Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9444/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçılar (ər-arvad) övladları Səid Baxşəliyev və Riad Baxşəliyev ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi, ev № 23-də yerləşən 11 №-li mənzilə (bundan sonra – mənzil) köçürülsünlər. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil cavabdehin mülkiyyətindədir. Cavabdeh 1-ci iddiaçının anası, 2-ci iddiaçının isə qayınanasıdır. Mənzil üzərində cavabdehin mülkiyyət hüququ 30.12.2013-cü ildə reyestrdə qeyd alınıb. Bundan əvvəl mənzil dövlət mənzil fonduna aid olub, özəlləşdirmə nəticəsində cavabdehin mülkiyyətinə keçib. İddiaçılar əvvəl mənzildə yaşayıblar. Belə ki, 1-ci iddiaçı uşaqlıqdan valideynləri ilə mənzildə yaşayıb, 2003-cü ildə 1-ci iddiaçı 2-ci iddiaçı ailə qurub, həmin ildə 2-ci iddiaçı mənzilə köçüb. Bundan sonra 2 il iddiaçılar mənzildə yaşayıblar, 2005-cil ildə isə mənzili tərk ediblər. İddiaçılar 15 ildən sonra mənzildə qayıtmaq istəyirlər, hazırkı iddianı bu məqsədlə veriblər. Lakin iddiaçıların mənzildə istifadə hüququ 2005-ci ildə, yəni mənzili tərk edərək daimi yaşamaq üçün başqa ünvana getdikləri tarixdən xitam olunub. İddiaçılar mənzili öz iradələri əsasında tərk ediblər. Onlar iddia ərizəsində etiraf ediblər ki, mənzildə sıxlıq yarandığı üçün (1-ci iddiaçının qardaşı və basıcı öz ailələri ilə mənzildə yaşadıqlarına görə) oranı tərk ediblər. İddiaçılar hazırda Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, 1/4 nömrəli evdə kirayədə yaşayırlar. İddiaçılar mənzili tərk etdikləri zaman (2005-ci ildə) qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin göstərişlərinə uyğun olaraq iddiaçıların mənzildən istifadə hüququ xitam olunub. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12.03.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 87-ci maddədə göstərilmiş əsas isə ondan ibarətdir ki, şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. İddiaçılara münasibətdə belə əsas 2005-ci ildə baş verib. İddiaçıların indiyə kimi mənzildə qeydiyyatda qalması mənzilə istifadə hüququnun saxlanması mənasını vermir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9444/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9444/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver