Məhkəmə qərarları › İş №2(103)-944/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-944/2024

23.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-944/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-nin “5 saylı X2 Müəssisəsi” MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin “5 saylı X2 Müəssisəsi” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3531/2023 nömrəli 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən İddiaçı əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə ərzaq bazasına mantyor vəzifəsində başlamış, xx.xx.1986-cı ildə Azərbaycan Dəmiryolu İdarəsinin 26 saylı yol maşın stansiyasına 3-cü dərəcəli mantyor vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-cı ildə əmək qanunları məcəlləsinin 38-ci maddəsinin “a” bəndi əsasında (müəssisənin ləğv edilməsi) işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixdə “Azərdəmiryol Tikinti Servis İB Səngəçal 4 saylı İDYM”-yə Yolyığan bazaya 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu “Dəmiryolu servis MMC-nin 4 saylı İDYM”-nə əmək haqqı ştat cədvəli üzrə ödənilməklə Yolyığan bazaya 5-ci dərəcəli yol mantyoru işinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" QSC sədrinin həmin tarixli 161/5 saylı əmrinə əsasən, 4 saylı “X2 müəssisəsi” 5 saylı “X2 Müəssisəsinin” tərkibinə verilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" QSC-nin sədrinin xx.xx.2016-cı il tarixli 09/5 saylı əmrini əsas tutaraq, 5 saylı “X2 Müəssisəsi” MMC-də 5-ci dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X2 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir.

2. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 23 fevral 2023-cü il tarixdə işəgötürən «5 saylı X2 Müəssisəsi» MMC ilə İddiaçı arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmaqla, İddiaçı yol mantyoru (məşğulluq təsnifatı üzrə yol fəhləsi (dəmir yolu)) işinə qəbul edilmişdir. Aylıq əmək haqqı 521,92 manat təşkil etmişdir.

3. 23 may 2023-cü il tarixli 39/ir 333522 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.

4. "xxxx" QSC-nin 09 iyun 2023-cü il tarixli məktubunda İddiaçı məktubuna cavab olaraq onunla işəgötürən "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 3 aylıq əmək müqaviləsi bağlanması, bu 3 ay ərzində əmək fəaliyyətinin nəzərdən keçirildiyi və onun fəaliyyətinin qənaətbəxş hesab edilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verildiyi bildirilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 14 iyul 2023-cü il tarixli 3-17-5/2-S26071/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı «5 saylı X2 Müəssisəsi» MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətnə ünvanladığı müraciətə Xidmətin ünvan 1 X2 Müəssisəsi» MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» alt sisteminə baxış keçirilərkən onunla «5 saylı X2 Müəssisəsi» MMC-nin rəhbəri arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli (3 ay) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Təqdim olunmuş sənədlərdən cəmiyyətin hesabında kifayət qədər məbləğ olmadığı üçün son haqq-hesabın sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixdə 603,13 manat olmaqla əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Nəticədə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son haqqhesabın sonuncu iş günü hesablanıb ödənilmədiyi məlum olmuşdur. Həmçinin, son haqqhesabın hesablanması cədvəlindən son haqqın əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqına uyğun olaraq hesablanıb ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən, «5 saylı X2 Müəssisəsi» MMC-nın direktoru vəzifəsini müvəqqəti icra edən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin, cəmiyyətin rəhbərinə son haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı 3-17-5/2-24232/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməsi məqsədilə «5 saylı X2 Müəssisəsi» MMC-yə müraciət etməyi məqsədəuyğun hesab edilir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində 65 yaşının tamam olmasına 2-3 ay qalmış işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilməmişdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçının nəzərinə çatdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “5 saylı X2 Müəssisəsi” MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən Azad Əliyevin xx.xx.2023cü il tarixli 39/iR333522 saylı əmrinin ləğv edilməsi, onun öz işinə bərpa olunması və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1986-cı ildən Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X5 yol təmirçisi işləyib. Sonralar idarələrinin adı dəyişilib "xxxx" Qapalı Səhmdar Cəmiyyəti «5 saylı X2 Müəssisəsi» MMC olmuşdur. Əsas işləri ölkə daxilində dəmir yolunun çəkilişi, əsaslı və orta təmiridir. 2 il öncə MMC daxilində «Kontur» adlanan özəl şirkət yaratmışlar. O da daxil olmaqla işçilərin bir hissəsini «Kontur» şirkətində işə keçirmişlər. Maaşları öncəki ilə eyni idi. Təxminən 3-4 ay öncə orada iş qurtarmışdır. Onları əvvəlki iş yerləri olan "xxxx"-ə qaytarmışlar. Bu zaman anlaşılmaz olsa da onunla 3 aylıq işəgötürmə müqaviləsi bağlamışlar. Hansı ki, 37 ildir o, bu müəssisədə işləyir. Həmçinin 5-ci dərəcəli işçi olduğu halda, onu 4-cü dərəcə ilə işə götürmüşlər. Bütün bunlara etirazına əhəmiyyət verməmişlər. «İnsan resursları üzrə mütəxəssis»ə və kadrlar şöbəsinə şikayətlərinə cavab vermişlər ki, 3 aydan sonra müqaviləni uzadacaqlar. Uzadacaqlarına inanmışdır, çünki onlar kimi təcrübəli işçiləri əldən verməzlər. Hazırda MMC-də direktor müavini işləyən, həm də müvəqqəti direktoru əvəz edən X6 təzə vəzifəyə gəlmişdir. Əsas işi sahə rəisi Quliyev Fəxrəddinlə mühəndis Xancanov Ramin aparırlar. Bu ilin aprel ayında Sanqaçalda dəmiryolunda elektrik kəsilmişdir. Odur ki, işlətdikləri yükvuran kran dayanmışdır. Gözləmişlər ki, elektrik olsun, vaqona yük vursunlar. Sahə rəisi Quliyev Fəxrəddin gəlib demişdir ki, niyə reysləri vaqona yükləmirlər. Bildirmişlər ki, elektrik kəsilib, verilən kimi yükü yükləyəcəklər. Əslində bu köhnələrək sökülmüş reys yükünü özəl şirkət «Kontur» yükləməliydi. Ancaq sonuncuların işini onlara gördürmüşlər. Onu da qeyd edir ki, həmin yükü Şahinlə birlikdə bir dəfə vaqona yükləmişlər. Ancaq Azad müəllim bu yükü onlara vaqondan yerə boşaltdırmış və tapşırmışdır ki, onun icazəsi olmadan bu yükü vaqona yükləməsinlər. Ancaq sahə rəisi Quliyev Fəxrəddin üstlərini kəsmişdir ki, bu yükü yükləsinlər. Onlar sonuncuya bildirmişlər ki, qoy əraziyə elektrik buraxılsın yükləsinlər. Həmçinin Azad müəllimin tapşırığını da ona demişlər. Bundan sonra Fəxrəddin onlardan nə üçün yükü vaqona yükləməmələri ilə bağlı izahat aldırmışdır. Baxmayaraq ki, əraziyə elektrik buraxılmışdı. Azad müəllim də onlara həmin yükü vaqona yükləmək göstərişi vermiş və onlar da artıq yükü vaqona yükləmişlər. Bu hadisədən sonra sahə rəisi Fəxrəddin Quliyev və mühəndis Xancanov Ramin onlardan narazı qalmışlar və məhz bu səbəbə görə də Fəxrəddin ondan və Şahindən Azad müəllimə təqdimat yazıb onlara töhmət verdirmiş və sonra da işləri ilə bağlı müqaviləni uzatmayaraq onları işdən çıxartmışlar. Hesab edir ki, cavabdehin bu addımı 37 ildir bu işdə çalışan bir təcrübəli işçi kimi ona qarşı yol verilmiş qanunsuz, qərəzli haldır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 sentyabr 2023-cü il tarixli 2(006)-3531/2023 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçıla 3 aylıq əmək müqaviləsi bağlanmış və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Cavabdeh tərəfin izahatlarına əsasən əmək müqaviləsinin müddətinin uzadılması igəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 12.1, 45.1, 47-ci maddəsin f) bəndi, 68.1, 68.2-ci maddəsinin b) bəndi, 73.1, 76-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər qeyd edilməklə, göstərilmişdir ki, 5 saylı İDYM-in işi daimi işdir, ciddi, məsuliyyətli işdir, mövsümü iş deyil. Cavabdeh tərəf müddətli əmək müqaviləsi bağlamaqla Əmək Məcəlləsinin 45 və 47-ci və digər maddələrinin tələblərini aşkar pozmuşdur. İşə müddətli qəbulla bağlı heç bir “qarşılıqlı razılığı”da olmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı fəhlə işləyirdi. İşlər təmir işləri idi, o da müvəqqəti xarakterli idi, təmir işləri görüldü və bitdi. Ehtiyac 3 aylıq yaranmışdır, ona görə də iddiaçı ilə 3 aylıq müddətə müqavilə bağlanmışdır, ehtiyac bitdikdən sonra müqaviləyə xitam verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

16. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

17. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

18. Maddə 47, «f» bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

19. Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

20. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə bütövlükdə yoxlanılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

28. Göründüyü kimi iddiaçı 1986-cı ildən Azərbaycan Dəmir Yolu İdarəsinin 26 saylı X5 yol təmirçisi işləmiş, sonralar idarələrinin adı dəyişilib "xxxx" Qapalı Səhmdar Cəmiyyəti «5 saylı X2 Müəssisəsi» MMC olmuş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC 5 saylı “X2 Müəssisəsi” MMC-nin Yoldəyişənlərin yığılması sahəsinə yol mantyoru işinə qəbul edilmişdir.

29. Qanunvericiliyin tələbindən göründüyü kimi, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

30. Kollegiya qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır.

31. Göründüyü kimi iddiaçı 37 ildən artıq cavabdeh müəssisədə eyni vəzifədə işləmişdir. 2021-ci ildə "xxxx" QSC-də Yol konstruksiyalarının yığılması sahəsinə yol mantyoru “Təmirçisi” peşəsinə işə qəbul edilsə də, eyni vəzifəni icra etmişdir.

32. Kollegiyanın qənaətinə görə, 37 ildən artıq iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

33. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin işlərin müvəqqəti xarakterli olduğuna görə müqavilənin 3 aylıq bağlanması barədə bildirdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, bu dəlill yalnız indiki mərhələdə irəli sürülmüşdür və aşkar şəkildə reallığa uyğun deyildir. Cavabdeh təşkilatın əsas iş fəaliyyəti dəmir yollarının qüsursuz işini təmin etməkdən ibarət olmaqla, bu işlərin konkret zamanla məhdudlaşması sadəcə mümkün deyildir.

34. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi).

36. Qeyd olunanları rəhbər tutaraq Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır.

37. Beləliklə, apellyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3531/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. İddiaçı ilə cavabdeh "xxxx" QSC-nin “5 saylı X2 Müəssisəsi” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 39/iR333522 saylı əmr ləğv edilsin. Tərəflər arasında bağlanılmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməklə İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar