Məhkəmə qərarları › İş №2(103)-9441/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9441/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9441/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair 2(001)-3678/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m. olan 1 otaqlı 25 saylı mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 fevral 2018-ci il tarixil mənzil tikintisi və şatışına dair muqaviləyə əsasan, Cavabdeh MMC-dən dəyəri 80480 manat olan (mənzilin 1 kv.rnetri üçün qiymət 1171,47 müəyyən edilmişdir) Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 unvanda inşa edilən binanin B blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m olan 1 otaqlı 25 saylı mənzilin pulunu tam ödəyərək almışdır. Həmin müqavilənin 5.2-ci bəndində göstərilir ki, şifarişçi icraçıya ümumi müqavilə qiymətini tam ödəmişdir. Mənzilin pulunun tam ödənilməsinə və Cavabdeh MMC-yə borcun olmaması barədə cavabdeh tərəfindən iddiaçıya 02/17 nömrəli maliyyə arayışı verilmişdir. Lakin cavabdeh həmin mənzili iddiaçıya təhvil vermir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m. olan 1 otaqlı 25 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmənin iş üzrə müəyyən etdiyi hallarda göstərilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17.02.2018-ci il tarixdə “mənzil tikintisi və satışına” dair müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilən B blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.7 kv.m olan 1 otaqlı 25 saylı mənzili inşa edərək iddiaçıya satılmasını, iddiaçı isə həmin mənzilin 1 kv.m üçün 1171.47 manat, cəmi 80480 manat pulun cavabdehə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşlər. Məhkəmə qənaətə gəlmişdir ki, tərəflər arasında 17.02.2018-ci il tarixdə bağlanmış müqavilə etibarlıdır və qanunvericiliyin tələbinə uyğun olaraq bağlanılmışdır. Həmin müqavilədə göstərilən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Bununla belə məhkəmə hesab etmişdir ki, tərəflər arasında qeyd edilən müqavilədən mülki hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə, o cümlədən mənzilin müəyyən edilmiş dəyərini ödəməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya təhvil verməli olduğu mənzili müqavilədə nəzərdə tutulan qaydada ona təhvil verməmişdir. Bununla da məhkəmənin gəldiyi qənaətə görə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, həmin müqavilədə göstərilən mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə onu da qeyd etmişdir ki. cavabdeh təşkilati-hüquqi formasına görə mənzil-tikinti kooperativi olmasa da, hazırkı mübahisə üzrə podratçı qismində çıxış edərək, iddiaçının mübahisələndirdiyi mənzili inşa etmiş və iddiaçı sifarişçi qismində çıxış edərək, həmin mənzilin dəyərini tam olaraq ona ödəmişdir. Bu baxımdan iddiaçı müqavilədə göstərilən mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Bu baxımdan iddiaçı müqavilədə göstərilən mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Bu səbəbdən mənzilin təhvil verilməsi özündə bu əmlakın iddiaçının istifadə və sahibliyinə verilməsini ehtiva edir. Beləliklə məhkəmə ünvan 1 ünvanında inşa edilən B blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.7 kv.m olan 1 otaqlı 25 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsini Cavabdeh MMC-nə həvalə edərək iddianı təmin etmişdir. Belə ki, ünvan 2 ünvanında inşa edilən B blokunun, 5-ci mərtəbəsində yerləşən 25 saylı mənzilin İddiaçı satılması ilə bağlı hər hansı bir məlumat aşkarlanmamışdır. Bunu Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş aktdan daha aydın müəyyən etmək mümkündür. Belə ki, həmin aktda 06.05.2019cu il tarixədək Cavabdeh MMC tərəfindən satılan mənzillərin siyahısı əks olunmuşdur. Həmin aktdan da göründüyü kimi siyahıda sözügedən mənzilin İddiaçı satılması ilə bağlı heç bir məlumat əks etdirilməmişdir. 01.02.2019-cu il tarixli Cavabdeh MMc-nin tərtib etdiyi aktda Cavabdeh MMC-də mənzil satışı və dövlət büdcəsinə olan borc göstərilmiş, həmçinin satılmış mənzillərin sayı, mənzil satışından mədaxil olacaq vəsait, mənzillərin ümumi dəyəri, ödəniş cədvəli, qalıq məbləğ əks olunmuşdur. Həmin aktlardan göründüyü kimi binanın B blokunun 5-ci mərtəbəsində yerləşən 25 saylı mənzilin İddiaçı satılması, yaxud bu satışla bağlı hər hansı pul məbləğinin Cavabdeh MMC-yə mədaxil edilməsi aşkarlanmamışdır. Əlavə olaraq bildirilir ki, yaşayış binasındakı mənzillərlə bağlı çoxsaylı mübahisələr mövcuddur. Bu özünü müxtəlif vətəndaşların şikayəti ilə həbs olunmuş Cavabdeh MMC-nin təsisçisi X2 tərəfindən həmin binada yerləşən mənzillərin alqı-satqısı ilə bağlı yeni müqavilələrin hələ də təqdim olunmasında göstərir. Buna görə də, sözügedən mənzil barəsində hər hansı bir müqavilənin olub-olmamasını dəqiq müəyyən etmək mümkün deyildir. Məhkəmə müəyyən etmişdir ki. tərəflər razılaşdırılmış iradə ifadələrini bildirməklə qeyd edilən mənzillə bağlı aralarında 17.02.2018-ci il tarixdə müqavilə bağlamışlar, bununla da onlar arasında mülki-hüquqi münasibətlər yaranmışdır və onun etibarsızlığına dəlalət edən hal yoxdur. Məhkəmənin bu nəticəsi məhkəmə tərəfindən sübut olunmur. Onlar məhkəmənin bu mövqeyi ilə razılaşmırlar. Belə ki, məhkəmə təqdim edilən müqavilədəki möhürlərin və imzaların həqiqiliyi araşdırmadan bu nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən təqdim edilən müqavilə etibarlıdır. Cavabdeh MMC olaraq müqavilənin etibarlılığını qəbul etmirlər, lakin məhkəmənin hər hansı bir müqavilənin saxtalığı ilə bağlı müvafiq araşdırma aparmadan və ümumiyyətlə mübahisə predmeti olan müqavilələrin həqiqi və saxta olduğunu tam şəkildə araşdırmadan mülki mühakimə icraatında yol verilməyən mütləq nəticə çıxarması ilə razılaşmırlar. Hesab edirlər ki, göstərilən müqavilələrin saxtalığı cinayət mühakimə icraatı qaydasında araşdırılmalıdır. Məhkəmənin nəticəsindəki ziddiyyətlər göründüyü kimi açıq-aşkardır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır və məhkəmənin qətnamədə göstərdiyi dəlillər sübut olunmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında çoxmərtəbəli yaşayış binaları inşa edilir. İddiaçı (sifarişçi) İddiaçı ilə cavabdeh (icraçı) Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2018-ci il tarixli “Mənzilin tikintisi və satışına dair” müqaviləyə əsasən cavabdeh ünvan 4 ünvanında inşa edilən çox mərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 68,7 kv.m. olan 25 saylı bir otaqlı mənzili inşa edərək iddiaçıya satılması, iddiaçı isə həmin mənzilin 1 kv.m. üçün 1171,47 manat, cəmi 80480 manat pulun cavabdehə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşlər. Cavabdehin direktoru X3 tərəfindən verilmiş 17.02.2018-ci il tarixli, 02/17 saylı maliyyə arayışına əsasən həmin mənzillə bağlı iddiaçının maliyyə borcu yoxdur. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış həmin müqaviləyə və bu müqaviləyə uyğun olaraq tərtib edilmiş maliyyə arayışına istinadən müqavilədə göstərilən mənzilin dəyərini ödədiyini və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini iddia edir və müqavilənin predmetini təşkil edən mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsini tələb edir. Cavabdeh MMC iddianı qəbul etmir, həmin mənzilin iddiaçıya satılması ilə bağlı Cavabdeh MMC-də hər hansı məlumatın olmadığını, 06 may 2019-cu il tarixədək Cavabdeh MMC tərəfindən satılan mənzillərin siyahısının aktlaşdırıldığını və həmin aktda iddia üzrə tələb edilən mənzilin iddiaçıya satılması və ya satılması ilə bağlı hər hansı məbləğdə pul vəsaitinin Cavabdeh MMC-yə mədaxil edilməsi barədə hər hansı məlumatın əks etdirilmədiyini, ümumiyyətlə hazırda həmin binada yerləşən mənzillərlə bağlı çoxsaylı mübahisələrin olduğunu, bunun müxtəlif vətəndaşların şikayəti əsasında həbs edilmiş Cavabdeh MMC-nin təsisçisi X2 tərəfindən həmin binada yerləşən mənzillərin alqısatqısına dair bağlanmış yeni müqavilələrin hələ də təqdim olunması ilə bağlı olduğunu, bu halların da öz növbəsində həmin mənzillə bağlı da hər hansı başqa alqı-satqı müqaviləsinin olmasının istisna edilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh tərəfindən təqdim edilmiş və ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının “A” və “B” blokları üzrə 01.07.2017-ci il tarixdən 01.09.2018-ci il tarixədək satılmış, habelə həmin binada 06.05.2019-cu il tarixədək satılmış mənzillərin siyahısında iddiaçının mübahisələndirdiyi mənzil əks olunmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Həmin Məcəllənin 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qaydamüəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında 17 fevral 2018-ci il tarixli “Mənzilin tikintisi və satışına dair” müqavilə bağlanmış və Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m. olan 1 otaqlı 25 saylı mənzili dəyərinin ödənilməsi şərtilə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materialları ilə iddiaçı Hüseynov tərəfindən mənzilin dəyərinin ödənilməsi təqdim edilən maliyyə araşıyı ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsi tərəfindən araşdırlmış və məhkəmə qətnaməsində əsaslandırılmaqla düzgün hüquqi nəticəyə gəlinmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə həmin vaxt müqavilə bağlamağa səlahiyyəti olan cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(001)- 3678/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar