işlərin görülməsi ilə əlaqədar olduğunu, asfalt örtüyünə qədər ilkin işlərin görülməsi üçün 36000 manata razılaşdıqlarını, 36000 manatın asfalt çəkilməsi üçün qeyri-real məbləğ olduğunu, asfalt örtüyünün çəkilməsinin iddiaçının öhdəliyinə aid olmadığını, həmin ərazidə yol olmadığını və iddiaçının öhdəliyin yol çəkilməsi olduğunu, pulun qabaqcadan ödəmə şəklində hissə-hissə ödənildiyini,pulun veriləcəyinə arxayın olduqlarından pulun hissə-hissə ödənilməsi ilə razılaşdıqlarını, cavabdehin başqa şəxslərə də borcu olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: Mülki Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin 752.1 və 752.2, 759.1-ci maddələrinə görə: Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Məcəllənin 762.1-762.4-cü maddələrinə görə: Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.Məcəllənin 763.1-763.3-cü maddələrinə görə: Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Məcəllənin 770, 772.1, 774, 775-ci maddələrinə görə: Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Məcəllənin 776.1 və 776.2-ci maddələrinə görə: Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 324, 385-389, 421-441, 560, 752-776; Mülki Prosessual Məcəlləsinin 77, 80-82, 88, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir.

12. Qeyd edilməlidir ki, iddiaçı polisə etdiyi şikayətində də ona yola asfalt çəkilməsini sifariş etdiyini göstərmiş və izahatlarında fərqli ölçülərdə (uzunluğu 600 eni 7 metr) iş həcmi göstərərək, əvvəl 2020-ci ilin avqust ayında 38000 manata, sonra isə 2019 avqust-sentyabr 36000 manata razılığa gələrək yolu çəkərək asfaltladığını, əvvəl 26000 manat aldığını, sonra isə 24000 manat aldığı kimi fərqli ifadələr vermişdir (iş səh 51, 52). Diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında Suraxanı RPİ-nin qərarına, orada və məhkəmədə tərəflərin verdikləri izahatlarına istinad etmiş, qeyd edilən məlumatlara, sübutların mötəbərliyi və şübhələrdən kənar təkzibedilməzliyi baxımından qiymət verməmişdir. Nəticəsi müəyyən edilməyən iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Suraxanı RPİ-nin qərarına və onun materiallarına istinad edilməsi yalnız tərəflərin izahatlarının (digər dəlil və sübutlarının) sübut növü kimi tədqiqi zamanı müqayisəli təhlil üçün prosessual hüquqi əhəmiyyət daşıya bilər və müstəqil sübut əhəmiyyətinə malik deyildir.Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 80-81-ci maddələrinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

13. Pul vəsaitlərinin dövriyyəsi (hesablanması) buna dair yazılı (təkzibedilməz) sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında münasibətlər çərçivəsində qarşılıqlı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, alınan və qaytarılan (qaytarılmalı olan) məbləğin miqdarı, görülməli olan işin həcmi və digər ziddiyyətli dəlillər, iddia edilən pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin şübhələrdən kənar olaraq mövcudluğuna və mövcud olduğu təqdirdə onun görülmüş (görülməli olan) işin həcminə müvafiq miqdarına birmənalı qiymət verilməsini, habelə (işin həcmi ilə bağlı dayanıqlı sübutların olmaması və məlumatların qeyridəqiqliyi tərəflər arasında olan öhdəliklərin və görülməli olan işlərin müəyyən edilməsi üçün) ekspertizanın aparılmasını (təyin edilməsini) mümkünsüz edir.

14. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və iddia rədd edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3135/2022 saylı işi üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar