Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-948/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(004)-5309/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, vətəndaş Əliyev (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X9 arasında qohumluq münasibətləri faktının (onun övladı olması haqqında) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) 20 oktyabr 2021-ci il tarixli 2(004)-5309/2021 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, ərizədə qeyd olunan faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsinin mümkün olması və s. kimi əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayənəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, ərizədə və orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, həmçinin bildirmişdir ki, hazırda ərizəçinin yaşadığı ev onun ulu nənəsi Soltan Nurulla qızına məxsus olmuş və onun adına verilmiş qeydiyyat vəsiqəsi tarixsiz olmuşdur. Soltan Nurulla qızının yeganə vərəsəsi oğlu Əliyev Ağababa (bəzi sənədlərdə Əliyev Ağabala kimi göstərilmişdir) olmuşdur. Lakin sonuncunun doğum aktı olmadığına görə onun miras qoyanın oğlu olması faktı müəyyən oluna bilməmişdir. Bununla bağlı Dövlət Arxivinə, eyni zamanda Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğular verilmiş, lakin bu barədə hər hansı sənəd aşkar olunmamışdır. Əldə edilmiş bəzi sənədlərə əsasən ərizəçinin ata nənəsi Pikənin Ağababanın qızı olması, Soltan Nurulla qızının 1942-ci ildə ölməsi (Dövlət Arxivindən ölüm haqqında şəhadətnaməsinin surəti təqdim edilmişdir) faktları müəyyən edilə bilmişdir. Odur ki, qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ərizənin təmin olunmasını xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, verdiyi sorğulara cavab olaraq Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən nə Soltan Nurulla qızının, nə də oğlu Ağababanın ölüm və doğum aktlarının aşkar olunmadığı qeyd olunmuşdur. Lakin X1 ölüm haqqında şəhadətnamsinin surətini tapmaq mümkün olmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 10.08.2020-ci il tarixli cavab məktubunda vətəndaş Ağababa Əliyevin doğum yerləri haqqında dəqiq məlumat verilmədiyi üçün sorğunun icrasının mümkün olmaması qeyd olunmuşdur. Sorğu verilən vaxtı onlarda Ağababa Əliyevin doğum yerləri haqqında məlumat olmamışdır, lakin hazırda həmin yerləri dəqiqləşdirmişlər. Bu səbəbdən də yenilən müvafiq sorğu ilə müraciət etmək niyyətindədirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Xuraman Əliyeva rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, məruzəni və izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Xidmətinin 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat ofisinin notariusu Xuraman Əliyevaya ünvanladığı 14.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 5, 12, 19 saylı Dövlət Notariat Ofisləri tərəfindən arxivə təhvil verilmiş 1956-2008-ci illərə aid vərəsəlik işlərinə və Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş vərəsəlik işlərinin əlifba kitablarına keçirilərkən X4 və Ağabala Əliyevin adlarına hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir. Bundan sonra, Ərizəçi 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, mərhum Soltan Nurulla qızından miras qalmış əmlaka vərəsəlik işinin açılmasını xahiş etmiş və 22 yanvar 2020-ci il tarixli 110 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, mərhum Soltan Nurulla qızının və onun oğlu Əliyev Ağabala oğlunun ölüm faktını təsdiqləyən ölüm haqqında şəhadətnamə olmadığı üçün vərəsəlik işinin açılması halhazırda mümkün deyildir. Səbail rayon Qeydiyyat şöbəsinin 13.03.2020-ci il tarixdə vəkil sorğusuna göndərilmiş cavab məktubunun surətindən görünür ki, Soltan Nurulla qızının və Əliyev Ağababanın “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Soltan Nurulla qızının və Əliyev Ağababanın doğum faktı, valideynlərinin ölümü, övladları və nikah haqqında akt qeydi aşkar olunmamışdır. X2 aid 30/105 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 25.10.2021-ci il tarixli, DA-01735-2021 saylı arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Səbail rayonu üzrə ölüm haqqında qeydiyyat kitabında 08.12.1942-ci ildə Soltan Nurulla qızının vəfatı qeyd olunur. İİ-İE seriyalı 392154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Soltan Nurulla qızı 08.12.1942-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum Əliyev X10 aid AZ seriyalı 180345 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, o, 02.07.1924-cü ildə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 18.06.2020-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-1930-cu illərə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında bərpa kitablarında 03 mart 1928- ci ildə X7 təvəllüdü qeyd olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 10.08.2020ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Əliyev Ağababa və vətəndaş X8 doğum yerləri haqqında dəqiq məlumat verilmədiyi üçün sorğunun icrası mümkün olmamışdır. Hazırda ərizəçi qeyd olunanlara istinad edərək, yaşadığı ünvan 4 ünvanında yerləşən evə vərəsəlik hüququnun tanınması məqsədilə həmin evin mülkiyyətçisi olmuş ulu nənəsi X11 ilə onun oğlu Əliyev Ağababa (Ağabala) Mirzə Murad oğlu (atasının babası) arasında qohumluq faktının müəyyən edilməsini xahiş edir. MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci və 307.2.1-ci maddələrinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır (bənd 1.6). Baxılan işin yuxarıda sadalanan hallarından isə görünür ki, ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri ala bilməməsini təsdiq edə bilməmişdir. İlkin olaraq qeyd edilməlidir ki, Səbail rayon Qeydiyyat şöbəsinin 13.03.2020-ci il tarixdə vəkil sorğusuna göndərilmiş cavab məktubunun surətində Soltan Nurulla qızının və Əliyev Ağababanın doğum, ölüm və s. akt qeydlərinin aşkar olunmaması göstərilsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 25.10.2021-ci il tarixli, DA-01735-2021 saylı arxiv arayışı ilə 08.12.1942-ci ildə Soltan Nurulla qızının ölüm akt qeydinin mövcudluğu müəyyən olunur. Bununla yanaşı, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin vəkil sorğusuna ünvanladığı 10.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Ağababa Əliyevin doğum yeri haqqında dəqiq məlumat verilmədiyi üçün sorğunun icrası mümkün olmamışdır. Göründüyü kimi, cavab məktubunda vətəndaş Ağababa Əliyevin doğum akt qeydinin arxiv sənədlərində ümumiyyətlə mövcud olmaması göstərilməmiş, doğum yeri haqqında dəqiq məlumat verilmədiyi üçün sorğunun icrası mümkün olmamışdır. Ərizəçi isə məlumatları dəqiqləşdirməklə yenidən Azərbaycan Respublikası Dövlət Arxivinə müraciət etmədən, əsassız olaraq hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən olunması üçün müraciət etmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) həmin məsələyə münasibətdə göstərmişdir ki, sorğu verilən vaxtı onlarda Ağababa Əliyevin doğum yerləri haqqında məlumat olmamış, lakin hazırda həmin yerləri dəqiqləşdirmişlər. Bu səbəbdən də yenilən müvafiq sorğu ilə müraciət etmək niyyətindədirlər. Beləliklə, aydın olur ki, ərizəçi lazımi sənədləri ala bilməməsini (yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü) təsdiq edən sübutları tam göstərməmiş və həmin sübutlar ərizəyə əlavə olunmamışdır. Belə olan halda isə, MPM-in 259.0.12-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Həmin maddəyə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Birinci instansiya məhkəməsi isə, prosessual nomaların tələblərini tam yoxlamadan işə mahiyyəti üzrə baxaraq, ərizənin rədd olunması barədə qənaətini belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən vətəndaş Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlu ilə miras qoyan X9 arasında qohumluq faktının, yəni onun övladı olması faktının müəyyən edilməsi üçün mötəbər sübutlar mövcud olmadığından onlar arasındakı qohumluq münasibətləri barədə hüquqi əhəmiyyətli faktı təsdiq etmək mümkün olmamışdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. İzah edilməlidir ki, ərizəçi qanunvericiliyn tələblərinə tam riayət etdikdən sonra, buna zərurət yarandığı təqdirdə yenidən hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciə etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(004)-5309/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(004)-5309/2021 saylı qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-948/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-948/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver