Məhkəmə qərarları › İş №2(103)-946/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-946/2021

08.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-946/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı Dövlət Universitetinin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə pul ödənilməsi və maddi ziyan” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetinin məsul vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin konkret əlamətlərinin mövcudluğu nəzərə alınaraq AR-nın MPM-nin 265.4-cü maddəsinin tələbi əsasında xüsusi qərardad çıxarılması, 1999-2007-ci və 2007-2008-ci illəri əhatə edən dövrdə iddiaçının bank hesabına ödənilmiş nağd pul vəsaitlərinə uyğun olaraq ödənilməmiş məzuniyyət günləri üzrə iddiaçıya ödənilməli olan kompensasiya haqlarının az qeyd olunmasının səbəblərinin müəyyən edilərək hesablanmış məbləğlərin ödənilib və ya ödənilməməsi faktlarının mövcudluğu yoxlanılması və qeyd olunan illər ərzində iddiaçının qanuni mənafeyinə vurulmuş təxminən 25 000 manat məbləğində maddi ziyanın cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Dövlət Universiteti üzrə verilmiş xx xxx 2017-ci il tarixli 1/156 saylı əmrlə tutduğu vəzifədən azad edildikdən sonra universitetin mühasibatlığı tərəfindən xx xxx 2019-cu il tarixli OlTt/679 saylı müşayiət məktubuna əlavə edilərək haqq-hesab sənədləri aidiyyatı üzrə təqdim edilmişdir. Təqdim olunmuş haqq-hesab sənədləri ilə tanışlıq nəticəsində məlum olmuşdur ki, 2006 iyul-2007 iyun aylarını əhatə edən dövrdə (12 ay) iddiaçının bir aylıq əmək haqqı 48-94 manat olaraq hesablanmış, 2008-iyul-2009 iyun ayları ərzində isə bu məbləğ 115-253 manat olaraq müəyyən edilmişdir. Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab sənədlərində qeyd olunan məlumatları Azərbaycan Beynəlxalq Bankının Yasamal filialının təqdim etdiyi “hesabdan çıxarış”larda qeyd olunan məlumatlarla müqayisələndirdikdə məlum olmuşdur ki, 2006 iyul-2007 iyun aylarını əhatə edən dövrdə Bakı Dövlət Universiteti tərəfindən iddiaçının bank hesabına hər ay 183-213 manat, 2008 iyul – 2009 iyun aylarını əhatə edən dövrdə isə 310-520 manat əmək haqqı ödənilmişdir. Əldə olunmuş rəsmi məlumatlar əsasında müəyyən edilmişdir ki, ödənilməmiş məzuniyyət günləri ilə bağlı iddiaçıya kompensasiya haqlarının ödənilməsi məqsədilə Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən hesablamalar aparılarkən qeyd olunan müvafiq dövrləri əhatə edən hər ay üzrə iddiaçının əmək haqqının məbləği qəsdən az göstərilmiş və bununla da ödənilməli olan kompensasiya haqqının məbləği azaldılmışdır. Aşkar edilmiş faktlarla bağlı Bakı Dövlət Universitetinə xx xxx 2019-cu il tarixli müraciət ünvanlanmış, lakin bu müraciətin cavablandırılması təmin olunmamışdır. Bundan əlavə iddiaçıya qarşı münasibətdə maliyyə saxtakarlığına yol verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə xx xxxx 2019-cu ildə ünvanlanmış müraciət araşdırılması məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Həmçinin bu və digər hüquq və qanun pozuntuları ilə bağlı ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış müraciətlər əsasında hər hansı bir araşdırma aparılmadan tərtib edilmiş cavab məktublarında məsul vəzifəli şəxslər iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Bununla iddiaçının pozulmuş hüquqlarının inzibati qaydada müdafiəsi təmin edilməmiş və işəgötürən tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Əlavə olunmuş rəsmi sənədlərdə qeyd olunan məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, iddiaçının bank hesabına 2006 iyul-2007 iyun aylarını əhatə edən dövrdə hər ay 183-213 manat (minimum-maksimum) əmək haqqı ödənilmiş olsa da, ödənilməmiş məzuniyyət günləri ilə bağlı kompensasiya haqlarının hesablanması zamanı Bakı Dövlət Universitetinin “baş mühasibi” Firuzə Babayeva qəsdən bu məbləği haqqhesab sənədlərində 48-94 manat qeyd etməklə iddiaçıya ödənilməli olan kompensasiya haqqının məbləğini azaltmışdır. Eyni üsul və vasitədən istifadə etməklə “baş mühasib” Firuzə Babayeva 2008 iyul-2009 iyun aylarını əhatə edən dövr üçün hər ay apardığı hesablamalarda iddiaçının əmək haqqı 115-253 manat olaraq qeyd etmiş olsa da Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “hesabdan çıxarış”da göstərilən məlumatlarda bu məbləğ 310- 520 manat arasında dəyişmişdir. Konkret faktlarla sübut olunur ki, Bakı Dövlət Universitetinin mühasibatlığı 1999-2007 və 2007-2008-ci illər ərzində ödənilməmiş məzuniyyət günləri ilə bağlı iddiaçıya ödənilməli olan kompensasiya haqlarının məbləğini azaltmaq məqsədi ilə iddiaçının aylıq əmək haqqının məbləğini haqqhesab sənədlərində qəsdən az qeyd etmiş, bununla iddiaçının bir günlük əmək haqqının məbləğinin az müəyyən edilməsinə nail olmuş və müəyyən etdiyi məbləği ödənilməli olan məzuniyyət günlərinin təqvim günü üzrə hesablamaqla kompensasiya haqqının məbləğini müəyyən etmiş, nəticədə isə iddiaçının müvafiq dövrlər üzrə aylıq əmək haqlarının məbləğinin azaldılması yolu ilə aparılmış hesablamalarla iddiaçıya maddi ziyan vurulmuşdur. Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “hesabdan çıxarış”larda qeyd olunan rəsmi məlumatlarla və hər ay işəgötürən tərəfindən iddiaçının bank hesabına ödənilmiş məbləğlərlə sübut olunur ki, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib olunmuş haqq-hesab sənədlərində göstərilən məlumatlar tamamilə saxtakarlıqdan ibarət olmuşdur. Bundan əlavə Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “hesabdan çıxarış”larda qeyd olunan məlumatlardan həmçinin o da məlum olmuşdur ki, iddiaçıya kompensasiya haqlarının ödənilməsinə dair Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən haqq-hesab sənədləri tərtib olunsa da hesablanmış məbləğlər iddiaçının bank hesabına ödənilməmişdir. Aşkar edilmiş bütün faktlarla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin tələblərinə müvafiq olaraq Bakı Dövlət Universitetinə ünvanlanmış xx xxx 2019-cu il tarixli müraciət cavablandırılmamış və iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi təmin olunmamışdır. Bakı Dövlət Universitetinin fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmiləri isə iddiaçını qanunla müəyyən edilmiş hüquqlarının inzibati qaydada müdafiəsini təmin etmək əvəzinə mübahisənin mülki məhkəmə icraatı qaydasında həllinə üstünlük vermişlər. Bununla əlaqədar olaraq iş üzrə mövcud olan konkret faktlar əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 196-cı maddəsinin tələblərinə uyğun şəkildə iddiaçıya dəymiş ziyanın məbləği məhkəmə qaydasında müəyyən edilməli və cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir.İşin faktiki halları ilə bağlı qeyd olunan məlumatlardan da göründüyü kimi Bakı Dövlət Universitetinin dörd məsul vəzifəli şəxslərinin imzaları ilə təsdiq edilmiş xx xxx 2019-cu il tarixli Ol-Tt/679 saylı müşayiət məktubuna əlavə edilərək təqdim olunmuş haqqhesab sənədləri ilə tanışlıq nəticəsində aşkar edilmişdir ki, iddiaçıya ödənilməli olan kompensasiya haqlarının məbləğinin azaldılması məqsədi ilə Bakı Dövlət Universitetinin mühasibatlığı iddiaçının müvafiq dövrlər üçün aylıq əmək haqqının məbləğini qəsdən az qeyd edərək hesablamalar aparmış, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Qeyd olunan xx xxx 2019-cu il tarixli Ol-Tt/679 saylı rəsmi məktub isə xx xxx 2019-cu il tarixdə iddiaçının hüquqi ünvanına daxil olmaqla rəsmi qeydiyyata alınmış və aidiyəti üzrə təqdim olunmuşdur. Rəsmi sənədlərlə sübut olunur ki, iddiaçının hüququnun pozulduğunun aşkar edildiyi gün xx xxx 2019-cu il tarixidir və bu iddia ərizəsinin məhkəməyə təqdim olunması ilə qanunla müəyyən edilmiş iddia müddətinə tam riayət olunmuşdur. Bundan əlavə qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin tələblərinə müvafiq olaraq işçi, ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl işəgötürənə ərizə ilə müraciət etməlidir. xx xxx 2019-cu il tarixdə iddiaçının hüququnun pozulması faktları aşkar edildikdən sonra hazırki mübahisə üzrə Bakı Dövlət Universitetinə xx xxx 2019-cu il tarixli müraciət ünvanlanaraq iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi xahiş olunmuşdur. Lakin Bakı Dövlət Universiteti tərəfindən xx xxx 2019-cu il tarixli müraciətin cavablandırılması təmin olunmamış və iddiaçıya vurulmuş maddi ziyan ödənilməmişdir. Bununla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasına zəmin yaranmış və qanunla müəyyən edilmiş bütün tələblərə iddiaçı tərəfindən tam olaraq riayət olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin faktiki hallarını tam araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət vermədiyni, maddi hüquq normalarının tələblərini pozduğunu, hüququn tətbiq edilməsində səhv buraxdığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin əsassız olduğunu və iddiaçıya ödənilməli olan bütün pul məbləğlərinin tam olaraq ödənildiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ş materiallarında olan əmək haqqı üzrə arayışdan görünür ki, Bakı Dövlət Universiteti tərəfindən İddiaçı 2006 və 2007-ci illər ərzində cəmi 2647 manat manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı tərəfindən BDU-nun rektoru A.Məhərrəmova ünvanlnamış ərizədən görünür ki, o, işinin çox və gərgin olduğu üçün məziniyyətə çıxa bilmədiyini və istifadə etmədiyi 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006-cı illərin hesabına məzuniyyət günlərinin kompensasiya kimi ödənilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 137 nömrəli qərarında olan məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısında görünür ki, birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla); işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr; əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortzasiyasma görə pul əvəzi; maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər; ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr - nəzərə alınmayan ödənişlərdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli AR Respublikasının sabiq baş naziri Artur Rasi-zadəyə ünvanlanmış məktubda dövlət büdcəsindən maliyələşən təşkilatlarda çalışan işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı əlavə tələb olunan vəsaitlər 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmadığı üçün “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 2006-cı il 27 dekabr tarixli 1867 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını etmək məqsədilə cari ilin dövlət büdcəsində büdcə təşkilatlarının saxlanması xərcləri dairəsində «Əmək haqqı» köməkçi bölməsində nəzərdə tutulmuş vəsaitlərin qənaəti hesabına (həmin köməkçi bölmədə vəsaitlər çatışmadığı təqdirdə isə digər xərc maddələri hesabına müvafiq qaydada dəyişiklik edilməklə) müvafiq araşdırmalar və hesablamalar aparılmaqla, həmin təşkilatlar tərəfindən müvafiq kompensasiya ödənişlərinin həyata keçirilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət orqanlarının, büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə ünvanlanmış işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənişləri haqqında məktubdan görünür ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənişləri ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2007-ci il tarixli 06/02-77-827 nömrəli məktubunun və həmin məktubla bağlı AR Baş nazirinin xx.xx.2007-ci il tarixli 17/3227-14 saylı dərkənarının surətləri icra edilməsi göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 44.3-cü maddəsinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 87.2-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər; 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Eyni Məcəllənin 144.4-cü maddəsinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetinin məsul vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin konkret əlamətlərinin mövcudluğu nəzərə alınaraq AR-nın MPM-nin 265.4-cü maddəsinin tələbi əsasında xüsusi qərardad çıxarılması, 1999-2007-ci və 2007-2008-ci illəri əhatə edən dövrdə iddiaçının bank hesabına ödənilmiş nağd pul vəsaitlərinə uyğun olaraq ödənilməmiş məzuniyyət günləri üzrə iddiaçıya ödənilməli olan kompensasiya haqlarının az qeyd olunmasının səbəblərinin müəyyən edilərək hesablanmış məbləğlərin ödənilib və ya ödənilməməsi faktlarının mövcudluğu yoxlanılması və qeyd olunan illər ərzində iddiaçının qanuni mənafeyinə vurulmuş təxminən 25 000 manat məbləğində maddi ziyanın cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə belə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı Dövlət Universiteti “Hüquqi şəxs” olmaqla, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Təhsil Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş ”Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən Dövlət Ali Təhsil müəssisələri haqqında ”Əsasnaməyə və təhsil sahəsində mövcud olan bütün normativ hüquqi aktlara əsasən hazırlanmış Nizamnaməyə uyğun olaraq fəaliyyət göstərir. Bakı Dövlət Universiteti həmçinin Azərbarcan Respublikası Qanunlarına zidd olmayan müstəqil qərarlar qəbul etmək hüduduna malik olmaqla təhsil prosesi, elm, maliyyə-təsərrüfat və digər sahələrdə fəaliyyətin həyata keçirilməsində müstəqildir. Cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi BDU-nun əməkdaşlarının əmək haqları Azərbaycan Respublikası Qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, işçilərə ödənilən əmək haqları 2 istiqamətdə aparılır: vahid Tarif cədvəli ilə əsas əmək haqqı dövlət büdcəsindən, əmək haqqının qalan hissəsi isə aylıq əlavə maddi yardım şəklində büdcədənkənar vəsait hesabına. İş materiallarına əlavə olunmuş Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarında olan məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısında görünür ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər - nəzərə alınmayan ödənişlərdəndir. Həmçinin iş materiallarında olan xx.xx.2007-ci il tarixli AR Respublikasının sabiq baş naziri Artur Rasi-zadəyə ünvanlanmış məktubda dövlət büdcəsindən maliyələşən təşkilatlarda çalışan işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı əlavə tələb olunan vəsaitlər 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmadığı üçün “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respubblikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 1867 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını etmək məqsədilə cari ilin dövlət büdcəsində büdcə təşkilatlarının saxlanması xərcləri dairəsində «Əmək haqqı» köməkçi bölməsində nəzərdə tutulmuş vəsaitlərin qənaəti hesabına (həmin köməkçi bölmədə vəsaitlər çatışmadığı təqdirdə isə digər xərc maddələri hesabına müvafiq qaydada dəyişiklik edilməklə) müvafiq araşdırmalar və hesablamalar aparılmaqla, həmin təşkilatlar tərəfindən müvafiq kompensasiya ödənişlərinin həyata keçirilməsi təklif edilmişdir. Bütün bunlar onu sübut edir ki, həmin dövr üçün iddiaçıya ödənilmiş məzuniyyət pulu yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarına uyğun olaraq maddi yardım şəklində büdcədənkənar vəsait nəzərə alınmamaqla dövlət büdcəsindən ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T Dİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar