Məhkəmə qərarları › İş №2(103)-9422/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9422/2021

18.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9422/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 nümayəndələri Cavabdeh1, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 50 nömrəli evin 5 nömrəli mənzilinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 istifadə hüquqlarının kompensasiya verilmədən itirilmiş hesab olunması, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 istifadə hüququnun əvəzinə onlara 23 000 manat kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 44 nömrəli 12 sentyabr 2003-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 50 nömrəli evin yaşayış sahəsi 62.1 kv.m olan 4 otaqdan ibarət 5 nömrəli mənzilinə dair onunla kirayə müqaviləsi bağlanılmış, 05 noyabr 2008-ci il tarixdə mənzili mülkiyyətinə keçirmişdir. Cavabdehlərdən nəvələri olanlar - Cavabdeh2 13.12.2015-ci il tarixdə ailə quraraq köçmüş və hazırda Yasamal rayonunda; Cavabdeh3 08.11.2016-cı il tarixdə ailə quraraq Salyan şəhərinin Kürsəngi kəndinə köçmüş və hazırda Abşeron rayonunun Sulutəpə qəsəbəsində ailəsi ilə birlikdə; Cavabdeh4 17.09.2014-cü il tarixdə ailə quraraq Salyan rayonun Kürsəngi kəndinə köçmüş və hazırıla ailəsi ilə birlikdə Abşeron rayonunun Sulutəpə qəsəbəsində; Cavabdeh6 isə 02.03..2017-ci il tarixdə ailə quraraq Rusiya Federasiyasının Surqut şəhərinə köçmüş və hazırda ailəsi ilə birlikdə orada yaşayırlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına baxmayaraq onların mülkiyyətindəki mənzildə formal qeydiyyatda qalmaları mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehlərin bir qismi ailə qurandan sonra qeyd olunan mənzildə yaşamasalar da, formal olaraq qeydiyyatda qalmışlar, buna görə də mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Halbuki, onların daimi ayrı yaşayış yerləri var və mübahisəli mənzil sahəsindən istifadələrinə heç bir ehtiyacları yoxdur. Hesab edir ki, adı çəkilən cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacları aradan qalxdığından mənzildən istifadə etmək hüququnu itirmişlər. Hazırda mənzildə Cavabdeh1, nəvələri Cavabdeh5 və X1 yaşayırlar və mənzilə dair mülkiyyət hüquqlarını olduqca kobud və qərəzli şəkildə pozurlar, onu mənzilə yaşamağa buraxmırlar, mənzilin qalan üç otağına yiyələnərək onu mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum ediblər. Faktiki olaraq qalan üç otağı zəbt edərək onu mülkiyyətindən məhrum edən Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 daim əsassız bəhanələrlə münaqişə yaradaraq onu təhqir edir, mənzildən rahat və sərbəst şəkildə istifadə etməsinə maneə olurlar. Hətta 23 aprel 2017-ci il tarixdə Cavabdeh1 qəsdən vuraraq ona bədən xəsarəti yetirmiş və bu cinayət əməlinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mənzildən çıxarılmadan özünün orada yaşaması mümkün deyildir. Buna görə də Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 23 000 manat kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mübahisəsi gedən mənzildə anadan olmaqla orada pasport qeydiyyatındadırlar. Onların başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsindən başqa yaşayış sahəsinə köçmələrini sübut edən sənədlər, o cümlədən yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına dair sübut növləri məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi digər cavabdehlərə münasibətdə qeyd etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir, onlara həmin ərazidə mübahisəli mənzil satılmadan üç otaqlı mənzilin verilməsinə dair təklifi isə iddiaçı qəbul etmir. Mənzil özəlləşdirmə əsasında İddiaçı adına qeydə alınmış, özəlləşmə zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mənzilin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda İddiaçı həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını almalıdır. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmadığını, bununla da işin halları barədə səhv nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə təqdim edərək müvafiq iddia tələbini yenidən birinci instansiya məhkəməsində irəli sürdüyünü göstərməklə iddia tələbindən imtina etdiyini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-466/2020 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar