Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9431/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(011)-3274/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona müraciət edərək bankdan kredit pul götürmək istədiyini bildirərək bunun üçün ona zamin durmağını xahiş etmiş, o razılıq vermiş və 22 yanvar 2018-ci il tarixdə cavabdehlə birlikdə "xxxx" ASC-nin Nərimanov filialından cavabdeh 10000 manat məbləğində kredit pul götürmüş, o isə zamin olmuşdur. Həmin vaxtdan bir müddət keçdikdən sonra cavabdeh işdən çıxmış və kredit borcunu qaytarmaqdan yayınmağa başlamışdır. Bu səbəbdən də, 18.07.2018-ci il tarixdə bank tərəfindən əmək haqqından 978,56 manat, 18.09.2018-ci il tarixdə isə 972,51 manat pul tutulmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək, kredit borcunu ödəməsini tələb etdikdə, sonuncu özünün yaşadığı Hövsan qəsəbəsindəki evini satıb tezliklə krediti tam ödəyəcəyini bildirmiş, ona görə də, həmin krediti öz adına rəsmiləşdirib ödəməyini ondan xahiş etmiş, 2018-ci ilin sentyabr ayının 21-də cavabdehin həmin banka olan 8946,55 manat məbləğində olan kredit borcunu öz adına keçirmiş və krediti ödəməyə başlamışdır. Hazırkı vaxtadək o, cavabdehə görə banka 11000 manat məbləğində pul ödəmiş, cavabdehin zamini kimi onun ödəməli olduğu krediti ödəmiş, daha sonra isə, ümumiyyətlə krediti restrukturizasiya etdirərək öz üzərinə keçirmişdir və indiyənədək həmin krediti ödəməkdə davam edir. Ödədiyi 11000 manat məbləğində pulu ödədiyindən həmin həcmdəki pulun cavabdehdən tələb edilməsi hüququ ona keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(011)-3274/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəməyə gəlmədiklərindən, kollegiya işə onların (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Mübahisənin qanuni həlli baxımından Kollegiyanın 18.10.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC-dən tərəflərə aid kredit sənədləri tələb olunmuş və aşağıdakılar müəyyən edilmişdir. "xxxx" ASC ilə X3 arasında bağlanılmış 109GTGK180220001 nömrəli 22.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 32 % şərti ilə 10000 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı ilə 22.01.2018-ci il tarixli Z-109GTGK180220001 nömrəli zaminlik müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən sonuncu kredit müqaviləsi üzrə borcalanın bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 21.09.2018-ci il tarixli 109RGTK2203084AA saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə illik 24 % şərti ilə 24611,64 manat kredit verilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, o, ona rəsmiləşdiriləcək kreditin hesabına göstərdiyi bir sıra kredit müqaviləsi üzrə olan borcun vaxtından əvvəl tam ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizədən görünür ki, vaxtından əvvəl borcun tam ödənilməsini xahiş etdiyi kredit müqavilələrindən biri də 22.01.2018-ci il tarixli 109GTGK180220001 saylı kredit müqaviləsi üzrə 8946,55 manat borcun ödənilməsi olmuşdur. 21.09.2018-ci il tarixli nağd pulun mədaxili üzrə orderdən görünür ki, 8946,55 manat 109GTGK180220001 nömrəli kredit müqaviləsinin tam ödənişi həyata keçirilmişdir. İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, zamin kimi onun hesabından 22.01.2018-ci il tarixli 109GTGK180220001 saylı kredit müqaviləsi üzrə 18.07.2018-ci il tarixdə 978,56 manat və 18.09.2018-ci il tarixdə 972,51 manat məbləğində kredit borcu silinmişdir. X2 aid hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə 18.07.2018-ci il tarixdə 978,56 manat; 18.09.2018-ci il tarixdə 972,51 manat və 21.09.2018-ci il tarixdə 8946,55 manat ödənilmişdir. Beləliklə müəyyən edilmişdir ki, cavabdeh ilə bank arasında bağlanılmış kredit müqaviləsinə əsasən cavabdehə 10000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 9-cu bəndində nəzərdə tutulmuşdur ki, zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan akseptsiz qaydada (əlavə razılığı almadan) onun istənilən bank hesabından bank tərəfindən silinə bilər... Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və zaminin hesabından həmin müqavilə üzrə borcun tutulması həyata keçirilmiş, daha sonra iddiaçı özü bank ilə kredit müqaviləsi bağlamış və götürdüyü kredit hesabına zamin olduğu kredit müqaviləsi üzrə qalan borcu (8946,55 manat) ödəmişdir. İddiaçı tərəfindən zamin olduğu kredit müqaviləsi üzrə ümumilikdə 10897,62 manat (978,56+972,51+8946,55) ödəniş edilmişdir. Hazırda iddiaçı haqlı olaraq reqres qaydada ödədiyi pulu cavabdehdən tələb edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Baxılan iş üzrə iddiaçı cavabdehin Banka olan borcunu zamin olaraq tam ödəmiş və bununla zaminlik müqaviləsi üzrə və qanunvericiliklə müəyyən edilmiş öz öhdəliyini tam icra etmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 10897,62 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3274/2021 saylı iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 10897,62 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9431/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9431/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver