Məhkəmə qərarları › İş №2(103)-9448/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9448/2021

16.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9448/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X1 "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair 2(004)-4442/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 "xxxx" ASC-nin rəisinin işdən azad edilməsinə dair 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsi, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanması, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin 14 yanvar 2009-cu il tarixli əmri ilə qazma maşınlarının elektriki peşəsinə işə qəbul edilmişdir. 2010cu ilin 01 iyul tarixində müəssisənin adı dəyişdirilərək “X6” MMC adı ilə yeni müəssisə yaradıldığından həmin vəzifəyə yenidən əmri verilmişdir. 09 yanvar 2013-cü il tarixdən isə işlədiyi təşkilat “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Beləliklə hər 3 ildən bir vergi orqanları ilə olan problemin həlli üçün cəmiyyətin adının dəyişməsi gündəliyə gəlib. Vergidən yayınmaq üçün kiçik müəssisələr təşkil edilmişdir. Əvvəllər müddətsiz, əmrlə işlədiyi halda 02.11.2019-cu il tarixli əmrlə mənə müddətli əmək müqaviləsinin tətbiqi gündəmə gəlib. Məhz bu səbəbdən 5 ildən artıq müddətsiz müqavilə ilə işlədiyi halda müddətli müqavilə imzalamaq zorunda qalmışdır. Beləliklə, cəmiyyətdə elektromexanik vəzifəsində işinin davam etdirilməsi üçün məcbur olub təklif etdikləri müqavilələri imzalamalı olmuşdur. Bununda nəticəsi olaraq 17 avqust 2020-ci il tarixdə guya iddiaçı öz xahişi ilə işdən azad edilməyinə yeni əmr yazıb elə həmin günə başqa əmrlə işə qəbul edib. 17.12.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmağını rəsmiləşdirmişlər. Beləliklə, 2009-cu ildən iddiaçı işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparıb müqavilə ilə formal iş üsuluna keçmişlər. İddiaçı bir dəfə gəlir eldə etmək məcburiyətindən belə müqaviləyə imza atmışdır. Bununla belə, 2020-ci ilin (arada iyun ayı istisna olmaqla) aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. Dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır. Xüsusən sahə rəisi X4 mövqeyi sərt olmuşdur. İddiaçıda olan məlumata görə o, ağır cinayət törətmiş, anlaqsız ruhi-xəstə olduğu üçün məsuliyyətdən azad olunmuşdur. Belə bir adamın sahə rəisi işlədilməsi qanusuzluqlar üçün zəmin yaratmışdır. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı da ala bilməmişdir. İddiaçının işləmək istəməməsini əsas gətirərək bu səbəbdən 17 dekabr tarixdə, müqavilə başa çatdıqda işdən çıxarılacağını bildirmişlər. İddiaçı 15 dekabr tarixdə bunun yalan və əsassız olması ilə bağlı rəhbərliyə ərizə yazsa da, bu gün də cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişlər. Məcbur olub məsələnin araşdırılması üçün X5 Xidmətinə 15 yanvar 2021-ci il tarixdə ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır və maaşın ödənilməsində qanun pozuntusuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Maaşın qanunvericiliyə uyğun hesablanıb ödənməsinə dair məktub yazmışlar. Bununla belə hələ ki, nəticə yoxdur. İddiaçı çox çətinliklədə olsa da bu günlərdə əmək kitabçası və müqavilənin surətini ala bilmişdir. Əmək kitabçasında işdən azad edilməyi səbəbi 62.2-ci maddənin “b” bəndi göstərilsə də Müfəttişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olur ki, 17 avqust tarixdə bir aylıq yazılıb. Hər ay avtomatik müddət artırılıb. İddiaçıya ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılmağı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edib müddətli müqavilə ilə işlədilməsi nəzərdə tutulmamışdır. 2019-2020-ci illərdə iddiaçıya tətbiq edilən müqavilə üsulu qanunsuz olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)- 4442/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində qeyd edilən hallarla əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin, maddi və prosessual hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası MPM-in 9, 14, 88, 214.1, 220.4, 227.1-ci və başqa maddələrinin tələbləri pozulmaqla çıxarılan qətnamə ləğv edilməli və iddia tələbini təmin edən yeni qətnamə çıxarılmalıdır. Onun əmək kitabçasında işdən azad edilməsinin səbəbi Əmək Məcəlləsinin 62.2-ci maddənin “b” bəndi göstərilsədə Müfəttişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olur ki, 17 avqust tarixdə bir aylıq yazılıb. Hər ay müddət artırılıb. Ona ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılması göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edib müddətli müqavilə ilə işlədilməsi nəzərdə tutulmamışdır. 2019-2020-ci illərdə ona tətbiq edilən müqavilə üsulu qanunsuz olmuşdur. Göründüyü kimi cavabdeh 70-ci maddədə sadalanan halların heç biri olmadan onu işdən azad etməklə bu qanunun tələblərini pozmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsi barədə 17 dekabr 2020-ci il tarixli, 194 nömrəli əmrdən məlumatı olmuş, bu iddia ərizəsində, X5 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 18 yanvar 2021-ci il tarixli cavab məktubunda, həm də iddiaçının izahatında təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı 17 dekabr 2020-ci il tarixli, 194 nömrəli əmrdən 2021-ci ilin yanvar ayında məlumatı olmuş, hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 3 aydan cox müddət keçməklə (29 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir) 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür. Eyni zamanda qeyd edilmişdir ki, iş üzrə tədqiq edilmiş sübutlara əsasən əmək müqaviləsi 17.08.2020-ci il tarixdən 17.09.2020-ci il tarixədək bağlanmışdır, yəni, müddətli əmək müqaviləsidir. Əmək müqaviləsinin müddəti 1 ay müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndini, 296-cı maddəsini, 73-cü maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. İşin müəyyən edilmiş hallarına əsasən “X1 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 17.08.2020-ci il tarixli, 15586 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Hazırkı iş üzrə həmin əmrinin ləğv edilməsinə qanuni əsaslar yoxdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bundan əlavə iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, 14 yanvar 2009-cu il tarixdə "xxxx" ASC-də qazma maşınlarının elektriki vəzifəsinə işə qəbul edilmiş, 01 iyul 2010-cu il tarixdə müəssisənin adı dəyişdirilərək “X6” MMC adı ilə yeni müəssisə yaradıldığından həmin vəzifəyə yenidən əmri verilmişdir. 09 yanvar 2013-cü il tarixdən isə işlədiyi təşkilat “X1 "xxxx" ASC adlanır. Göründüyü kimi 5 ildən artıq müddətsiz işlədiyi halda onunla əmək müqaviləsi formal olaraq müddətli bağlanmışdır. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsaslı saymır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03.11.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, “X1 "xxxx" ASC-nin əvvəlki adı "xxxx" ASC olmuş, 30.04.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi "Azərkörpü” ASC-nin 01 iyul 2010-cu il tarixdə adı dəyişdirilərək “X6” MMC adı ilə fəaliyyətini davam etdirməsi təsdiq olunmur. İddiaçının əmək kitabçasının surətindən görünür ki, o, “X1 "xxxx" ASC ilə əmək müqaviləsi bağlamazdan əvvəl “X2” MMC-də müddətli əmək müqaviləsi ilə əmək münasibətində olmuşdur. Odur ki, iddiaçının əmək münasibətlərinin müddətsiz olması barədə dəlili əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(004)- 4442/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar