Məhkəmə qərarları › İş №2(103)-943/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-943/2022

25.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-943/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli e-2(005)-3556/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 noyabr 2020-ci il tarixli X04-11-20 saylı və 16 noyabr 2020-ci il tarixli 17/20 saylı əmrlərinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, vəzifəsinə uyğun əmək şəraitinin bərpa edilməsi, həm 16 noyabr 2020-ci il tarixədək 2250 manat məbləğdə 9 ayın əmək haqqının, həm də əmrdən sonra işə bərpa olunanadək məcburi işburaxma müddəti üçün əmək haqqının verilməsi, 10000 manat mənəvi və 130 manat maddi (vəkil xərci 100 manat + 30 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu) zərərin əvəzinin cavabdeh tərəfindən ona ödənilməsi, məzuniyyət hüququnun bərpa edilməsi, ona işə bərpa olunan kimi məzuniyyətə görə kompensasiya verilməsinin cavabdehə tapşırılması, cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192 və 193-cü maddələrində qeyd edilən inzibati xətalar törədilməsi ilə bağlı hüquqi tədbirlərin görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 16 noyabr 2020-ci il tarixli X04- 11-20 saylı əmri ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmrdə heç bir izah və əsaslandırma olmadan yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad olunmuşdur. O, 28 fevral 2020-ci il tarixdən Cavabdeh MMC-də aylıq əmək haqqı 250 manat olmaqla “menecer-maliyyə” vəzifəsində işləmiş, lakin 16 noyabr 2020-ci il tarixdə ona heç bir rəsmi xəbərdarlıq edilmədən əmək müqaviləsinə işəgötürən tərəfindən qanunsuz olaraq birtərəfli qaydada xitam verilmişdir. Bu məlumatı iddiaçı “e-sosial” saytında olan şəxsi kabinetindən əldə etmişdir. İşdən çıxarılan zaman iddiaçı və ailə üzvləri Covid-19 virusuna yoluxaraq karantin şəraitində, həkim nəzarəti altında müalicə olunmuş, buna dair məlumatı telefon vasitəsilə işəgötürənə bildirmiş, həmçinin e-təbib portalında da qeydiyyata alınmışdır. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək müqaviləsi və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. İşlədiyi dövrdə iddiaçıya nə əmək haqqı, nə əmək haqqına dair nağdsız ödənilməyə dair plastik kart, habelə işlədiyi dövrdə qanunla müəyyən edilmiş məzuniyyət, yaxud da onun əvəzinə verilməli olan haqq və son haqq-hesab verilməmişdir. Əmək hüquqlarının pozulması barədə dəfələrlə Əmək Müfəttişliyinə və digər dövlət orqanlarına müraciət etsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh MMC tərəfindən iddiaçının işdən çıxarılması barədə 16 noyabr 2020-ci il tarixli X04-11-20 saylı və 16 noyabr 2020-ci il tarixli 17/20 saylı əmrlər verilmiş, bu yolla məhkəmədə işə baxılarkən çaşqınlıq yaradılmasına cəhd edilmişdir. Məhkəmə baxışında cavabdehin nümayəndəsi Cavabdeh MMC-nin 16 noyabr 2020-ci il tarixli 17/20 saylı əmrini məhkəməyə təqdim edərək cəmiyyət tərəfindən qəbul edilmiş və nazirliyin elektron sisteminə əlavə edilmiş və bu günə qədər də orada olan 16 noyabr 2020ci il tarixli X04-11-20 saylı əmrinin texniki səhv nəticəsində verildiyini bildirmişdir. Bununla cavabdeh onun tərəfindən yol verilmiş hərəkətlərin qanunsuz və əsassız olduğunu qəbul etmiş və faktiki olaraq öz hərəkətlərinin yanlış olduğunu etiraf etmişdir. Cavabdeh təşkilatın qanunsuz hərəkətləri iddiaçının mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli e-2(005)- 3556/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin 16 noyabr 2020-ci il tarixli X04-11-20 nömrəli və 17/20 saylı əmrlərinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, Cavabdeh MMC tərəfindən İddiaçı 8 ay 12 gün müddəti üçün ödənilməmiş əmək haqqı, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulu və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 04 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək (?) üzrlü səbəb olmadan işə gəlmədiyinə görə işdən azad olunmuş, lakin məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi və prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli e-2(005)-3556/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı həmin tarixdə müddətli əmək müqaviləsi ilə Cavabdeh MMC-də reklam sahəsində menecer vəzifəsinə işə götürülmüşdür. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 28 fevral 2021-ci il qeyd olunmuşdur. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli X04-11-20 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasındakı müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ”a” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli 17/20 saylı işçinin işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin qanunlarına əsasən tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 28 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-də reklam sahəsində menecer vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 16 noyabr 2020-ci il tarixli X04-11-20 nömrəli əmri ilə işçi İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi tərəfindən 16 noyabr 2020-ci il tarixli 17/20 saylı işçinin işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən çıxarış təqdim edilərək, işçinin işdən çıxarılması ilə bağlı əmrin portala səhv yerləşdirildiyi, bu səbəbdən yeni əmr verilməklə portalda düzəliş ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarından görünür ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işçi tərəfindən ərizə verilməmiş, müqaviləyə xitam verilməsi işəgötürənin təşəbbüsü ilə baş tutmuşdur. Bununla belə, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbini pozaraq bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İddiaçı işdən çıxarılmasının qanuniliyini əsaslandırmaq üçün cavabdeh tərəfindən məhkəməyə 16 noyabr 2020-ci il tarixli akt təqdim olunmuşdur. Həmin aktdan görünür ki, müəssisənin reklam sahəsi üzrə meneceri İddiaçı 04 noyabr 2020-ci il tarixdən 16 noyabr 2020-ci il tarixədək naməlum səbəbdən işə gəlməmiş və bu barədə müəssisə rəhbərinə məlumat verməmişdir. Dəfələrlə müəssisənin məsul işçiləri tərəfindən İddiaçı ilə əlaqə saxlanılsa da telefona cavab verilməmişdir. Bu səbəbdən müəssisə rəhbəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq qanunvericiliyinə əsasən işçi işə naməlum səbəbdən gəlmədiyi üçün həmin işçini işdən azad etmişdir. Lakin cavabdeh MMC İddiaçı işə gəlmədiyi halda, bunun səbəbini aydınlaşdırmaq üçün onunla əlaqə saxlanılması (ünvanına məktub göndərilməsi, zəng edilməsi və s.) barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İddiaçı işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 16 noyabr 2020-ci il tarixli 17/20 saylı əmrdən görünür ki, əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Halbuki, İddiaçı üzrlü səbəb olmadan işə gəlmədiyi halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə istinad olunmalı, əmr əsaslandırılmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsi pozularkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 70-ci maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsasları pozulduğundan, birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmrləri ləğv edib iddiaçının işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İddiaçı işlədiyi müddətdə ona əmək haqqı ödənilmədiyini bildirmiş, cavabdeh MMC isə iddiaçıya əmək haqqı ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh MMC tərəfindən İddiaçı 8 ay 12 gün müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməsini qət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər...İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı işlədiyi Cavabdeh MMC-də məzuniyyətdən istifadə hüququ yaransa da, bu hüquqdan istifadə edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulu ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Sadalanan faktiki halları, qeyd edilən hüquq normalarını və apelyatorun şikayətinin dəlillərini təhlil edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli e-2(005)- 3556/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar