Məhkəmə qərarları › İş №2(103)-946/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-946/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-946/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X1 və Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1970/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə 40494,73 manat əsas, 2468,93 manat faiz, 5,1 manat cərimə borcu olmaqla, ümumilikdə 42968,76 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, 0,40 manat bank xidməti haqqı və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 31,5 manat olmaqla, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər mənzildən çıxmadıqda, əmlakın məcburi qaydada tam boşaldılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1970/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə 40494,73 manat əsas, 2468,93 manat faiz, 5,1 manat cərimə borcu olmaqla, ümumilikdə 42968,76 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, 0,40 manat bank xidməti haqqı və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 31,5 manat olmaqla, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində pul paylarına müvafiq olaraq 3/5 hissədə Cavabdeh2, 2/5 hissədə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 68500 (altmış səkkiz min beş yüz) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən çıxmadıqda, əmlakın məcburi qaydada tam boşaldılmaı, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq cavabdehlərə qaytarılmsası, mənzilin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması qərara alınmışdır. Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;

1. Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən sahəsi 45.19 kv.m olan mənzildəki payından digər Cavabdeh2 xeyrinə imtina etməsi və həmin payın notarial qaydada bağlanmış bağışlama müqaviləsi əsasında rəsmiləşdirməsi müqabilində, Cavabdeh2 13.000 manat məbləğində pulu Cavabdeh1 bank hesabına köçürməyi öhdəsinə götürür.

2. İddiaçı ASC Cavabdeh1 bu mübahisəyə dair kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinin və ona məxsus olan payın digər Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün müvafiq razılıq məktubu təqdim etməyi öhdəsinə götürür.

3. Cavabdeh2 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə ödənilməli olan qalıq məbləği aylıq qrafik üzrə ödəməyi öhdəsinə götürür.

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bu barışıq sazişinin şərtlərinə əməl etməyəcəkləri halda, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində iddiaçının xeyrin tutulmalı olan borc vəsaitinin ilkin satış qiyməti 68500 manat müəyyən edilən Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən sahəsi 45.19 kv.m olan 7a saylı evin 30 saylı mənzilinə yönəldilməsi, əmlakın hərracdan satıldıqdan sonra boşaldılması, əldə olunan pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin onlardan tutulmasına razılıq verməsi müqabilində İddiaçı ASC hazırkı iddia tələbindən imtina edir və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 18.06.2010cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə bundan sonra iddia qaldırmayacağını öhdəsinə götürür.

5. Cavabdehlər öhdəsinə götürürlər ki, bu Sazişdə göstərilən daşınmaz əmlaklarla əlaqədar olaraq üçüncü şəxslərin hüquqları (mülkiyyət, vərəsəlik, istifadə və digər) ilə əlaqədar gələcəkdə hər hansı bir mübahisə yaranarsa, həmin şəxslər qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin.

1. Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən sahəsi 45.19 kv.m olan mənzildəki payından digər Cavabdeh2 xeyrinə imtina etməsi və həmin payın notarial qaydada bağlanmış bağışlama müqaviləsi əsasında rəsmiləşdirməsi müqabilində, Cavabdeh2 13.000 manat məbləğində pulu Cavabdeh1 bank hesabına köçürməyi öhdəsinə götürür.

2. İddiaçı ASC Cavabdeh1 bu mübahisəyə dair kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinin və ona məxsus olan payın digər Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün müvafiq razılıq məktubu təqdim etməyi öhdəsinə götürür.

3. Cavabdeh2 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə ödənilməli olan qalıq məbləği aylıq qrafik üzrə ödəməyi öhdəsinə götürür.

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bu barışıq sazişinin şərtlərinə əməl etməyəcəkləri halda, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində iddiaçının xeyrin tutulmalı olan borc vəsaitinin ilkin satış qiyməti 68500 manat müəyyən edilən Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən sahəsi 45.19 kv.m olan 7a saylı evin 30 saylı mənzilinə yönəldilməsi, əmlakın hərracdan satıldıqdan sonra boşaldılması, əldə olunan pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin onlardan tutulmasına razılıq verməsi müqabilində İddiaçı ASC hazırkı iddia tələbindən imtina edir və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 18.06.2010cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə bundan sonra iddia qaldırmayacağını öhdəsinə götürür.

5. Cavabdehlər öhdəsinə götürürlər ki, bu Sazişdə göstərilən daşınmaz əmlaklarla əlaqədar olaraq üçüncü şəxslərin hüquqları (mülkiyyət, vərəsəlik, istifadə və digər) ilə əlaqədar gələcəkdə hər hansı bir mübahisə yaranarsa, həmin şəxslər qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Yasamal Rayon Məhkəməsinin 2(004)-1970/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar