Məhkəmə qərarları › İş №2(103)-9457/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9457/2021

04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9457/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Ərizəçi və vəkili X3 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-564/2021 nömrəli işi üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı təqdim edilmiş sübutlardan müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin ərizəçinin müraciətinə əsasən onlara ünvanlanmış 23 avqust 2020-ci il tarixli məktubu ilə, doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmiş, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 03.07.2020-ci il tarixli Himayə sənədinə əsasən Ərizəçirəhim qızının BMT Qaçqınlar üzrə Ali Komissasrlığının Azərbaycandakı nümayəndəliyinin mandatı altında olan şəxsdir. Bakı şəhəri Reginonal Miqrasiya İdarəsinin xx.xx.1992-ci il təvəllüdlü, vətəndaşlığı olmayan şəxs Aghayeva Dənizə (himayə sənədi N° ***-*******3) verilmiş 05.08.2020-ci il tarixlli arayışa əsasən 31.05.2021-ci ıl tarixirədək ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X14 X8” X13 16.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ekspertizanın bioloji səviyyədə, yəni qrup göstəricilərinin tədqiqinə əsasən keçirilməsi üçün hər iki valideynin iştirakı mütləqdir. Ata tərəf olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. Ərizəçi anası kimi iddia edilən X2 ölüm haqqında şəhadətnaməyə əsasən 14.05.2021-ci ildə vəfat etdiyi müəyyən edilir (iş.səh.9, 11, 12,48, 54 ). Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində çıxış edən X5 öz izahatında bildirmişdir ki, o, ərizəçinin anasıdır. Rəhman adlı şəxslə münasibətdə olmuşdur və sonra ayrılmışlar. Ərizəçi anadan olanda onun 44 yaşı olmuşdur. İmkanı olmadığı üçün o, qızını məktəbə qoymamışdır.Eyni zamanda şahid qismində çıxış edən X6 öz izahatında bildirmişdir ki, Ərizəçi onun qızının rəfiqəsidir. Onlar təxminən 10 ildir ki, tanışdırlar. Onlar Sabunçu rayonunun E.Mehtiyev küçəsində kirayədə yaşayarkən qonşu olmuşlar. Ərizəçi Dünyaxanım xanımın qızıdır. O, təhsil almamışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-564/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi-onun xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində 08 mart 1948-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 doğulması faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88, 119.1, 217.4; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.3, 308-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunun tələblərinə görə məhkəmə tibb müəssisəsindən kənarda doğulan uşaqların doğum faktını müəyyən edərkən ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalıdır. Hazırkı iş üzrə ərizəçinin tibb müəssisəsindən kənarda doğulması halı məhkəmə işin hər hansı halı ilə aşkarlanmamışdır. Belə ki, işin məhkəmə iclasında araşdırılma zamanı Ərizəçi tibb müəssisəsindən kənarda doğulması və o doğularkən həkim nəzarətində olmaması səbəbindən hal-hazırkı vaxtadək doğum haqqında şəhadətnamə ala bilməməsini qeyd etsə də, məhkəmə ərizəçinin dəlillərini, eyni zamanda şahidlərin ifadələrini onun tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. Belə ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )- 564/2021 saylı iş üzrə 27.05.2021-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Konstitusiyanın 69; “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5.4; Ailə Məcəlləsi 158.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308, 357.1, 360-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onun tibb müəssisəsindən kənarda doğulmağını təkzib edən heç bir fakt mövcud deyil. Bundan əlavə, doğumu qeydə alınmış olsaydı, o zaman Qeydiyyat Şöbəsi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimi tövsiyyə etməzdi. Onun doğum faktını, vaxtını və yerini təsdiq edən sənədi yoxdur. Əgər məhkəmə tutarlı və mötəbər sübut deyərkən onun tibb müəssisəsindən kənarda doğulmağı barədə həkim arayışını nəzərdə tutursa, belə bir sənədi olsaydı, onda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyinə zərurət qalmazdı və birbaşa Qeydiyyat Şöbəsinə müraciət etməklə doğum haqqında şəhadətnaməni alardı. Çünki belə bir sənədin olması doğumun qeydə alınması üçün əsasdır. Şahid ifadələrinə gəldikdə isə, şahidlərin heç birinin ifadəsində tibb müəssisəsindən kənarda doğulmağı faktının əleyhinə fikir səsləndirilməyib. Belə ki, məhkəmədə üç şahid dindirib. Həmin şahidlərin ifadələrindəki ziddiyyət sadəcə ondan ibarətdir ki, onlardan ikisi Dünyaxanım Ağayevanın anası olduğunu, biri isə nənəsi olduğunu bildirmişdir. Göründüyü kimi, şahid ifadələri arasında zidiyyət sadəcə valideyn(lər)inin kimliyi ilə bağlıdır. Tibb müəssisəsindən kənarda doğulmağı faktı nə həmin şahid ifadələri ilə, nə də ki, digər sübutlarla təkzib olunur. Bundan başqa, məhkəmənin analıq mənşəyinin müəyyən edilməsi ilə bağlı məhkəmə tibbi-bioloji ekspertizanın təyin edilməsi barədə” qərardadında ekspert qarşısında qoyulan sual X5 ilə qohumluq əlaqələrinin - onun anası olub-olmamasının müəyyən edilməsi ilə bağlı idi. Ancaq, həmin ekspertizanın - ekspertizanın bioloji səviyyədə, yəni qrup göstəricilərinin tədqiqinə əsasən- keçirilməsi üçün hər iki valideynin iştirakı tələb olunur. Halbuki, məhkəmə onun və anasının atası olması barədə məlumatı olmadığını bilirdi. Təbii ki, bu ekspertizada atasının iştirak etmədiyi üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmadı, nəticədə analıq mənşəyini həmin ekspertiza vasitəsi ilə müəyyən etmək mümkün olmadı. Atanın iştirakı olmadan analıq mənşəyinin müəyyən edilməsi yalnız DNT analizinin keçirilməsi ilə mümkün ola bilərdi, lakin işinə Xətai rayon Məhkəməsində baxılan ərəfədə - 14 may 2021-ci il tarixdə anası vəfat etdi, nəticədə, DNT analizinin keçirilməsi mümkün olmadı və bundan sonra da keçirilməsi mümkün olmayacaq. Nəticədə, valideynlərinin kimliyi naməlum olaraq qalıb. Amma bu hal doğulmağı faktını inkar etmir. Çünki faktiki olararaq mövcuddur. Məhkəmə varlığını inkar edə bilməz . Məhkəmə ərizəni doğulmağı faktının müəyyən edilməsi hissəsində - “Ərizəçi xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmağı” hissəsində təmin edə bilərdi. Belə bir qətnamə olsaydı, həmin qətnamə əsasında isə gələcəkdə doğumu qeydə alınarkən doğum haqqında akt qeydinin valideynləri haqqında məlumatları əks etdirən 11- 19-cu qrafaları doldurulmaz, valideynlərinin məlum olmaması qeyd edilə bilər. Nəticədə, doğum haqqında şəhadətnamə ilə təmin edilə bilər.Buna dair qanunvericilikdə anoloji hallarla (valideynlərin imtina etdiyi uşaqlar) bağlı nizamlama mövcuddur. Məhkəmə yuxarıda qeyd edilən öz əsaslandırmasına görə ərizəni təmin etmirsə, bu halda onun yanaşması absurddur. Çünki bu, o mənaya gəlir ki, məhkəmə varlığını inkar edir. Çünki fiziki şəxs olaraq onun hüquqi varlığı (hüquq qabliliyyətli olmağı) faktı doğulmağı faktından irəli gəlir. Başqa sözlə, məhkəmənin doğulmağına dair əlavə sübut axtarışına çıxması məhkəmənin araşdırdığı predmetdən xəbərsiz olduğunu göstərir. Çünki doğulmağı faktı mübahisəli məsələ deyil. Yeganə çatışmayan məqam bu hüquqi əhəmiyyətli və mübahisəsiz faktın məhkəmə qaydasında müəyyən edilməsidir və bu isə məhkəmənin səlahiyyəti daxilindədir. Doğum faktının müəyyən edilməsi məsələsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair icraata aiddir. Beləliklə, bu işin özünəməxsus hallarına əsasən ərizəçi bu işdə doğum faktının müəyyən edilməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Buna əsasən hazırkı iş üzrə araşdırılmalı əsas hüquqi fakt ərizəçinin doğum faktının müəyyən edilməsini təsdiq edən lazımi sənədi ala bilməməsidir. Buna görə də bu işin maddi hüquqi əsasını məhz bu xüsusat təşkil edir. Məhkəmə bu iş üzrə maddi hüquqi aspektdən bu məsələni araşdırmalıdır. Maddi hüquqi aspekt kimi MPMin 308-ci maddəsinin tələbi zəruri şərtdir. Həmin şərtin ödənilməsi hazırkı iş üzrə tələbin əsasını təşkil edir. Bu işin hallarına əsasən ərizəçinin sübutetmə yükünə isə iki məsələ daxildir: 1) həmin faktın müəyyən edilməsinin ona hansı məqsəd üçün lazım olması; 2) Lazımi sənədi, yəni doğum faktını, vaxtını və yerini təsdiq edən sənədi ala bilməməsini təsdiq edən sübutlar. Göründüyü kimi, hazırkı işin prosessual hüquqi aspekti kimi ərizəçi yuxarıdakı iki məsələni sübut etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, məhkəməyə himayə sənədi vəsaitəsi ilə müraciət etdiklərini, doğum faktı müəyyən edilmədiyindən şəxsiyyəti təsdiq edən vəsiqəni ala bilmədiklərini, hal-hazırda ərizəçinin Qaçqınlar üzrə Ali Komissasrlığının himayəsində olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi bu yaşa qədər məktəbdə oxumadığını və rəsmi sənəd tələb edən heç bir yerdə işləmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Xətai rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2. 77.1, 78.1, 88, 217.3, 217.4, 307, 310, 384, 385-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, mülki icraat (hüquqi faktın təsdiqi) qaydasında və ərizənin tələb üzrə sübuta yetirilməyən dəlillərinə münasibətdə mahiyyəti üzrə ziddiyyətlərin mövcudluğu xüsusi olaraq diqqətə çatdırılmalıdır. Ərizəçinin vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhəri Reginonal Miqrasiya İdarəsində qeydiyyata alınması şəffaf olmayan mətləblərə işarə edir və şübhələrdən kənar olaraq şəxsin statusunun və şəxsiyyətinin müəyyən edilməsinə imkan vermir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilən müddəaların nəzərdən keşirilməsini və diqətə çatdırılmasını kollegiya zəruri hesab edir: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 2.Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 12. Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir.13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, qanuvericilikdən (dispozitiv imkan və diskression səlahiyyətlərdən) sui-istifadə və buna şərait yaradan hallarının mümkünlüyü məhkəmə icraatının nəticəsi üzrə istisna edilməlidir. Hazırki halda ərizəçinin faktın müəyyən edilməsi məqsədi, onun yaşı nəzərə alınmaqla ötən illər boyu həyat və fəaliyyəti, habelə (ən əsası) şəxsiyyətini təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmaması müraciətin təmin edilməsinə əsaslar yaratmır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-564/2021 nömrəli işi üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar