Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-949/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: mənzildən istifadə hüququnun tanınması, mənzilə köçürülmə X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3746/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə X6 arasında xx.xx.2014-cü tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından xx.xx.2015-ci il tarixdə X5 doğulmuşdur. Tərəflər arasında nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 1265/2021 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında qalmışdır. Nikaha daxil olduqdan sonra iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 174 saylı evin, 16 saylı mənzilinə köçmüş və 2020-ci ilin sonunadək Cavabdeh (bundan sonra cavabdeh), əri və uşağı ilə birlikdə həmin evdə yaşamışdır. Cavabdeh iddiaçının keçmiş qayınatasıdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun övladı, xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 174 saylı evin, 16 saylı mənzilinə köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdehin oğlu ilə nikahları pozulduqdan sonra sonuncu onu əsassız olaraq həmin mənzilə yaşamağa buraxmamış və əsassız olaraq yaşamaq hüququndan qeyri-qanuni olaraq məhrum edilmişdir. Bu səbəbdən azyaşlı uşağı ilə birlikdə sığınacaqda və sonradan isə kirayədə yaşamağa məcbur qalmışdır. Onun özünü və övladını daimi, yaxud da müvəqqəti yaşayış yeri ilə təmin etməyinə imkanı çatmır. Hətta cavabdehin oğlu aliment öhdəliklərini vaxtında yerinə yetirmir. Ümumiyyətlə, keçmiş qayınatasının və oğlunun yəni, keçmiş həyat yoldaşının əlbir olaraq onu və azyaşlı uşağını mənzildən qovmaqda və yaşamağa imkan verməməkdə əsas səbəbi onun gəlin köçdüyü evi, mənzili satmaq niyyətləridir. Həmin ərazilər plana düşdükdən sonra o, mənzildən uşaqla birlikdə qovulmuş, onun ailəsində söz-söhbətlər səngiməmişdir. Nəticədə onu yaşadığı mənzildən qovmuşlar.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3746/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X7)
5. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı iş üzrə Cavabdeh övladı X6 ilə nikaha daxil olmuş, 2014-cü ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi 174 ünvanında yerləşən 16 saylı mənzilə köçərək orada yaşamışdır. İddiaçı X6 ilə birgə nikahından olan övladı X5 da digər ailə üzvləri birlikdə mübahisəli yaşayış sahəsində yaşamışlar. Lakin İddiaçı ilə X6 arasında olan nikaha 2021-ci ildə xitam verildikdən sonra İddiaçı mübahisəli yaşayış sahəsini tərk edərək başqa yaşayış sahəsindən istifadə etməyə başlamışdır. İddiaçının istinad etdiyi kimi onun keçmiş qayınatasının, hazırkı iş üzrə cavabdehin razılığı ilə mübahisəli mənzilə köçərək yaşaması və pasport qeydiyyatına alınması onun mülkiyyətçinin oğlu ilə nikah münasibətlərinə xitam verildikdən sonra həmin mənzildən istifadə hüququnun saxlanmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin yaşayış yerində pasport qeydiyyata alınması informativ xarakter daşıyır və onun yaşayış yerində hər hansı mülkiyyət hüququnun yaranmasına əsas vermir. Həmçinin, iddiaçı həmin mənzilin onların yeganə yaşayış sahəsi olmasına dair ötən 3 il ərzində tələb irəli sürməmişdir. Göründüyü kimi, iddiaçının həmin mənzildən istifadə hüququ yoxdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilə köçürülmə, mənzildən istifadə hüququnun bərpa olunması barədə tələbləri əsassızdır və təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-14-cü, 77.1-ci, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun və qanunvericiliyin bir sıra müddəalarına istinad etməklə əsaslandırmış və əlavə olaraq, bildirmişdir ki, o, cavabdehin notarial qaydada razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, ilk növbədə ümumiyyətlə iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarının yaranıbyaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir.
21. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin gəlinidir. Mübahisəli mənzilə dair cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı iş materiallarına heç bir sübut əlavə edilməmişdir. İddiaçı öz tələbində mübahisəli mənzilin cavabdehin (qayınatasının) mülkiyyətində olduğuna və onun tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizə ilə mənzilə qeydiyyata alındığında istinad edir. Məhkəmə kollegiyası işin halları ilə mübahisəli mənzilin cavabdehin mülkiyyətində olub-olmamasının aşkar olunmadığını nəzərə alaraq, hazırki mübahisəyə iki aspektdən yanaşaraq (1. Mübahisəli mənzilin cavabdehin mülkiyyətində olması; 2. Mübahisəli mənzilin özbaşına tikinti olaraq cavabdehə məxsus olması) hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdehin oğlu arasında nikah xx.xx.2014-cü tarixdə bağlanmış, bundan sonra iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 174 saylı evin, 16 saylı mənzilinə köçmüşdür. Müddət etibarı ilə iddiaçı nikah bağlandığı 2014-cü ildən başlayaraq, xx.xx.2020-ci il tarixədək (iddiaçının mənzildən məhz bu tarixdə çıxaırlması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1265/2021 saylı Qətnaməsinin təsviri hissəsində göstərilmişdir) mübahisəli mənzildə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 ilə birlikdə yaşamışdır. Hazırda iddiaçı birgə nikahdan doğulmuş övladı ilə birlikdə mənzildən istifadə hüququnun tanınmasını (bərpa edilməsini) və həmin mübahisəli mənzilə köçürülməsini tələb edir.
23. Bununla belə, iddiaçı ilə cavabdeh (qayınatası) arasında mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 2014-cü ildə yaranması səbəbindən hazırki mübahisə xx.xx.2009-cu il tarixdən qüvvədə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməklə həll edilməlidir.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti, o cümlədən yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli Qərarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” və “digər qohumlar” prizmasından yanaşılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” hesab edilməsi üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları və ya valideynləri olması və onunla birlikdə yaşaması tələb olunur. Həmin maddənin 2-ci cümləsində təsit edilmiş “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Fəsildə isə ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhdəlikərinin əsasları müəyyən edilir.
25. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı cavabdehin “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Mövcud olmayan hüququn bərpa edilməsindən (belə ki, iddiaçı iradəsinə zidd evdən qovulduğunu bildirir) isə söhbət gedə bilməz. Hüquqi nəticə etibarı ilə iddiaçının ümumiyyətlə mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin cavabdehin mülkiyyətində olması halında iddia tələbi əsassızdır və təmin edilə bilməz.
26. Məhkəmə kollegiyası mübahisəli mənzilin hüquqi vəziyyətinə görə özbaşına tikinti olması halına münasibətdə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçürülübköçürülməməsinin mümkünlüyü bilavasitə iddiaçının həmin mənzilin alınmasına və ya onun dəyərinin əhəmiyyətli dərəcədə artmasına (əsaslı təmir və sair) hər hansı vəsait (şəxsən özünün və ya birgə nikah dövründə keçmiş ərinin əldə etdiyi vəsait hesabına) sərf etməsindən asılıdır. Belə ki, iddiaçının rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə köçməsi və mənzildən çıxarıldığı xx.xx.2020-ci il tarixədək orada yaşaması, habelə himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz.
27. Lakin mübahisəli mənzilin iddiaçı ilə cavabdehin oğlunun birgə (gəlirləri) vəsaiti hesabına alınması, o cümlədən mənzilin yaxşılaşdırılması üçün iddiaçının (şəxsən özünün və ya birgə nikah dövründə keçmiş ərinin əldə etdiyi) hər hansı məbləğdə vəsait sərf etməsi müəyyən edilməmişdir. İddiaçı nikaha daxil olduqdan sonra artıq mövcud olan mənzilə köçmüş və orada yaşadığı dövrdə onun keçmiş əri və ya özü tərəfindən orada hər hansı yaxşılaşdırma, o cümlədən əsaslı təmir işlərinin aparılması müəyyən edilmir. İddiaçının mübahisəli evə köçməsi və orada yaşaması nəticə etibarı ilə həmin evdə yaşayan şəxslərin könüllü razılığı əsasında olmuş və onunla cavabdehin oğlu arasında bağlanmış (bu baxımdan iddiaçı cavabdehin deyil, onun oğlunun ailə üzvü olmuşdur, nikahın pozulması səbəbindən onun artıq hazırda mövcud olmayan bu statusu isə mübahisəli mənzilə köçmək üçün əsas ola bilməz) nikah münasibətlərinə söykənmişdir. Hazırda isə cavabdeh onun həmin mənzilə köçürülməsinə razı deyil (iddiaçı özü də bildirir ki, evdən onu çıxarmışlar). Bu səbəbdən iddiaçının 2014-2020-ci illərdə mənzildə yaşaması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz və iddiaçının cavabdeh tərəfindən mənzilə buraxılmaması onun bu mənzildən yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir.
28. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, iddiaçının maddi imkanının olmaması, hazırda kirayə əsaslarla başqa bir yaşayış sahəsində yaşamaq məcburiyyətində qalması da onun mübahisəli mənzilə köçürülməsinə hər hansı əsas yaratmış olmur. Nəzərə alınmalıdır ki, iddiaçının bu mənzili 2020-ci ildə tərk etməsinə baxmayaraq, hazırki iddia ilə həmin tarixdən 4 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi də onun bu mövqeyinin əsassız olduğunu təsdiq edir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, iddiaçı ilə cavabdehin oğlunun birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X5 da həmin mənzildə yaşamışdır. Onların arasında bağlanmış nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış, hazırda da onun himayəsindədir. Bu baxımdan iddiaçının həmin mənzilə köçürülməsi üçün hər hansı əsasın olmaması uşağa münasibətdə də eyni hüquqi nəticələr yaratmış olur. Belə ki, uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil. Onun bu mübahisə üzrə hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni mövcud vəziyyətdə iddiaçı (anası) qoruyur. Bu səbəbdən həmin uşağın cavabdehin nəvəsi olmasına baxmayaraq, onun da həmin mənzilə köçürülməsi üçün hər hansı əsas yoxdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3746/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.