Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-947/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X3 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-947/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4301/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X7 cavabdeh "xxxx" ASCyə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli 2986k saylı əmrinin ləğv edilməsi, onun Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının və 57 manat mediasiya xərcinin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli 2986k saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsindən azad edilmişdir. Əmrin nüsxəsi və əmək kitabçası ona yalnız bu yaxınlarda, çoxsaylı müraciətlərindən sonra təqdim olunmuşdur. Əmr tamamilə əsassızdır. Buna görə də, əmr ləğv edilməli, o, vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4301/2024 saylı qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia təmin edilməmişdir
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi, 71.2, 71.3, 72-ci maddəsinin “E” bəndi, 84.1, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, əmrdə istinad edilən cavabdehin daxili sənədləri (Bankdaxili intizam qaydalarını, Korporativ Etika Məcəlləsini, İnformasiya texnologiyalarından məqbul istifadəyə dair Metodiki göstərişlər) ilə İddiaçının tanış edilməsini belə Cavabdeh sübut edə bilmədi. Buna dair heç bir dəlil ortaya qoyulmadı. Sanki Cavabdehin daxili sənədləri dövlətin normativ hüquqi aktlarıdır və işçilərin onlardan məlumatlı olması prezumpsiyası mövcuddur. Halbuki işgüzar dövriyyə adələtlərinə və sağlam məntiqə görə işçi işəgötürənin daxili sənədləri ilə tanış edilməli və bu barədə işçinin hər hansı formada yazılı təsdiqi mövcud olmalıdır. Əks halda, işəgötürən köhnə tarixlə istənilən sənədi qəbul edib, işçini onu pozmaqda ittiham edərək işdən çıxara bilər. Əmrdə qeyd olunur ki, guya İddiaçı 3 müştəriyə aid bank sirri hesab edilən məlumatların (bank hesablarından çıxarışlar) üçüncü şəxslərin sifarişi ilə müştərilərin yazılı razılığı olmadan əldə etmiş, baxış keçirmişdir. Lakin Məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir. Qətnamədə də bu barədə heç nə deyilmir. Əmrdə qeyd olunur ki, guya İddiaçı məlumatların əldə edilməsi zamanı digər əməkdaşa məxsus olan və yalnız həmin əməkdaş tərəfindən istifadəsinə icazə verilən profildən istifadə etmişdir. Qətnamədə vurğulanır ki, “Hesab çıxarışları üzrə loglara əsasən əməkdaş A.Kamalzadənin Nəsimi filialının digər əməkdaşı T.Allahverdilinin profili ilə 14:16 radələrində müştəri R.Nəsrullayevə məxsus hesab çıxarışına baxdığı öz təsdiqini tapmışdır”. Əvvəla, bu fakt harada və necə təsdiqini tapmışdır? Cavabdeh bu barədə Məhkəməyə heç bir sübut təqdim etməyib (İddiaçının özünün izahatından başqa – lakin orada heç bir pozuntu etirafı yoxdur). Digər tərəfdən, bu fakt baş veribsə belə, İddiaçının bunu gizli və ya zorla etməsi iddia olunmur. Belə çıxır ki, digər əməkdaş T.Allahverdili özü buna yol vermişdir. Öz profilini başqasının istifadəsinə verilməsi qadağandırsa, deməli, pozuntunu İddiaçı deyil, Allahverdili etmişdir. Daha sonra, bu əməlin ümumiyyətlə, pozuntu olması heç bir dəlillə sübut olunmayıb. İddiaçı öz izahatında bu prosesi adi işçi qaydasında baş verdiyini vurğulayır, bunun pozuntu olduğunu qeyd etmir. Ən əsası isə vurğulayır ki, bu, qısamüddətli olub və bununla hər hansı pozuntu etmək də mümkün deyildi. Əmrdə qeyd olunur ki, guya iddiaçı müştərilərə növbəsiz olaraq xidmət göstərmişdir. Bununla da bağlı İddiaçı Məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki cəhd edib. Məhkəməyə bir neçə videogörüntü təqdim edilib, amma onlarda bu pozuntunun baş verməsi təsdiqini tapmadı. İddiaçının əvvəlki dövrlərdə yol verdiyi pozuntulara istinad olunması, bunun qabardılması acizlik əlamətidir. Aydın məsələdir ki, təcrübədə işdən azad olunma ilə nəticələnməyən hər hansı intizam tənbehinə işçi, adətən, etiraz etmir. İddiaçı da etməyib, halbuki əvvəlki “pozuntular”ın da tarixi birmənalı deyil: ən azı ona görə ki, həmin “pozuntular” elə İddiaçının rəhbərliyinin göstərişi ilə baş verib. Halbuki, həmin pozuntular olubsa belə, İddiaçı məsuliyyətə cəlb olunub: ona hətta töhmət də verilib. Həmin əməllər guya sonradan baş vermiş pozuntuların sübutu qismində çıxış edə bilməz. Daha sonra, Cavabdehin hansısa müştəri R.Nəsrullayevin müraciəti barədə Məhkəməyə çoxsaylı məlumatlar və sənədlər təqdim etməsi yolverilməz fənddir. Cavabdeh Əmrdəki əsaslarını sübut edə bilmədiyi üçün faktiki olaraq İddiaçının korrupsiya əməlinə eyham vurur. Lakin bunu nəinki sübut edə bilməyib, ümumiyyətlə hətta həmin müştəri R.Nəsrullayevə cavab da verməyib. Nəhayət, hər bir halda İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi sırf Əmrdəki əsaslarla qiymətləndirilə bilər. Lakin Qətnamədə həmin əsasların hansılarının və niyə doğru olduğunu qeyd olunmur. Qətnamədə qeyd olunur ki, “Həmkarlar xx.xx.2023-cü il tarixli 110 nömrəli iclas protokolundan çıxarışdan göründüyü kimi, qeyd olunan məsələ X1 Rəyasət Heyətinin iclasının gündəliyinə çıxarılaraq müzakirə edilmiş və X3 Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir.” Lakin həmin çıxarışdan iclasın, həqiqətən, keçirildiyi bəlli olmur. Belə ki, çıxarışda iclasda iştirak etmiş şəxslərin adları belə göstərilməyib. Bu cür protokol/çıxarış sağlam məntiqə və təşəkkül tapmış təcrübəyə uyğun deyil. İclas iştirakçılarının adı göstərilmədir. Əks halda, belə çıxır ki, anonim sənəddir. Ən əsası isə belə sənədi asanlıqla saxtalaşdırmaq olar və etimad doğurmur. Bu şübhələri artıran məqam həm də odur ki, guya iclas Əmrlə eyni gündə keçirilib və guya İddiaçı orada iştirak etməyib. Halbuki iştirak etməyib. X5 Cavabdehin Baş ofisində yerləşir, İddiaçı isə filialda çalışıb.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi (əmək müqaviləsinə xitam verildiyi vaxt qüvvədə olan redaksiyada)
10. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
11. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
12. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.
13. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
14. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
15. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
16. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)
17. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
18. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
19. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
20. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
21. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə ilk növbədə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
31. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
32. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
33. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.
34. Hazırki iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi yekun məhkəmə aktı çıxarılan zaman həmin ərizəyə, ümumiyyətlə, münasibət bildirməmiş, işə sırf mahiyyəti üzrə baxaraq iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Buna görə də qanunvericiliyin tələblərinə əsasən kollegiya ilk növbədə iddia müddəti ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir.
35. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?
36. İş materiallarında olan "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli 2986k nömrəli əmrindən bəlli olur ki, xx.xx.2023-cü il tarixində X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
37. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Kollegiya ilk növbədə iddiaçının sözügedən maddənin tələblərinə əsasən qeyd olunan bütün sənədlərin verilməsi halında iddia müddətinin başlanmasının mümkünlüyünə dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması yetərli hesab olunmuşdur. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir.
39. Hazırki işin materiallarındakı hesabdan çıxarışdan da göründüyü kimi işçiyə onunla bağlanılan əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulan tarixdə, yəni xx.xx.2023-cü il tarixdə son haqq-hesab məbləği köçürülmüş, bu hal iddiaçının nümayəndə və vəkili tərəfindən də təkzib olunmamışdır.
40. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6-2-40/2-27058/2023 saylı məktubdan görünür ki, işəgötürən tərəfindən X3 ünvan 1 ünvanına (iddia ərizəsində də qeyd edilən ünvan) onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi, həmin iş gününün sonunadək onun əmək kitabçasını təhvil almadığı bildirilmiş, qısa müddət ərzində Banka yaxınlaşaraq əmək kitabçasını təhvil alması xahiş olunmuş, sözügedən məktub sonuncunun atası tərəfindən təhvil alınmışdır və bu barədə poçt qaiməsi də iş materiallarında mövcuddur.
41. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən olunur ki, istər iddiaçıya son haqqhesabla bağlı ödənişin olunması, istərsə də əmək kitabçasının təhvil alınması ilə bağlı məktubun çatdırılması aspektindən baxıldıqda, hər bir halda iddiaçının Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır.
42. Lakin iş materiallarında olan və iddiaçı tərəfindən göndərilən mediasiya prosesi barədə təklifdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və həmin təklif Banka xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla da “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.6 və 35.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddətinin axımı mediasiya barədə arayış alınacağı vaxtadək dayandırılır. Həmin tarixlərə əsasən müəyyən olunur ki, iddiaçının yuxarıda qeyd edildiyi kimi ən geci xx.xx.2024-cü il tarixdə hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə göndərməsinə qədər 9 aya yaxın vaxt keçmişdir.
43. Bu da o deməkdir ki, artıq bundan sonra mediasiya prosesinin başladılması üçün mediatora nə zaman müraciət etməsinin, mediasiya sessiyasının nəticələri barədə arayışı nə zaman almasının və məhkəməyə nə zaman müraciət edilməsinin müəyyənləşdirilməsinin iddianın həllinin ona münasibətdə nəticəsinə hər hansı dəyişikliyi olmayacaqdır və elə bu qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir.
44. Həmin müddətin ötürülməsinə dair üzrlü səbəblərin olub-olmamasına münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.
45. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.
46. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməli, apelyasiya şikayəti qalan hissələrdə təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4301/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev